Qazaxda 21 Fevral - Beynəlxalq Ana Dili Günü qeyd olunub
Fevralın 19-da Qazax Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimiz milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.
Qazax Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, idarənin əməkdaşları, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, bölmənin üzvləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, gənclər iştirak ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Ə.Məsmayılyev qeyd edib ki, fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il qeyd olunan Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Natiq çıxışında Azərbaycanda ana dilinin hərtərəfli inkişafı üçün Ulu Öndər Heydər Əliyev, onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən görülmüş işlərdən geniş bəhs edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. C.Rüstəmov çıxışında Azərbaycanda ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması sahəsində görülmüş işlərdən, həyata keçirilən tədbirlərdən söz açıb. Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafı sahəsində görülmüş işlərin dilimizin gözəl bilicisi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, bu sahədəki uğurların dahi şəxsiyyətin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsi olduğunu söyləyib. Bu siyasətin əsasının hələ 1969-cu ildə qoyulduğunu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində çıxış etdiyini diqqətə çatdırıb. Az keçməmiş bu dilin dövlət əhəmiyyətli tədbirlərə də yol açdığını qeyd edib. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsinin isə həmin dövr üçün əhəmiyyətli hadisə olduğunu bildirib. Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Tədbir iştirakçılarından Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, bölmənin Ədəbi məsləhətçisi Mustafa Rasimoğlu, Hüsey Arif Ədəbi məclisinin sədri Saqif Qaratorpaq, BDU-nun Qazax filialının müəllimi, Filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova, filialın tələbəsi Tərlan Aslanlı çıxış edərək bildiriblər ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Bu bir həqiqətdir ki, hər bir dil özündə bir tarix yaşadır. Doğma Azərbaycan dili də bizim keçmişimiz, bu günümüz və sabahımızdır. Bütün dünya dövlətlərində olduğu kimi 21 Fevral - Beynəlxalq Ana Dili Günü ölkəmizdə də qeyd olunur.
Çıxışlarda bildirilib ki, 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi dilimizin dövlət dili kimi işlədilməsi, tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Həmin Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Mərkəz fəaliyyətə başladığı ilk gündən Azərbaycan dilinin düzgün tətbiqi və təbliği məqsədilə ardıcıl tədbirlər keçirir.
Tədbirdə BDU-nun Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri Azər Hacılı, Sədrəddin Şəmiyev, Səma Axundova və Zümrüd Əliyevanın ifalarında Sabir Rüstəmxanlının "Sağ ol, Ana dilim", Bəxtiyar Vahabzadənin “Ana dili”, Xəlil Rza Ulutürkün eyni adlı şeirləri səsləndirilib.
Facebook-da paylaş