• Təqvim

  • Unutma

  • Maraq



Qazaxlı gənclər Vətən müharibəsi şəhidi çavuş Elməddin Nəsibovun doğum günündə məzarını ziyarət ediblər

Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------------------


Avqustun 8-i Vətəni, torpaqlarımızın azadlığını, ərazi bütövlüyünü canından üstün tutaraq Şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidi çavuş Nəsibov Elməddin Yusif oğlunun cənnətdəki növbəti doğum günüdür.

Yaşasaydı bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra “Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” , “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Elməddin Nəsibovun 39 yaşı tamam olacaqdı... 

"Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları və könüllüləri qəhrəman şəhidimizin doğum günündə Ağköynək kəndində olub, igid Vətən oğlunun məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə qərənfillər düzərək əziz xatirəsini hörmət və ehtiramla anıblar.


Şəhid Elməddin Nəsibov 8 avqust 1983-cü ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1990-cı ildə Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2001-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Orta təhsilli idi. 2001-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2003-cü ilin aprel ayında tərxis olunmuşdur.

12 may 2014-cü il tarixdən 28 iyun 2014-cü tarixədək “N” saylı hərbi hissədə “Pulemyot manqa komandiri” ixtisası üzrə tam kurs keçmişdir. 28 iyun 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə olmuşdur. “N” saylı hərbi hissənin komandiri olmuşdur. 27 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 29 oktyabr 2020-ci ildə Qazax rayon Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Nəzrin və Nigar adlı iki qız övladı yadigar qalıb. 


Bütün şəhidlərimiz kimi Elməddin Nəsibovun da göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Medallarla təltif olunan şəhidlərimizin arasında şəhidimizin də adı var. Elməddin Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Qəhrəman şəhidimizin doğulduğu kənddə evinə gedən yolda adını əbədiləşdirən bulaq inşa olunmuşdur.

GOYEZEN.AZ



Facebook-da paylaş