• Təqvim

  • Unutma

  • Maraq



Rayon rəhbəri mərkəzi xəstəxanada aparılan tikinti işləri ilə tanış olub


Azərbaycanda bütün sahələrlə yanaşı, səhiyyə sahəsi də daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısı İlham Əliyevin bu sahəyə olan qayğısı sayəsində bu sahənin inkişafında böyük irəliləyişlərə nail olunub. Son illər ölkə rəhbərinin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda ən ucqar yaşayış məntəqələrində belə yeni səhiyyə obyektlərinin, müasir tipli xəstəxanaların tikilməsi və ölkə vətəndaşlarının istifadəsinə verilməsi bunu söyləməyə əsas verir. 

Təqdirəlayiq hallardan biri də odur ki, səhiyyə sahəsində olan inkişaf bu gün paytaxt Bakı ilə yanaşı, respublikamızın bütün bölgələrini, o cümlədən də düşmənlə sərhəddə yerləşən Qazax rayonunu da əhatə edir. Bu gün rayonda müasir standartlara cavab verən xəstəxananın tikintisi də bu dediklərimizin əyani sübutudur. Rayon sakinlərinə səhiyyə sahəsində ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün xəstəxanada hər cür şərait yaradılır. 2,6 hektar sahədə inşa olunan və 145 çarpayıdan ibarət olan səhiyyə ocağı nəinki burada yaradılan şəraitlə, eyni zamanda, öz xarici görünüşü ilə də şəhərin ümumi mənzərəsinə daha bir gözəllik qatır. 10 korpusdan ibarət olacaq Mərkəzi Xəstəxananın 5 korpusu tam hazırdır. Bundan əlavə, 5 korpusla yanaşı, binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası, transformator stansiyası, nəzarət-buraxılış məntəqəsi də inşa edilib. Bir sözlə, 5 korpusda əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün lazım olan bütün şərait yaradılıb. Hazırda isə qalan 5 korpusun tikintisi sürətlə davam etdirilir.

Rayon rəhbərliyi demək olar ki, tikinti başlayan ilk gündən xəstəxananın tikintisi ilə yaxından maraqlanır, öz dəstəyini göstərir.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də xəstəxanada aparılan tikinti işləri ilə tanış olub.

İş icraçısı Calal Əfəndiyev görülən işlər barədə məlumat verərək bildirib ki, ötən il özül hissələri tökülmüş Gigiyena və Epidemiologiya Mərkəzi, təcili tibbi yardım, dializ, ümumi cərrahiyə-travmatologiya şöbələrinin yerləşəcəyi korpusların tikintisi sürətlə davam etdirilir.

İş icraçısı bildirib ki, Gigiyena və Epidemiologiya Mərkəzi üçün inşa olunan birmərtəbəli binada hörgü və suvaq işləri tam yekunlaşıb. Bundan əlavə, sanitar qovşağı və elektrik xətləri də çəkilib. Hazırda kafel və metlax işlərinə başlanılacaq.

Qeyd edib ki, digər şöbələrdə də arakəsmə hörgü və suvaq işləri aparılır.  İşlərin sürətlə aparılması onu deməyə əsas verir ki, bu korpusların tikintisi yaxın günlərdə yekunlaşacaq və yoluxucu xəstəliklər şöbəsinin tikintisinə başlanılacaq.

Görülən işlərlə tanış olan icra başçısı işlərin keyfiyyətlə aparılmasını qeyd edib, tapşırıq və tövsiyələrini verib.

Rayon sakinləri də səhiyyə sahəsinə göstərilən diqqət və qayğıya, ən əsası da bu cür yüksək səviyyədə xəstəxananın inşa olunmasına görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.





GOYEZEN.AZ



Facebook-da paylaş