• Təqvim

  • Maraq



Qazax Rayon Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbdə keçirilən “Narkomaniya - əsrin bəlası” adlı tədbirdə şagirdlər maarifləndirilib


Qazax Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizəyə həsr olunmuş maarifləndirici tədbirlər bu gün də davam etdirilir.

Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyanı gənclərə çatdırmaq məqsədilə  "Narkomaniya - əsrin bəlası” adlı növbəti belə tədbir fevralın 24-də Qazax Rayon Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbdə keçirilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətovun, Rayon Prokuroru Rauf Gözəlovun, Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədovun, Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin Sadıqovun, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyevin, Rayon Təhsil Şöbəsində Aparıcı məsləhətçi Rasim Carçıyevin, narkoloq-həkim Nahidə Osmanovanın, məktəbin müəllim-şagird kollektivinin iştirak etdiyi tədbirdə narkomaniya, onun törətdiyi fəsadlar və bununla bağlı ölkəmizdə aparılan mübarizə tədbirləri məktəblilərin diqqətinə çatdırılıb.  

 

Tədbiri giriş sözü ilə açan Qazax Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov məktəbliləri salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, bugünkü tədbirin əsas məqsədi bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini bir daha diqqətə çatdırmaqdır. 

Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan polis rəisi bu sahədə olan mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Ölkə Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini bu sahədə atılan uğurlu addımların bariz nümunəsi kimi dəyərləndirib. S.Əsədov əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə görüşlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını söyləyib. Narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verərək istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter daşıdığını, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd edib. Ölkəmizdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində müvafiq tədbirlərin keçirildiyini qeyd edən natiq bugünkü tədbirin də məhz bu məqsədə xidmət etdiyini qeyd edib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib. S.Əsədov sonda bir daha gənclərə pis vərdişlərdən və ətraflarındakı "ağ ölümə” düçar olan şəxslərdən uzaq durmalarını tövsiyə edib.

 

Rayon Prokuroru Rauf Gözəlov çıxış edərək cəmiyyətimizi, sağlam gələcəyimizi təhlükə altına salan narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə məktəblilərə geniş məlumat verib. Bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı məhz bu istiqamətdə mühüm addımlar atmalı, cəmiyyətimizi, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün var qüvvəsi ilə çalışmalıdır. Ölkəmizin işıqlı və gözəl gələcəyinin sağlam, savadlı gənclikdən asılı olduğunu bir an belə unutmamalıdır. Odur ki, hər bir yeniyetmə və gəncə zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməli olduğunu bildirmək hər birimizin borcudur. R.Gözəlov bu gün "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərdən danışaraq, narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşlarının bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirdiyini vurğulayıb. Bugünkü tədbiri də həmin görüşlərin davamı kimi göstərib.

 

Rayon Təhsil Şöbəsində Aparıcı məsləhətçi Rasim Carçıyev çıxış edərək narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın bu gün dünyanı narahat edən qlobal problemlərdən biri olduğunu, bu problemin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını, cinayətkarlığın artmasına səbəb olduğunu qeyd edib. Ümumtəhsil məktəblərində keçirilən silsilə maarifləndirici tədbirlərin məktəblilərin zərərli vərdişlərdən uzaq durmalarında böyük rol oynadığını qeyd edib.

 

Qazax Rayon Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin direktoru Möhsüm Məmmədov tədbirin məqsəd və əhəmiyyətindən danışaraq tədbirin təşkilatçılarına rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq yeniyetmələri sağlam həyat tərzi keçirməyə çağırıb. 

Tədbirdə erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olmasından da danışılıb. Erkən nikaha daxilolma mövzusuna toxunan natiqlər, yeniyetmə vaxtlarında qızların ailə qurmasını onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edərək şagirdlərin əsasən təhsilə maraq göstərmələrinin və gələcəyin yüksəkixtisaslı mütəxəssislər kimi yetişmələrinin vacibliyindən söz açıblar.

Sonda mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


 

GOYEZEN.AZ



Facebook-da paylaş