İcra başçısı rayonlararası psixiatriya xəstəxanasında aparılan təmir işləri ilə tanış olub
Respublikamızda
qayğıya ehtiyacı olan insanlar daim diqqət mərkəzində saxlanılır. Hər kəsə məlum
olduğu kimi, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın
rəhbərliyi ilə fond tərəfindən kimsəsiz uşaqlara, qocalar evində
məskunlaşanlara, fiziki qüsurlu insanlara, ümumiyyətlə bu qəbildən olan bütün
Azərbaycan vətəndaşlarına dünyada analoqu olmayan qayğıkeşlik və həssaslıq
nümayiş etdirilir. Ölkə başçısı İlham Əliyev tərəfindən bu təbəqədən olan
insanların yaşayış şəraitinin yaxşılaşdırılması, daim qayğı ilə əhatə olunması
üçün görülən işlərin miqyası isə ölçüyə gəlməz və sadalamaqla bitməz.
Qazax rayonunda
da son illərdə rayon rəhbərliyi tərəfindən saysız-hesabsız təqdirəlayiq, xalq
tərəfindən yüksək qiymətləndirilən xeyirxah əməllər həyata keçirilir. Hələ ötən
yazılarımızda Qazax rayonlararası psixiatriya xəstəxanasında əsaslı şəkildə
təmir işlərinin aparılması barədə məlumat vermişdik.
Son iki il
yarımdır ki, bu tibb müəssisəsi Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşovun diqqət və qayğısı sayəsində gündən-günə öz simasını dəyişir. Ötən
ildən start götürən bu təmir işləri bu il də davam etdirilir. Belə ki, tibb
müəssisəsi əsaslı şəkildə təmir olunur.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mütəmadi olaraq
bu tibb müəssisəsinə baş çəkir, buradakı son vəziyyətlə maraqlanır.
İcra başçısı bu gün də rayonlararası
psixiatriya xəstəxanasında olub. Burada aparılan təmir işləri ilə
yaxından tanış olaraq xəstəxanaya baxıb. Tibb müəssisəsinin təmirdən əvvəlki və
sonrakı vəziyyətini özündə əks etdirən stendlə tanış olub.
Tibb müəssisəsinin
baş həkimi Ramiz Mansurov bildirib ki, 100 çarpayılıq bu tibb ocağı 1962-ci
ildən fəaliyyət göstərir. 1979-cu ildən isə qeyd olunan müəssisəyə rəhbərlik
edir. Həmin dövr ərzində xəstəxanada demək olar ki, heç də normal təmir işləri
aparılmamışdır. Qeyd edib ki, Siz Qazax rayonuna rəhbər kimi təyin olunduqdan
sonra rayonun əksər idarə və müəssisələrinə, o cümlədən Qazax
rayonlararası psixiatriya xəstəxanasına baş çəkdiniz. Xəstəxanadakı bərbad
və dözülməz vəziyyəti gördükdə dərhal təmirlə bağlı müvafiq qurumlara ciddi
tapşırıqlar verdiniz. Elə həmin günün səhəri müəssisədə sürətli təmir işlərinə
start verildi.
İlk öncə
tamamilə yararsız vəziyyətdə olan qazanxana binası əsaslı təmir olunaraq bütün
lazımi avadanlıqlarla təchiz olundu. Xəstəxana mərkəzləşmiş istilik sistemi ilə
təmin olundu. Müəssisədə daimi isti və soyuq suyun təminatı həyata keçirildi.
Kanalizasiya sistemi tamamilə yeniləndi. Sanitar qovşaqlar əsaslı təmir
olunaraq istifadəyə verildi. Binanın dam örtüyündə lazımi təmir işləri
aparıldı. Yeməkxana yüksək səviyyədə təmir olunaraq yeni avadanlıqlarla, mətbəx
hissəsi isə təzə qab-qacaq dəsti və soyuducularla təmin olundu.
Baş həkim qeyd
edib ki, xəstəxana iki növbəli fəaliyyət göstərir. Belə ki, qadın və kişilər
yeməkxanaya ayrı-ayrılıqda daxil olurlar. Xəstəxananın 1-ci və 2-ci mərtəbəsi
tam təmir olunaraq istifadəyə verilmişdir. Əsas binanın 1-ci və 2-ci mərtəbəsi
arasındakı qəza vəziyyətində olan pilləkən yenilənmişdir. Bundan başqa, tibb
müəssisəsinin həyətindəki əvvəlki səliqəsizlik və antisanitar vəziyyət aradan
qaldırılaraq 120 ədəd cürbəcür meyvə ağacları, binanın digər tərəfində isə 110
ədəd müxtəlif növ bəzəkli ağac və gül kolları əkilərək lazımi aqrotexniki
qulluq göstərilir. Bunlarla yanaşı həyətdə voleybol meydançası
quraşdırılmışdır. Vaxtaşırı xəstəxana yumşaq və bərk inventarlarla təmin
olunur.
Baş həkim onu
da bildirib ki, sizin 8 Mart - Beynəlxalq Qadınlar Bayramı günündə xəstəxanaya
gələrək müəssisənin qadın əməkdaşlarını, eləcə də xəstə qadınları təbrik
edərək, onlara gül dəstələri və qiymətli hədiyyələr təqdim etməyiniz, bu hal
xəstəxana tarixində ilk hadisə kimi hər kəsin böyük sevincinə səbəb oldu.
Bu gün xəstələrin
qidalanmasına yaradılmış xüsusi komissiya nəzarət edir. Xəstələr daim mövsümi
meyvələrlə, istədikləri yeməklərlə təmin olunurlar. Bu isə insan qayğısına və
nəvazişinə hamıdan çox ehtiyacı olan insanlara dövlətin ayırdığı qayğı deməkdir.
Bu gün burada müalicə alan xəstələr bu qayğını Sizin sayənizdə yaxından hiss edirlər.
Baş həkim hazırda tibb
müəssisəsində təmir işlərinin aparıldığını və işlərin sürətlə davam
etdirildiyini də qeyd edib.
Baş həkim öz adından,
rəhbərlik etdiyi kollektiv və xəstələr adından xəstəxanaya göstərdiyi hədsiz
diqqət və qayğıya görə icra başçısına dərin təşəkkürünü bildirib.
İş icraçısı
Oruc Vəliyev rayon rəhbərliyinə məlumat verərək bildirib ki, xəstələr üçün
ayrılmış görüş otağı əsaslı şəkildə təmir olunur. Otağın dam örtüyü, qapı və
pəncərələri dəyişdirilib. Köhnə suvaq sökülərək yenisi ilə əvəz olunub.
Xəstələrin rahat şəkildə müalicə almaları üçün hər cür şərait yaradılır. Qeyd edib ki,
nəzərdə tutulan işlərin çox hissəsi demək olar ki, görülüb.
Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova da
səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərinə minnətdarlığını
çatdırıb.
Təmir işləri ilə yaxından tanış olan rayon rəhbərliyi işlərin sürətlə
və keyfiyyətlə aparılmasını tapşırıb. Qeyd edib ki, nəinki psixiatriya xəstəxanası,
eləcə də rayonun bütün tibb müəssisələri tələb edilən səviyyədə olmalı,
insanlara yüksək səviyyədə səhiyyə xidməti göstərilməlidir. Eyni zamanda, müalicə olunan
hər bir xəstəyə həssaslıqla, diqqət və qayğı ilə yanaşılmalıdır.
GOYEZEN.AZ
Facebook-da paylaş