• Təqvim

  • Unutma

  • Maraq



Qazaxlı gənclər Vətən müharibəsi şəhidi Tural Məmmədovun doğum günündə məzarını ziyarət ediblər

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


Azərbaycan xalqının yaddaşına bizi böyük Qələbəyə, Zəfərə aparan yolun başlanğıc tarixi kimi yazılan 2020-ci ilin 27 sentyabrı illər ötsə belə heç vaxt unudulmayacaq. 30 illik həsrətdən sonra bizi Qarabağımıza, işğalda olan torpaqlarımıza qovuşduran bu müharibə hərb tariximizin şanlı salnaməsi kimi daim öyrəniləcək. Vətəndaş olaraq Qarabağımızı, Şuşamızı, eləcə də işğalda olan digər torpaqlarımızı düşmən tapdağından azad edən Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə, əsgər və zabitlərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

Qazax Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllüləri də Vətən uğrunda canından keçən şəhidlərimizi hər zaman yad edir, əziz xatirələrini dərin ehtiramla anırlar.  

 

Öz ənənəsinə sadiq qalan gənclər bu dəfə sentyabrın 17-də 31 yaşı tamam olan Vətən müharibəsi şəhidi Məmmədov Tural Elxan oğlunun məzarını ziyarət ediblər. Qəhrəman şəhidimizin cənnətdəki ilk doğum gününü məzarı başında qeyd edib, məzarına tər qərənfillər düzərək əziz xatirəsini ehtiramla anıblar.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan Tural kimi igid oğullarımızın xatirəsinin hər zaman əziz tutulacağını, qəlblərdə əbədi yaşayacağını bildirib. 30 illik həsrətdən sonra düşmən tapdağında olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz tərəfindən işğaldan azad olunduğunu, hər kəs tərəfindən Qələbə, Zəfər dolu anların bu gün də qürur hissi ilə xatırlandığını qeyd edib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən dövlət qayğısından söz açan S.Namazov bugünkü ziyarətin də məhz həmin qayğının davamı olduğunu diqqətə çatdırıb. Gələcək nəsillərə şəhidlərimizi tanıtmağın ən ümdə iş olduğunu söyləyib.






Məmmədov Tural Elxan oğlu


Şəhid Məmmədov Tural Elxan oğlu 17 sentyabr 1990-cı ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 01.09.1997-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 03.10.2008-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır.01.04.2010-cu il tarixdə həqiqi hərbi xidmətini başa vuraraq tərxis olunmuşdur. 12.12.2016-cı il tarixdən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi kəşfiyyatçı-sanitar vəzifəsində xidmətə başlamışdır. 2017-ci ildə isə kəşfiyyatçı ixtisası üzrə imtahanları müvəffəqiyyətlə verərək sertifikat almış və 2018-ci ildən "N" saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı kimi xidmətini davam etdirmişdir. O, xidmətini daim döyüş bölgələrində keçirmiş, nizam-intizamlı, qorxmaz, mərd və cəsarətli olması ilə yoldaşlarından fərqlənmişdir. Tural öz peşəsini çox sevirdi, onunla nəfəs alırdı sanki. Gecə-gündüz bilməz, verilən tapşırıqları vicdanla və sevə-sevə yerinə yetirərdi. Ona görə də hərbi hissə komandanlığı tərəfindən Tural Məmmədovun xidməti həmişə yüksək qiymətləndirilirmiş, 2018-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif "N” saylı hərbi hissələrində xidmət edən, "Həmlə” taborunun kəşfiyyat bölüyündə döyüşən kəşfiyyatçı Tural Məmmədov Vətən müharibəsində igidcəsinə vuruşub. İkinci Qarabağ müharibəsi döyüşlərinin başladığı ilk günlərindən Kəlbəcər rayonunun "Murovdağ” istiqamətində gedən döyüşlərdə iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur. Şəhid Tural Məmmədov 12 dekabr 2020-ci il tarixdə Qazax rayonunun Qızılhacılı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. İki əkiz - Nihat adlı oğul, Nilay adlı qız övladı yadigar qalıb.


Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Tural Məmmədovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid əsgər Tural Məmmədov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Kəlbəcərin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.

Bu gün hər birimiz torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş Tural Məmmədov kimi oğullarımızla fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları qarşısında baş əyirik. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır. Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu!.





GOYEZEN.AZ



Facebook-da paylaş