• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda daha bir məktəbdə şagirdlər narkomaniya əleyhinə maarifləndiriliblər


Qazax Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizəyə həsr olunmuş silsilə maarifləndirici tədbirlər davam etdirilir.

"Gələcəyimiz olan gəncləri narkomaniyadan qoruyaq!” mövzusunda növbəti maarifləndirici tədbir mayın 13-də Qazax Rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbdə keçirilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətovun, Rayon Prokuroru Rauf Gözəlovun, Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədovun, Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin Sadıqovun, Rayon Təhsil Şöbəsində Aparıcı məsləhətçi Rasim Carçıyevin, narkoloq-həkim Nahidə Osmanovanın, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyevin, məktəbin müəllim-şagird kollektivinin, valideynlərin iştirak etdiyi tədbirdə narkomaniya və onun törətdiyi fəsadlar, "ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemlər haqda geniş söhbət aparılıb. Narkomaniya ilə mübarizə istiqamətində həyata keçirilən maarifləndirmə işləri, bu sahədə qəbul olunan dövlət proqramları, sağlam həyat tərzinin vacibliyi barədə geniş məlumatlar verilib.

Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.



Qazax Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov giriş sözü ilə çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Sağlam gənclik naminə bu cür görüşlərin böyük əhəmiyyəti olduğunu qeyd edib. Narkomanlığın bu gün dünyanı narahat edən qlobal problem kimi cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını vurğulayıb. Polis rəisi bu istiqamətdə keçirilən silsilə maarifləndirici tədbirlərin məktəblilərin zərərli vərdişlərdən uzaq durmalarında böyük rol oynadığını söyləyib. Polis rəisi təhlükə mənbəyinə çevrilmiş narkomaniyaya qarşı mübarizə aparmağın vacibliyini qeyd edərək bu gün hər bir Azərbaycan vətəndaşının cəmiyyətimizi, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün həmrəylik nümayiş etdirməli olduğunu söyləyib. Ölkə Prezidentinin müvafiq tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn mübarizə tədbirlərinin uğurla həyata keçirildiyini bildirib. S.Əsədov əsrin bəlası olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verərək istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter daşıdığını, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu bildirib. Sözügedən Dövlət Proqramının icrası istiqamətində müvafiq tədbirlərin görüldüyünü  qeyd edən natiq bugünkü tədbirin də məhz bu məqsədi daşıdığını söyləyib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib. S.Əsədov sonda bir daha gənclərə pis vərdişlərdən və ətraflarındakı "ağ ölümə” düçar olan şəxslərdən uzaq durmalarını tövsiyə edib.    

 

Rayon Prokuroru Rauf Gözəlov narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən söz açaraq maarifləndirmə tədbirlərinin görülmüş işlər içərisində mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Bildirib ki, gənclərə mütəmadi olaraq cəmiyyətimizi, sağlam gələcəyimizi təhlükə altına salan narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə məlumat verilməlidir. R.Gözəlov bu gün "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərin də məhz bu məqsədə xidmət etdiyini bildirib. Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşlarının bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirdiyini vurğulayıb. Bugünkü tədbiri də həmin görüşlərin davamı kimi göstərib.  Rayon Prokuroru cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın yaratdığı təhlükələr və fəsadlar barədə məktəbliləri maraqlandıran sualları cavablandıraraq gələcəkdə zərərli vərdişlərdən qorunmaq üçün onların hər zaman diqqətli olmasının, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri gördükdə və ya bu barədə hər hansı bir informasiya əldə etdikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat verməsinin vacibliyini diqqətə çatdırıb. 


Qazax Rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev tədbirin məqsəd və əhəmiyyətindən danışaraq tədbirin təşkilatçılarına rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. 


Məktəbin direktor müavini, Vətən müharibəsi şəhidi Nicat Nəsibovun atası Səməd Nəsibov öz növbəsində zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq gəncləri sağlam həyat tərzi keçirməyə çağırıb.  

Tədbirdə erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olmasından da danışılıb. Erkən nikaha daxilolma mövzusuna toxunan natiqlər, yeniyetmə vaxtlarında qızların ailə qurmasını onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edərək şagirdlərin əsasən təhsilə maraq göstərmələrinin və gələcəyin yüksəkixtisaslı mütəxəssislər kimi yetişmələrinin vacibliyindən söz açıblar.

Sonda bir daha mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.







 

GOYEZEN.AZ



Facebook-da paylaş