• Təqvim

  • Maraq



Qazaxlı gənclər Vətən müharibəsi şəhidi həkim tibb xidməti leytenantı Adil Əfəndiyevin məzarını ziyarət ediblər

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------------------


2020-ci ilin 27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşına bizi böyük Qələbəyə, Zəfərə aparan yolun başlanğıc tarixi kimi yazıldı. Qarabağ adlı haqq savaşımıza məhz o gündən başladıq və 44 gün davam edən savaşda şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Qələbə qazandı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. 10 noyabr tarixi yaddaşlara Zəfər Günü kimi yazıldı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyan 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini, güclü dövlət olduğunu bütün dünyaya bir daha göstərdi.

Bu gün bir vətəndaş olaraq hər birimiz Qarabağ torpaqlarının erməni hərbi birləşmələrindən təmizlənməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.


Qazax Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllüləri də Vətən uğrunda canından keçən şəhidlərimizi hər zaman yad edir, əziz xatirələrini dərin ehtiramla anırlar.  

Öz ənənəsinə sadiq qalan gənclər bu dəfə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan, ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun məzarıziyarət ediblər. Şəhidimizin məzarına gül dəstələri qoyularaq ruhuna dualar oxunub.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev bildirib ki, 44 günlük Vətən müharibəsidünya ictimaiyyətinə Azərbaycan Ordusunun nə qədər qüdrətli ordu olduğunu, hərbçilərimizin döyüşlərdəki peşəkarlığını, qəhrəmanlığını və məharətini göstərdi. V.Nəbiyev 30 illik həsrətdən sonra düşmən tapdağında olan torpaqlarımızın Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən işğaldan azad olunduğunu, hər kəs tərəfindən Qələbə, Zəfər dolu anların bu gün də qürur hissi ilə xatırlandığını qeyd edib. Böyük zəfəri bizlərə bəxş edən Adil kimi qəhrəman oğullarımıza bir ömür boyu borclu olduğumuzu, bütün şəhidlərimizin əziz xatirələrinin daim yad olunacağını, qəlbimizdə əbədi yaşayacaqlarını vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən dövlət qayğısından söz açan V.Nəbiyev bugünkü ziyarətin də məhz həmin qayğıya söykəndiyini, bu məqsəd və amala xidmət etdiyini diqqətə çatdırıb. Gələcək nəsillərə Adil kimi igid oğullarımızı tanıtmağın ən ümdə iş olduğunu söyləyib.


Qəhrəman şəhidimizin anası Afət Əhmədova övladının xatirəsini əziz tutduqlarına, yad etdiklərinə görə gənclərə razılığını bildirib. Şəhid anası kimi tək övladı Adillə deyil, bütün şəhidlərimizlə fəxr etdiyini dilə gətirib. Adilin tək qazaxlıların oğlu deyil, bütöv Azərbaycanın övladı olduğunu söyləyib. Bugünkü ziyarəti Adilin timsalında bütün şəhidlərimizə olan ehtiramın bariz nümunəsi kimi göstərib.







Tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlu


Şəhid Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinfinə daxil olmuş, 2012-ci ildə həmin məktəb-liseyin 11-ci sinfini bitirmişdir. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin "Hərbi həkim işi” ixtisasını bitirmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. "N” saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 25.10.2020-ci ildə Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”  29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.           





 

GOYEZEN.AZ



Facebook-da paylaş