Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyinə həsr olunmuş rayon məktəbliləri arasında keçirilən bilik yarışının qalibləri bəlli olub
Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı Respublika Prezidenti İlham Əliyev tərəfindən 28 yanvar 2019-cu il tarixli Sərəncamın imzalanmasından artıq 4 ay ötür. Ölkə başçısının Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim haqqında imzaladığı həmin Sərəncama əsasən respublikamızın hər yerində görkəmli ədibin yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir.
Prezident İlham Əliyevin İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamın icrasından irəli gələn vəzifələr görkəmli şəxsiyyətin doğulduğu Qazax rayonunda da uğurla icra olunur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən görkəmli şəxsiyyətin 100 illik yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması ilə bağlı 15 fevral 2019-cu il tarixli 9-21/34 nömrəli Sərəncamın imzalanması, həmin Sərəncama əsasən xüsusi Tədbirlər Planının hazırlanması bunun ən bariz nümunəsidir. Həmin Tədbirlər Planına uyğun olaraq Qazaxda silsilə tədbirlər təşkil olunur.
Tədbirlər Planında yer alan tədbirlərdən biri də Xalq yazıçısının 100 illik yubileyinə həsr olunmuş rayon məktəbliləri arasında bilik yarışının keçirilməsidir. Bilik yarışının keçirilməsində isə əsas məqsəd məktəblilərin Xalq yazıçısının həyat və yaradıcılığı haqqında bilik və bacarıqlarını artırmaqdır.
Ötən yazımızda qeyd etdiyimiz kimi, ilk olaraq 8 may 2019-cu il tarixdə S.Vurğun adına şəhər 2 saylı tam orta məktəbdə, 10 may 2019-cu il tarixdə isə İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbdə 23 təhsil müəssisəsinin yuxarı sinif şagirdlərinin iştirakı ilə bilik yarışlarının zona mərhələsi keçirilib.
Bu gün isə həmin tarixlərdə keçirilən yarışın nəticələrinə görə rayon mərhələsində iştirak etmək hüququ qazanan şəhər məktəblərindən S.Əfəndiyev adına 1 saylı, S.Vurğun adına 2 saylı, İ.Qayıbov adına 3 saylı tam orta məktəblər və M.Hüseyn adına məktəb-lisey, kənd məktəblərindən isə Ş.Nəsibova adına Sarıvəlli, M.Həsənov adına Birinci Şıxlı, V.Musayev adına İkinci Şıxlı və S.Nəsirov adına Ürkməzli kənd tam orta məktəblərin komandaları arasında bilik yarışının rayon mərhələsi keçirilib. Yarışa 8 komanda (hər komandada 5 nəfər) olmaqla 40 nəfər məktəbli qatılıb.
S.Vurğun adına şəhər 2 saylı tam orta məktəbdə təşkil olunan yarışda Qazax Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon Təhsil şöbəsinin əməkdaşları, yarışda iştirak edən məktəblərin müəllim və şagirdəri iştirak ediblər.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam Akif Əmirov çıxış edərək Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ilə bağlı həyata keçirilən işlərdən söz açıb. Görkəmli ədibin yubileyinə həsr olunmuş silsilə tədbirlərin ilin sonuna kimi davam edəcəyini diqqətə çatdırıb. Yarışda iştirak edən komandaların üzvlərinə uğurlar arzulayıb.
Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək yarış iştirakçılarını salamlayıb və rayon rəhbərliyinin adından uğurlar arzulayıb. Ölkə Prezidenti İlham Əliyevin Xalq yazıçısının 100 illik yubileyi ilə bağlı imzaladığı Sərəncamın hər bir qazaxlı tərəfindən böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılandığını bildirib. Rayon rəhbərinin yubiley tədbirinin yüksək səviyyədə təşkil olunmasına xüsusi həssaslıqla yanaşdığını qeyd edib. İcra başçısının müvafiq Sərəncamına əsasən hazırlanmış Tədbirlər Planında bütün sahələrin tam əhatə olunduğunu vurğulayıb. Həmin Tədbirlər Planına əsasən görülən işlərdən söz açaraq Xalq yazıçısının adına doğulduğu İkinci Şıxlı kəndində bağ salındığını, konfrans keçirildiyini, məqalə və rəsm müsabiqələrinin təşkil olunduğunu diqqətə çatdırıb. Bundan başqa, Xalq yazıçısının adını daşıyan Kosalar kənd tam orta məktəbində büstünün qoyulacağını, görkəmli şəxsiyyətlərin İsmayıl Şıxlı ilə bağlı dəyərli fikirlərinin yer aldığı xatirələr kitabının çap olunacağını, şəhərdə yerləşən küçələrdən birinə Xalq yazıçısının adının veriləcəyini və s. tədbirlərin də keçiriləcəyini qeyd edib. Bütün bu tədbirləri görkəmli ədibə olan sonsuz sevginin və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.
Rayon Təhsil şöbəsində metodkabinetin müdiri Məhəmməd Cəfərov çıxış edərək Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd olunması üçün imzalanmış 3 noyabr 2018-ci il və Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ilə bağlı imzalanan 28 yanvar 2019-cu il tarixli Sərəncama görə ölkə Prezidenti İlham Əliyevə qazaxlı ziyalılar adından bir daha dərin minnətdarlığını çatdırıb. Bu Sərəncamların imzalanmasını ziyalılara verilən ən böyük qiymət kimi dəyərləndirib.
Rayon Təhsil şöbəsinin metodisti Orxan Əliyev yarışın qaydalarını izah etdikdən sonra iki mərhələ - yarımfinal və final mərhələləri olmaqla bilik yarışına start verilib.
Komandalara A,B,C,D,E,Ə,H,X variantları olmaqla hər variantda Xalq yazıçısının həyat və yaradıcılığına, əsərlərinə həsr olunmuş 5 sual təqdim olunub. Yarımfinal mərhələnin nəticələrinə görə S.Əfəndiyev adına şəhər 1 saylı, S.Vurğun adına şəhər 2 saylı, M.Həsənov adına Birinci Şıxlı və V.Musayev adına İkinci Şıxlı kənd tam orta məktəblərin komandaları finalda iştirak etmək hüququ qazanıblar.
Final mərhələsində də 4 variant – A,B,C,D variantları üzrə suallar təqdim olunub. Yekun nəticəyə görə I yerə layiq görülən şəhər 1 saylı tam orta məktəbin komandası bilik yarışının qalibi olub. Yarışın ikincisi adını M.Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin komandası qazanıb. Şəhər 2 saylı tam orta məktəbin komandası III yerə, İkinci Şıxlı kənd tam orta məktəbin komandası isə IV yerə layiq görülüblər.
Bütün qalibləri qazandıqları qələbə münasibətilə təbrik edirik. Məlumat üçün onu da qeyd edək ki, qalib komandaların üzvləri Xalq yazıçısının 100 illiyinə həsr olunmuş yekun yubiley tədbirində müvafiq Diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
GOYEZEN.AZ
Facebook-da paylaş