• Təqvim

  • Unutma

  • Maraq



Qədim Qazax xalçaları bir çox ölkənin muzeylərində nümayiş olunur

RESPUBLİKA MƏTBUATI QAZAX HAQQINDA


Qədim Qazax xalçaları bir çox ölkənin muzeylərində nümayiş olunur
Qeyri-neft sektorunda gəlirli sahələrdən biri də xalçaçılıqdır. Qədimdən ölkəmizdə bu sahədə özünəməxsusluqlar olub və bu gün də gənc qızlarda xalça toxumağa böyük həvəs var. Buna görə də regionlarda yeni xalça sexlərinin yaradılması bu sahənin inkişafına səbəb olacaq. Öz qədimliyi ilə seçilən və ad qoyan
Qazax xalçaları bu gün yeni nəsil tərəfindən yaşadılır, inkişaf etdirilir.

Hazırda Qazax rayonunda yeni xalça sexi tikilməkdədir. Müəssisənin fəaliyyətə başlaması yeni iş yerlərinin yaradılması ilə yanaşı, qədim xalq sənətinin yenidən çiçəklənməsinə səbəb olacaq. Qədim Qazax xalçaçılıq məktəbi bu gün yeni dirçəliş dövrünü yaşayır. Hazırda 30-a yaxın qız xalçatoxuma kurslarına cəlb olunub. Bu kurslarda təlimlər tanınmış xalça ustaları tərəfindən aparılır. Qazax xalçaçılıq məktəbinə Qazax, Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsi və Göyçə xalçaçılıq mərkəzləri aiddir. Qazax qrupuna “Şıxlı”, “Borçalı”, “Qaymaqlı”, “Qaraçöp”, “Qarayazı”, “Qaraqoyunlu”, “Qaçağan”, “Dağ Kəsəmən”, “Dəmirçilər”, “Kəmərli” və sair çeşnili xalçalar daxildir. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilmiş xovlu və xovsuz xalçalar Qazax məişətində geniş istifadə olunur.
Qədim Qazax xalçaları bir çox ölkənin muzeylərində nümayiş olunur
Hələ keçən əsrin əvvəllərində Qazaxda hər bir ailə ildə 4-5 xalça toxuyardı. Həmin dövrdə hər bir gənc qızın özünə cehizlik xalça toxuması el adətinə çevrilmişdi. Orijinal çeşidinə görə Qazax xalçaları xarici alıcıların da diqqətini çəkib. XIV əsr Qazax xalçası Berlinin incəsənət muzeyində, XVIII əsr xalçaları Londonun “Viktoriya”, Nyu-Yorkun “Metropoliten”, Sankt-Peterburqun “Ermitaj” muzeylərində və digər kolleksiyalarda nümayiş olunur.

Qazax xalçalarının şöhrətinin qaytarılması üçün hazırda yaxşı fürsət yaranıb. Xalça ustası Gülnaz Qurbanova böyüklərdən öyrəndiyini indi gənc qızlara öyrədir. Gülnaz Qurbanova deyib: “Mən 12 yaşımdan nənəmlə birgə xalça toxumağa başlamışam. “Starıy Qazax”, “Celaver” xalçaları, qarmaqlı gəbə toxumuşam. Xovlu və xovsuz xalçalarımız, kilimimiz, xurcunumuz var”.
Qədim Qazax xalçaları bir çox ölkənin muzeylərində nümayiş olunur
Xalçaçılıq kursunun rəhbəri Kəmalə İbrahimova bildirib: “Hörmətli Prezidentimiz xalçaçılığın inkişafı ilə bağlı xüsusi tapşırıqlar verib və rayonumuzda xalçaçılıq kursları təşkil edilib. Xalçaçı qızlarımız üçün dövlət tərəfindən aylıq müavinət təyin olunub. Mən öz adımdan və qızlarımızın adından Prezidentimizə təşəkkürümüzü bildirirəm ki, xalçaçılıq sənətini yenidən dirçəltdi və onu unudulmağa qoymadı”.

http://video.azertag.az/video/49138

AZƏRTAC


Facebook-da paylaş