BDU-nun Qazax filialı “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirib
Bakı Dövlət Universitetinin Qazax filialı narkomaniyanın cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyanı gənclərə çatdırmaq məqsədilə "Narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir keçirib.
Qazax Rayon Polis Şöbəsinin birgə iştirakı ilə keçirilən tədbirdə narkomaniya, onun törətdiyi fəsadlar və bununla bağlı ölkəmizdə aparılan mübarizə tədbirləri barədə tələbələrə geniş məlumat verilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərovanın, filialın direktoru Arif Rüstəmovun, Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədovun, Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin Sadıqovun, Rayon Təhsil Şöbəsində Aparıcı məsləhətçi Rasim Carçıyevin, narkoloq-həkim Nahidə Osmanovanın iştirak etdiyi tədbirdə narkomaniya, onun törətdiyi fəsadlar və bununla bağlı ölkəmizdə aparılan mübarizə tədbirləri müzakirə olunub.
Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışıb, narkomanlığın bu gün dünyanı narahat edən qlobal problemlərdən biri olduğunu, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını qeyd edib. Bildirib ki, filialın bu istiqamətdə keçirdiyi silsilə maarifləndirici tədbirlər tələbələrin belə zərərli vərdişlərdən uzaq durmalarında böyük rol oynayır.
Qazax Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov çıxış edərək təhlükə mənbəyinə çevrilmiş narkomaniyaya qarşı mübarizə aparmağın vacibliyini qeyd edib, dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu fiziki, mənəvi və maddi zərərlərdən söz açıb. Bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı cəmiyyətimizi, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün bu istiqamətdə mühüm addımlar atmalı, hamılıqla mübarizə aparılmalıdır. Bu məqsədlə vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin etmək üçün "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Filialın Mətbuat Xidmətinin rəhbəri Elçin İsmayıl çıxış edərək gənclərə pis vərdişlərdən və ətraflarındakı "ağ ölümə” düçar olan şəxslərdən uzaq durmalarını tövsiyə edib, gənclərlə belə maarifləndirici görüşlərin keçirilməsini bir ziyalı kimi yüksək qiymətləndirib.
Tədbirin sonunda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.
BDU-nun Qazax filialının Mətbuat Xidməti
Facebook-da paylaş