• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında “Məzun günü” keçirilib


Bakı Dövlət Universitetinin Qazax filialında 2024-2025-ci tədris ilində 68 rayondan 16 ixtisas üzrə (10-əyani, 4 qiyabi) 1741 tələbə təhsil alır. Bunlardan əyani şöbə üzrə 1502, qiyabi şöbə üzrə 219 nəfəri təhsil alan tələbələrdir. 2024-2025-ci tədris ilində 16 ixtisas üzrə 302 nəfər tələbə (əyani şöbə üzrə 16 ixtisasda 251 tələbə, qiyabi şöbə üzrə 4 ixtisasda 51 tələbə) universiteti bitirib məzun olur.

İynun 25-də Bakı Dövlət Universitetinin Qazax filialında "Məzun günü” tədbiri keçirilib. Filialın qarşısında təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, ali təhsil ocağının professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak ediblər.

Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca tədbiri açıq elan edərək qonaqları və məzunları salamlayıb, səmimi ürək sözlərini çatdırıb. 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Torpaqlarımızın azadlığı, ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarından keçən şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 



Filialın direktoru, dosent Arif Rüstəmov çıxış edərək əlamətdar gün münasibətilə məzunları, onların valideynlərini təbrik edib, xoş arzularını səsləndirib. A.Rüstəmov “Bu gün BDU-nun Qazax filialının tələbələrinin növbəti məzun günü keçirilir. Tələbələrimizin bir hissəsi artıq ali təhsillərini başa vuraraq yeni, ali təhsilli mütəxəssis statusu alırlar. Tələbələrimizə hər zaman bir tövsiyəmiz vardı ki, təhsil aldığınız müddətdə yaxşı nəticələr göstərin. Çünki sizin nəticələriniz bizim göstəricimizdir. Bu gün qürurverici haldır ki, BDU-nun Qazax filialını tələbələrimiz yüksək göstəricilərlə bitirirlər. Ən əsası da sizlərin bundan sonrakı həyatınızda əldə etdiyiniz uğurlar, nailiyyətlər filialımızın adı ilə bağlıdır və bizim uğurumuz olacaqdır. Sizlərə gözəl, peşəkar mütəxəssis olmağı, ölkəsinə, xalqına, Vətəninə layiqli vətəndaş olmağı arzu edirəm. Hər an sizlərin uğurlarınızı gözləyərək filial rəhbərliyi olaraq qürurlanacağıq. Valideynləriniz qədər əldə etdiyiniz nailiyyətlərə baxıb sevinəcəyik. Ümid edirəm ki, sizlərə olan ümidlərimiz hər zaman özünü doğruldacaqdır”, - deyə fikirlərini çatdırıb. A.Rüstəmov rayon rəhbərliyinin filiala olan qayğısından söz açaraq bugünkü görüşü, tələbələrin xoş günündə onların yanında olmasını, məzun günündə iştirak etməsini həmin qayğının bariz nümunəsi kimi qiymətləndirib. İstər müəllimlərə, istərsə də tələbələrə olan dəstəyi, göstərilən qayğını, səmimi münasibəti hər zaman razılıqla qarşıladıqlarını diqqətə çatdırıb. A.Rüstəmov respublikamızda, eləcə də bölgələrimizdə təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ziyalılar adından minnətdarlığını bildirib. Qazaxda təhsil sahəsinə, müəllimlərə, ziyalılara olan diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə bir daha təşəkkürünü çatdırıb.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək məzunları, onların valideynlərini, müəllimlərini əlamətdar gün münasibətilə təbrik edib, səmimi ürək sözlərini, xoş arzularını çatdırıb. Məzunlara gələcək işlərində, fəaliyyətlərində, yenicə qədəm qoyduqları həyatlarında uğurlar arzulayıb. “Bu gün qalib xalq olaraq qürurla söyləyirik ki, müstəqilliyimiz və suverenliyimiz şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına tam bərpa olunub. Biz buna görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə borcluyuq”, - deyən rayon rəhbəri Bakı Dövlət Universitetinin Qazax filialında vaxtilə təhsil almış filialın şəhid məzunları Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş leytenant Məmmədov Məhəmməd Zakir oğlunun və 19-20 sentyabr 2023-cü il tarixində Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış, Vətən müharibəsindəki şücaətinə görə "Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Şücaətə görə”, “Vətən müharibəsi işirakçısı” medalları, ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, “Vətən uğrunda” medalı ilə təltif olunmuş baş leytenant Orucov Niftalı Qəfər oğlunun xatirəsini dərin ehtiramla yad edib, onların əziz xatirələrinin daim qəlblərdə yaşağacağını söyləyib. İcra başçısı bildirib ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi, bu gün Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi kimi fəaliyyət göstərməsi Qazaxda təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə, ADA Universitetinin rektoruna təşəkkürünü çatdırıb. Rayon rəhbəri paytaxtdan uzaqda yerləşən Qazaxda Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzinin fəaliyyət göstərməsini qürurverici hal hesab edib. İcra başçısı qeyd edib ki, bu gün 68 şəhər və rayondan 16 ixtisas üzrə 302 nəfər tələbənin Bakı Dövlət Universitetinin Qazax filialından məzun olması bu ali təhsil ocağının uğuru, nailiyyətidir. Ən əsası da qürurverici olan odur ki, məzun adını qazanan tələbələrimiz bu ali təhsil ocağında şəffaf şəkildə yüksək səviyyədə təhsil alaraq yeni həyata qədəm qoyurlar. “Əziz gənclər bizim gələcəyimiz sizin əlinizdədir. Hər zaman arzu edirik ki, siz gənclərin gələcəyi parlaq olsun. Bu gün ölkəmizdə gənclərə yüksək dövlət qayğısı var. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən gənclərə daim qayğı göstərilir, onların yüksəkixtisaslı kadrlar kimi yetişməsi istiqamətində lazımi addımlar atılır. Sevindirici haldır ki, gənclərimiz onlara olan etimadı hər zaman doğruldurlar. Sizlərin filialda təhsil aldığınız müddətdə təhsil almağınızla yanaşı, könüllü kimi fəaliyyətiniz də bunu bir daha təsdiq etdi” – deyə fikirlərini ifadə edən rayon rəhbəri bütün məzunlara bir daha gələcək həyatlarında uğurlar arzulayıb.

Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayaraq səmimi ürək sözlərini bölüşüb. “Ölkə paytaxtından uzaqda, 168 km düşmənlə həmsərhəd olan, tarixlə müasirliyi özündə birləşdirən, təhsil, mədəniyyət beşiyi sayılan Qazaxda yerləşən ali təhsil ocağında təhsil aldığınız və buradan məzun olduğunuz üçün qürurlusunuz. Bu qüruru sizlərə yaşadan Azərbaycan dövləti, ölkə Prezidenti İlham Əliyev və onun siz gənclərə olan qayğısıdır. BDU-nun Qazax filialının kollektivi olaraq sizlərə verdiyimiz təhsilin, sizlərə olan yanaşmanın harada olmağınızdan asılı olmayaraq vətəndaş kimi, peşəkar kadr kimi yetişməyinizdə mühüm rol oynacağına və sizlərin bu ali təhsil ocağının adını daim yüksək tutacağınıza əminik. Bu gün həyatınızda bir hissənin sonu, digər bir mərhələnin isə başlanğıcıdır”, - söyləyən M.Yusifov bütün məzunlara bu yolda uğurlar arzulayıb.


Filialın Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasnın müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova çıxış edərək məzunlara təbriklərini çatdırıb, xoş arzularını səsləndirib. “Bu gündən sizlər yeni bir həyata qədəm qoyursunuz. Əsas işiniz xalqınıza xidmət etməkdir. Xalqınıza xidmət etmək üçün ixtisasınızla yanaşı, tariximizi də gözəl bilməlisiniz. Ən əsası da Vətəninizi və xalqınızı sevməlisiniz. Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi, təhsil millətin gələcəyidir. Təhsilimizin inkişafı naminə siz gənclərin üzərinə böyük məsuliyyət düşür”, - deyən İ.Arıxova bu yolda məzunlara daim uğur qazanmalarını arzu edib. 

Filialın məzunu olmuş, fəal gənc, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova çıxış edərək məzunları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Bu gün məzunlarla bir yerdə olmağı böyük bir qürur, böyük bir xoşbəxtlik hesab edib. P.İbrahimova qeyd edib ki, Gənclərin Yerli Məşvərət Şurası 2019-cu ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və UNICEF-in maliyyə dəstəyi ilə yaradıldı. Layihənin məqsədi region gənclərinin ictimai fəallığını artırmaq, onların səsini eşitdirmək və yerli idarəetmədə iştiraklarını təmin etmək idi. Bu gün burada fəxrlə söyləyə bilərik ki, Qazax Məşvərət Şurası ölkə üzrə fəaliyyətini davam etdirən yeganə Şuradır. Bu, təsadüfi deyil, bu, ilk növbədə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun gənclərə olan etimadının, göstərdiyi mənəvi və maddi dəstəyinin nəticəsidir. Şura sədri Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının ötən illər ərzində gördüyü işlərdən, irəli sürdüyü təşəbbüslərdən, fəaliyyətindən söz açaraq filialın tələbələrinin, eləcə də şura üzvləri olan gənclərin hər zaman fəallıq göstərdiklərini söyləyib. “Əziz məzunlar, Siz təkcə bir diplom sahibi deyilsiniz. Siz artıq cəmiyyətə dəyər verən, yaradıcı gənclərsiniz. Sizin ardınızca yüzlərlə gənc gələcək. Onlar sizə baxıb deyəcəklər: “Biz də edə bilərik!” Bu, sizin ən böyük uğurunuzdur. Sizə gələcək həyatınızda sonsuz uğurlar arzulayıram. Qoy yolunuz açıq, amallarınız uca, yol yoldaşlarınız dəyərli olsun. Unutmayın - siz harda olursunuzsa olun, Qazax sizi fəxrlə izləyib, uğurlarınıza dua edəcək”, - deyə bir daha məzunları təbrik edib.

Filialın Riyaziyyat və informatika müəllimliyi ixtisasının məzunu, ADA Universitetinin “Təlim və tədrisin təşkili” ixtisaslaşmasının I kurs magistrantı Nigar Kazımova çıxış edərək məzunlar adından təbriklərini çatdırıb, ürək sözlərini səsləndirib. “Bu günə qədər qazandığım nailiyyətlər və uğurların hamısı məhz filialın müəllim kollektivi sayəsində olmuşdur. Özümə borc bildim ki, bu gün üzərimizdə əməyi olan müəllimlərimizə məzunlarımız adından minnətdarlığımı bildirim. Bu gün rayon rəhbərliyinin bizlərlə bir yerdə olması, hər zaman olduğu kimi, bu gün də yanımızda dayanması biz məzunları çox sevindirdi. Hər zaman yanımızda olan, bizlərdən qayğısını əsirgəməyən rayon rəhbərliyinə minnətdarlığımızı bildiririk. Təhsilin keyfiyyətinə görə universitetlər arasında seçilən BDU-nun Qazax filialında yaradılan şəffaflığa, tələbələrə olan qayğıya görə direktor Arif Rüstəmov başda olmaqla, bütün professor-müəllim heyətinə, müəllimlərimizə təşəkkür edirik. Bu gün həm sevincliyik, həm də kədərliyik. Sevincliyik ona görə ki, peşəkar kadr kimi formalaşıb gələcək həyata qədəm qoyuruq. Kədərlənirik ki, bizlərə daim qayğı göstərən müəllimlərimizdən və siz əziz tələbə yoldaşlarımızdan ayrılırıq. Lakin bu, son deyil. Hər son yeni bir başlanğıcdır”. N.Kazımova məzunlar adından danışaraq onlara bəslənən ümidləri öz əməli işləri ilə doğruldacaqlarını söyləyib.

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək məzunları əlamətdar gün münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb, gələcək həyatlarında bol şans, uğurlar arzulayıb. Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi olaraq filialın 2 nəfər məzununu Fəxri Fərmanla təltif etdiyini diqqətə çatdırıb.


Valideynlər adından çıxış edən Sədaqət Həsənova övladının timsalında bütün məzunları təbrik edib, gələcək həyatlarında uğurlar arzulayıb. “Bir valideyn olaraq sizlərin üzündə təbəssüm görmək bizi çox sevindirir. Valideyn olaraq qürurlanırıam ki, Vətəninə, xalqına layiqli şəkildə yetişən bir övlad böyütmüşəm. Övladımın bugünkü uğuruna görə filialın professor-müəllim heyətinə minnətdaram. Filialda olan obyektivliyə, şəffaflığa görə təşəkkür edirəm ki, gənclərimiz bu ali təhsil ocağında məhz bu mühitdə təhsil aldılar”. S.Həsənova valideyn olaraq gənclərə, xüsusilə də filialda təhsil alan tələbələrə göstərdiyi qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə razılığını ifadə edib.

Tədbirdə BDU Qazax filialının İctimai həyatında fəal iştirakına və yüksək ümumi orta müvəffəqiyyət göstəricisinə görə bir qrup məzuna Təşəkkürnamələr təqdim olunub. Filialın 2 nəfər məzunu isə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsində aktiv könüllülük fəaliyyəti göstərdiyinə görə Fəxri Fərmanla təltif edilib.

Sonra “Məzun günü” rəngarəng konsert proqramı ilə davam edib.



Facebook-da paylaş