Qazaxlı gənclər Vətən müharibəsi şəhidi İlkin Əliyevin məzarını ziyarət ediblər
Şəhidlərimizi tanıyaq və
tanıdaq------------------------------------------------- 2020-ci
ilin 27 sentyabrı Azərbaycan xalqının yaddaşına bizi böyük Qələbəyə, Zəfərə
aparan yolun başlanğıc tarixi kimi yazıldı. İllər ötsə belə həmin gün heç vaxt
unudulmayacaq. 30 illik həsrətdən sonra bizi Qarabağımıza, işğalda olan
torpaqlarımıza qovuşduran 44 günlük Vətən müharibəsi və müharibənin başlandığı
27 sentyabr günü hərb tariximizin şanlı salnaməsi kimi daim öyrəniləcək. Vətəndaş
olaraq Qarabağımızı, Şuşamızı, eləcə də işğalda olan digər torpaqlarımızı
düşmən tapdağından azad edən Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı
İlham Əliyevə, əsgər və zabitlərimizə minnətdar olmalı, qanları ilə dastan
yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və
yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur
duymalı, onları tanımalı və tanıtmalıyıq. Qazax
Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllüləri də Vətən uğrunda
canından keçən şəhidlərimizi hər zaman yad edir, əziz xatirələrini dərin
ehtiramla anırlar. Öz ənənəsinə sadiq qalan gənclər bu dəfə oktyabrın
13-də Vətən müharibəsi şəhidi əsgər Əliyev İlkin Bəxtiyar oğlunun məzarını ziyarət edib, qəhrəman
şəhidimizin məzarına tər qərənfillər düzərək əziz xatirəsini
ehtiramla anıblar.
Şəhidimizin
doğulub boya-başa çatdığı Canalı kəndində ata ocağında olub, şəxsi əşyalarından,
şəkillərindən ibarət guşə ilə tanış olaraq igid Vətən oğluna olan ehtiramlarını bildiriblər. Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar
Nəbiyev çıxış edərək qeyd edib ki, 44 günlük
Vətən müharibəsi dünya ictimaiyyətinə Azərbaycan Ordusunun nə qədər qüdrətli
ordu olduğunu bir daha nümayiş etdirdi. V.Nəbiyev bildirib ki, bütün dünya 44 günlük müharibədə şahidi oldu ki, Azərbaycan Ordusu
bu döyüşlərdə necə peşəkarlıq, qəhrəmanlıq və məharət göstərdi. 44
günlük Vətən müharibəsi öz ordusu haqqında yalanlar, miflər
uyduran Ermənistanın təbliğatına ciddi zərbə vurdu və yenilməz Ermənistan
ordusu mifini darmadağın etdi. Qazax Rayon Gənclər və İdman İdarəsinin müavini Sahib Namazov, şəhidin
məşqçi-müəllimi Tariyel Nəsibov, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbəsi,
gənc könüllü Xuraman Muradova çıxış edərək44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbənin heç bir zaman unudulmayacağını və gələcək
nəsillərə örnək olacağını bildiriblər. 44 günlük Vətən müharibəsində qanları
ilə tarix yazan İlkin kimi igid oğullarımızın xatirəsinin hər zaman əziz
tutulacağını, qəlblərdə əbədi yaşayacağını söyləyiblər. 30 illik həsrətdən
sonra düşmən tapdağında olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi
altında şanlı Ordumuz tərəfindən işğaldan azad olunduğunu, hər kəs tərəfindən
Qələbə, Zəfər dolu anların bu gün də qürur hissi ilə xatırlandığını qeyd ediblər.
Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və rayon
rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən dövlət
qayğısından söz açaraq bugünkü ziyarətin də məhz həmin qayğının davamı olduğunu
diqqətə çatdırıblar. Gələcək nəsillərə şəhidlərimizi tanıtmağın ən ümdə iş olduğunu
vurğulayıblar. Əsgər Əliyev İlkin Bəxtiyar oğlu
Şəhid
Əliyev İlkin Bəxtiyar oğlu 26 fevral 2001-ci il tarixdə Qazax rayonunun Canalı
kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax rayon Canalı kənd tam orta
məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2018-ci ildə həmin məktəbin 11-ci
sinifini bitirmişdir. Uşaqlıqdan idmana daha çox maraq göstərirdi, yunan-roma
güləşi ilə məşğul olurdu. Bir neçə dəfə birinci yerə çıxıb medallar da almışdı. 2019-cu
ilin 3 aprelində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə
həqiqi hərbi xidmətə çağrılmışdır. Vətən
müharibəsi başlayandan bir neçə gün sonra İlkin Əliyevin xidmət etdiyi batareya
müharibə bölgəsinə gətirilir. İlkinin döyüş yolu oktyabr ayının 2-dən Füzulidən
başlayıb. Sonra bu yol Qubadlıdan, Xocavənddən, Şuşa ətrafından, Laçından
keçib. "N” saylı hərbi hissənin artilleriya divizionun 1-ci
batareyanın, 1-ci tağımın 2-ci topun komandiri əsgər Əliyev İlkin Bəxtiyar oğlu düşmənin
texnikasının, canlı qüvvəsinin məhv edilməsində böyük igidlik və şücaət
göstərib. O, 14.11.2020-ci il tarixdə Xocavənddə
şəhid olmuşdur.16.11.2020-ci il tarixdə Hüseynbəyli kəndi ərazisində yerləşən
Şəhidlər qəbiristanlığında dəfn olunmuşdur. Subay idi. Əliyev
İlkin Bəxtiyar oğlu Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli
Sərəncamına əsasən "Vətən uğrunda", 25 dekabr
2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad
olunmasına görə", 24 iyun 2021-ci il tarixli
Sərəncamına əsasən "Laçının azad olunmasına
görə” medalları ilə təltif edilmişdir. GOYEZEN.AZ
Facebook-da paylaş