Qazaxda Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş möhtəşəm tədbir » Göyəzən internet portalı


Qazaxda Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş möhtəşəm tədbir

QAZAX RESPUBLİKA MƏTBUATINDA


Qazaxda Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş möhtəşəm tədbir
Qazaxda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Qazax rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Milli Kitabxanasının, Azərbaycan Milli Konservatoriyasının və Beynəlxalq Muğam Mərkəzinin “Sirlər xəzinəsi” adlı birgə layihəsinə əsasən Böyük Azərbaycan şairi Molla Pənah Vaqifə həsr olunmuş ədəbi-bədii, musiqili məclis keçirilib. Layihə çərçivəsində akademik Nizami Cəfərovun “Molla Pənah Vaqif” və Milli Kitabxananın nəşr etdirdiyi “Molla Pənah Vaqif. Biblioqrafiya” kitabının və kitab sərgisinin də təqdimatı olub.

Ədəbiyyat muzeyində keçirilən tədbirdə rayon icra hakimiyyəti aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, poeziyasevərlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub, ümummilli liderin əziz xatirəsini böyük ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və yaradıcılığı ilə tanış olublar.

Sonra qonaqlar Yuxarı Salahlı kəndində M.P.Vaqifin və S.Vurğunun heykəllərini ziyarət ediblər. S.Vurğunun Poeziya evində qonaqlara burada aparılan əsaslı təmir işləri barədə ətraflı məlumat verilib.

“Fəxri qazaxlılar” parkında M.P.Vaqifin və M.V.Vidadinin qoşa abidəsi ziyarət olunub. Şəhidlər xiyabanında memorial önünə gül dəstələri qoyulub, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğulları və qızlarının xatirəsi yad edilib.

Sonra ədəbi məclis başlanıb. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ədəbi məclisdə giriş sözü ilə çıxış edərək qonaqları salamlayıb, onları M.P.Vaqif yurdunda görməkdən məmnun olduğunu bildirib. İcra hakimiyyətinin başçısı M.P.Vaqif yaradıcılığından, onun Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən geniş söz açıb. Qeyd edib ki, Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi baxımından çox mühüm tarixi sənəddir. Vaqif lirikası ilə poeziyada yeni bir səhifə açılır. Realist şeirin ilk nümunələri məhz onun adı ilə bağlıdır. Vaqif poeziyası təkcə azərbaycanlılar arasında deyil, həm də gürcü və digər xalqların dillərində də məşhur olmuşdur. Uzun müddət Azərbaycan dili Qafqazda millətlərarası ünsiyyət vasitəsi olduğundan, Vaqifin şeirləri yalnız Azərbaycan əlifbası ilə deyil, həm də digər xalqların əlifbaları ilə yazıya alınmışdır. M.P.Vaqif şeirlərinin və düşüncə tərzinin Azərbaycan ədəbiyyatında özünəməxsus yeri vardır. Bu baxımdan gələcək nəsillər, gənc şairlərimiz onun yaradıcılığından bəhrələnərək ədəbiyyatımızı daha da zənginləşdirməlidirlər.

Ədəbi məclisin aparıcısı, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.

Sonra tədbirdə M.P.Vaqif haqqında Azərbaycan televiziyasının hazırladığı 7 dəqiqəlik film nümayiş olunub.

Filologiya elmləri doktoru, professor Rüstəm Kamal M.P.Vaqifin həyat və yaradıcılığı haqqında məlumat verərək qeyd edib ki, Vaqif Şərq poeziyasının bütün klassik formalarından istifadə etmiş və qəzəl, təcnis, müxəmməs, müstəzad, məsnəvi və sair formalarda şeirlər yazıb. Yaradıcılığının bir qismi aşıq poeziyasından götürülmüş qoşma növündə yazılmış şeirlər təşkil edir. Vaqif yüksək zövq, incə hisslər, dərin və nikbin duyğular şairidir. Onun yaradıcılığında məhəbbət lirikası əsas yer tutur. Klassik şeirimizin əsas mövzusu olan gözəllik şairin lirik qoşmalarında yeni bir məna, yeni bir təravət kəsb edir. Aşıq şeirimizdən gələn yüksək dünyəvilik Vaqif lirikasında istiqamətverici rol oynayır. Onun qələmə aldığı gözəllər bütün xarici məlahəti və daxili zənginliyi ilə təsvir edilir.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, AYB Qarabağ bölməsinin sədri, professor Ənvər Əhməd, şairlərdən Zərəngiz Dəmirçi Qayalı, Zaməddin Ziyadoğlu və başqaları çıxış edərək vurğulayıblar ki, Vaqifin əsərlərində Azərbaycan xalqının adət və ənənələri, yerli xüsusiyyətləri özünün parlaq əksini tapmışdır. Böyük şairin yaradıcılığında ruh yüksəkliyi və həyata bağlılıq əsas motivlərdən biri olub. O, xalqdan qüvvət almış, xalq ədəbiyyatının nikbin əhval-ruhiyyəsindən qidalanmışdır.

Tədbir boyu M.P.Vaqifin şeirlərindən, qəzəllərindən və qoşmalarından ibarət muğam və təsniflər, aşıq havaları ifa olunub. Azərbaycan Milli Konservatoriyasının müəllimləri Firuz Səxavətin, xanəndə Vüqar Əliyevin ifaları tədbirə toplaşanlar tərəfindən böyük alqışlarla qarşılanıb. Azərbaycan Milli Konservatoriyasının IV kurs tələbələrindən xanəndə Nuranə Şıxəliyevanın tarda Zəfər Əhmədli və kamançada Müşfiq Lətifovun müşaiyəti ilə səsləndirdiyi M.P.Vaqif şeirlərinə bəstələnən mahnılar tədbirə xüsusi gözəllik bəxş edib. Gənc aşıq Samir Allahverdiyevin M.P.Vaqif yaradıcılığından söylədiyi şeirlər və sazda ifa etdiyi bir-birindən şən, şux aşıq havaları tədbirə xoş ovqat qatıb.

Ədəbi məclis Əməkdar artist Firuz Səxavətin ifasında “Torpağa düşdüm” şeirinə bəstələnən mahnı ilə başa çatıb.

Tədbir başa çatdıqdan sonra qonaqlar Qazax Tarix-Diyarşünaslıq Muzeyində nümayiş olunan eksponatlarla, tarixi şəxsiyyətlərin, şairlərin həyat və yaradıcılığını əks etdirən stendlərlə tanış olub, muzeyin xatirə kitabına öz ürək sözlərini yazıblar.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
7 dekabr 2017-ci il


Facebook-da paylaş