• Təqvim

  • Unutma

  • Maraq



Narkomaniyaya həsr olunmuş “Zərərli vərdişlərə yox!” adlı növbəti maarifləndirici tədbir keçirilib


Qazax Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizəyə həsr olunmuş maarifləndirici tədbirlər davam edir. Tədbirlərdə narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edilir, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçıları məlumatlandırılır. Yeniyetmə və gənclərə yüksək təhsil almaqları, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmaları, idmanla məşğul olmaları, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələri, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmaları və cəmiyyətdə sağlam fərdə çevrilmələri tövsiyə olunur.

Narkomaniyanın cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyanı gənclərə çatdırmaq məqsədilə "Zərərli vərdişlərə yox!” adlı növbəti maarifləndirici tədbir aprelin 1-də Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə keçirilib.

Tədbirdə 2 nömrəli məktəbin şagirdləri ilə yanaşı, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin müəllim və şagirdləri də iştirak ediblər.



Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərovanın, Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədovun, Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin Sadıqovun, Rayon Təhsil Şöbəsində Aparıcı məsləhətçi Rasim Carçıyevin, narkoloq-həkim Nahidə Osmanovanın, Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazovun, məktəblərin müəllim-şagird kollektivinin iştirak etdiyi tədbirdə narkomaniya, onun törətdiyi fəsadlar və bununla bağlı ölkəmizdə aparılan mübarizə tədbirləri barədə məktəblilərə geniş məlumat verilib. 


Qazax RİH başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək məktəbliləri rayon rəhbərliyinin adından salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, tədbirin keçirilməsində məqsəd gəncləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir. "Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemləri diqqətə çatdırmaq, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın bu gün dünyanı narahat edən qlobal problemlərdən biri olduğunu, bu problemin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını, cinayətkarlığın artmasına səbəb olduğunu izah etməkdir. K.Cəfərova narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması baxımından qarşıda duran əsas vəzifələrdən biri olduğunu, ümumtəhsil məktəblərində keçirilən silsilə maarifləndirici tədbirlərin məktəblilərin zərərli vərdişlərdən uzaq durmalarında böyük əhəmiyyət daşıdığını qeyd edib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bu sahədə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan K.Cəfərova mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Ölkə Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın da məhz bu məqsədə xidmət etdiyini söyləyib. K.Cəfərova rayon rəhbərliyinin bütün sahələrə olduğu kimi, narkomaniya ilə mübarizə sahəsinə də hər zaman həssaslıqla yanaşdığını, bu sahədə görülən işləri daim diqqət mərkəzində saxladığını, ilk gündən barışmaz mövqedə olduğunu qeyd edib. Pandemiya dövrünə qədər belə maarifləndirmə tədbirlərinin keçirildiyini, illər öncə aparılan mübarizə tədbirlərinin bundan sonra da davam etdiriləcəyini, bu cür görüşlərin daha sıx təşkil ediləcəyini vurğulayıb.  

 

Qazax Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov məktəbliləri salamlayıb, tədbirin əhəmiyyətindən söz açaraq əsas məqsədin bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyanı, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini önə çəkmək olduğunu qeyd edib. Yaşadığımız müasir dövrdə bəşəriyyəti təhdid edən narkotik asılılığının cəmiyyətdə və insan həyatında törədə biləcəyi neqativ hallardan danışan polis rəisi narkomaniya ilə mübarizə istiqamətində görülən işlər haqqında geniş məlumat verib. Ölkə Prezidentinin müvafiq tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn mübarizə tədbirlərinin uğurla həyata keçirildiyini bildirib. S.Əsədov əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə görüşlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını söyləyib. 

 

Narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verərək istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter daşıdığını, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu bildirib. Sözügedən Dövlət Proqramının icrası istiqamətində müvafiq tədbirlərin görüldüyünü  qeyd edən natiq bugünkü tədbirin də məhz bu məqsədi daşıdığını söyləyib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib. S.Əsədov sonda bir daha gənclərə pis vərdişlərdən və ətraflarındakı "ağ ölümə” düçar olan şəxslərdən uzaq durmalarını tövsiyə edib.  


Narkoloq-həkim Nahidə Osmanova cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın yaratdığı təhlükələr və fəsadlar barədə məktəblilərə geniş məlumat verib. Məktəbliləri maraqlandıran sualları cavablandıran həkim gələcəkdə zərərli vərdişlərdən qorunmaq üçün yeniyetmələrin hər zaman diqqətli olmasının, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri gördükdə və ya bu barədə hər hansı bir informasiya əldə etdikdə dərhal müəllim və ya valideynlərinə, eləcə də polis əməkdaşlarına məlumat verməsinin vacibliyini diqqətə çatdırıb.

 

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktoru Murğuz Mustafayev tədbirin məqsəd və əhəmiyyətindən danışaraq tədbirin təşkilatçılarına rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq yeniyetmələri sağlam həyat tərzi keçirməyə çağırıb. 

Tədbirdə erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olmasından da danışılıb. Erkən nikaha daxilolma mövzusuna toxunan natiqlər, yeniyetmə vaxtlarında qızların ailə qurmasını onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edərək şagirdlərin əsasən təhsilə maraq göstərmələrinin və gələcəyin yüksəkixtisaslı mütəxəssislər kimi yetişmələrinin vacibliyindən söz açıblar.

Sonda bir daha mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.






 

GOYEZEN.AZ



Facebook-da paylaş