• Təqvim

  • Maraq



Qazax Rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin şagirdləri də narkomaniyaya yox deyir


Qazax Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizə tədbirlərinə həsr olunmuş maarifləndirici tədbirlər davam etdirilir.

Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyan haqqında növbəti maarifləndirmə tədbiri Qazax Rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbdə keçirilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərovanın, Rayon Polis Şöbəsində İctimai Təhlükəsizlik bölməsinin rəisi, polis polkovnik-leytenantı Emin Həsənovun, Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin Sadıqovun, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyevin, Rayon Təhsil Şöbəsində Aparıcı məsləhətçi Təranə Səmədovanın, narkoloq-həkim Nahidə Osmanovanın, məktəbin müəllim-şagird kollektivinin iştirak etdiyi tədbirdə narkomaniya, onun törətdiyi fəsadlar və bununla bağlı ölkəmizdə aparılan mübarizə tədbirləri məktəblilərin diqqətinə çatdırılıb.  



Tədbiri giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova məktəbliləri rayon rəhbərliyinin adından salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. K.Cəfərova qeyd edib ki, bugünkü tədbirin əsas məqsədi bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini bir daha diqqətə çatdırmaqdır. 

Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan K.Cəfərova bu sahədə olan mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Ölkə Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini bu sahədə atılan uğurlu addımların bariz nümunəsi kimi dəyərləndirib. K.Cəfərova rayon rəhbərliyinin bütün sahələrə olduğu kimi, narkomaniya ilə mübarizə sahəsinə də hər zaman həssaslıqla yanaşdığını, bu sahədə görülən işləri daim diqqət mərkəzində saxladığını, ilk gündən barışmaz mövqedə olduğunu qeyd edib. Pandemiya dövrünə qədər belə maarifləndirmə tədbirlərinin keçirildiyini, illər öncə aparılan mübarizə tədbirlərinin bundan sonra da davam etdiriləcəyini, bu cür görüşlərin daha sıx təşkil ediləcəyini vurğulayıb.


Rayon Polis Şöbəsində İctimai Təhlükəsizlik bölməsinin rəisi, polis polkovnik-leytenantı Emin Həsənov çıxış edərək məktəbliləri salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə görüşlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını söyləyib. Narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verərək istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter daşıdığını, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd edib. Ölkəmizdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində müvafiq tədbirlərin keçirildiyini qeyd edən natiq bugünkü tədbirin də məhz bu məqsədə xidmət etdiyini qeyd edib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib. E.Həsənov sonda bir daha gənclərə pis vərdişlərdən və ətraflarındakı "ağ ölümə” düçar olan şəxslərdən uzaq durmalarını tövsiyə edib.


Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxışında narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın bu gün dünyanı narahat edən qlobal problemlərdən biri olduğunu, bu problemin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını, cinayətkarlığın artmasına səbəb olduğunu qeyd edib. Əsrin bəlası sayılan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə maarifləndirici tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirən natiq Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən narkomaniya və narkobizneslə mübarizə məqsədilə maarifləndirmə tədbirlərinin, aksiyalarının keçirildiyini, gənc könüllülər tərəfindən şəhərin müxtəlif yerlərində, eləcə də kəndlərdə narkomaniya əleyhinə bukletlər və braşuralar paylanıldığını, gənclərlə maarifləndirici söhbət aparıldığını bildirib.


Narkoloq-həkim Nahidə Osmanova çıxış edərək narkomaniyaya qarşı mübarizənin davamlı, ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd edib. Narkomaniyanın doğurduğu faciələr, narkotiklərin cəmiyyətə və insanların sağlamlığına ziyanı və yaratdığı ciddi sosial problemlər, narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması barədə danışıb. Bu işin həm dövlətin, həm vətəndaş cəmiyyətinin, həm də hər bir vətəndaşın işi olduğunu vurğulayıb. Həmçinin gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğu bildirib.

Tədbirdə erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olmasından da danışılıb. Erkən nikaha daxilolma mövzusuna toxunan natiqlər, yeniyetmə vaxtlarında qızların ailə qurmasını onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edərək şagirdlərin əsasən təhsilə maraq göstərmələrinin və gələcəyin yüksəkixtisaslı mütəxəssislər kimi yetişmələrinin vacibliyindən söz açıblar.

Sonda mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

GOYEZEN.AZ



Facebook-da paylaş