Qazax Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və
Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil
məktəblərində narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan
mübarizəyə həsr olunmuş silsilə maarifləndirici tədbirlər davam etdirilir.
"Gələcəyimiz olan gəncləri
narkomaniyadan qoruyaq!” mövzusunda növbəti maarifləndirici tədbir mayın 13-də Qazax
Rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbdə keçirilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı
aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması
şöbəsinin müdir müavini Azad Hümbətovun, Rayon Prokuroru Rauf Gözəlovun, Rayon Polis Şöbəsinin
rəisi Sənan Əsədovun, Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla
profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin
Sadıqovun, Rayon Təhsil Şöbəsində Aparıcı məsləhətçi Rasim Carçıyevin, narkoloq-həkim Nahidə Osmanovanın, Rayon
Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyevin, məktəbin müəllim-şagird
kollektivinin, valideynlərin iştirak etdiyi tədbirdə narkomaniya və onun törətdiyi
fəsadlar, "ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemlər
haqda geniş söhbət aparılıb. Narkomaniya ilə mübarizə istiqamətində həyata
keçirilən maarifləndirmə işləri, bu sahədə qəbul olunan dövlət proqramları,
sağlam həyat tərzinin vacibliyi barədə geniş məlumatlar verilib.
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda
canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov giriş sözü ilə çıxış edərək tədbirin məqsəd və
əhəmiyyətindən danışıb. Sağlam gənclik naminə bu cür görüşlərin böyük əhəmiyyəti
olduğunu qeyd edib. Narkomanlığın bu gün dünyanı narahat edən qlobal problem
kimi cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu,
sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və
sağlamlığına ciddi təhlükə yaratdığını vurğulayıb. Polis rəisi bu istiqamətdə keçirilən silsilə
maarifləndirici tədbirlərin məktəblilərin zərərli vərdişlərdən uzaq
durmalarında böyük rol oynadığını söyləyib. Polis rəisi təhlükə mənbəyinə
çevrilmiş narkomaniyaya qarşı mübarizə aparmağın vacibliyini qeyd edərək bu gün
hər bir Azərbaycan vətəndaşının cəmiyyətimizi, xüsusilə də gənc nəsli bu
bəladan xilas etmək üçün həmrəylik nümayiş etdirməli olduğunu söyləyib. Ölkə
Prezidentinin müvafiq tarixli Sərəncamı ilə "Narkotik
vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz
dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün
Dövlət Proqramı”nın icrasından irəli gələn mübarizə tədbirlərinin uğurla həyata
keçirildiyini bildirib. S.Əsədov əsrin bəlası olan narkomaniyanın törətdiyi
fəsadlar barədə ətraflı məlumat verərək istər narkotiklərin qanunsuz
dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan
maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter daşıdığını, hər zaman ölkə
rəhbərliyinin diqqət mərkəzində olduğunu bildirib. Sözügedən Dövlət Proqramının icrası istiqamətində müvafiq tədbirlərin
görüldüyünü qeyd edən natiq bugünkü tədbirin də məhz bu məqsədi daşıdığını
söyləyib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət
Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və
narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və
vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı
xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə
mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib. S.Əsədov
sonda bir daha gənclərə pis vərdişlərdən və ətraflarındakı "ağ ölümə”
düçar olan şəxslərdən uzaq durmalarını tövsiyə edib.
Rayon Prokuroru Rauf Gözəlov narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən
söz açaraq maarifləndirmə tədbirlərinin görülmüş işlər içərisində mühüm
əhəmiyyət kəsb etdiyini söyləyib. Bildirib ki, gənclərə mütəmadi olaraq
cəmiyyətimizi, sağlam gələcəyimizi təhlükə altına salan narkotik vasitələrin
səbəb olduğu fəsadlar və acı təsirləri barədə məlumat verilməlidir. R.Gözəlov
bu gün "Narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair
2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən
işlərin də məhz bu məqsədə xidmət etdiyini bildirib. Daxili İşlər Nazirliyinin
və yerli polis orqanlarının əməkdaşlarının bu istiqamətdə ciddi
əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə
vaxtaşırı maarifləndirici görüşlər keçirdiyini vurğulayıb. Bugünkü tədbiri də
həmin görüşlərin davamı kimi göstərib. Rayon Prokuroru cəmiyyətin
ciddi bəlasına çevrilən narkomaniyanın yaratdığı təhlükələr və fəsadlar barədə
məktəbliləri maraqlandıran sualları cavablandıraraq gələcəkdə zərərli
vərdişlərdən qorunmaq üçün onların hər zaman diqqətli olmasının, narkotiklərin
qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri gördükdə və ya bu barədə hər hansı
bir informasiya əldə etdikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat
verməsinin vacibliyini diqqətə çatdırıb.
Qazax Rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam
orta məktəbin direktoru Məzahir Qocayev tədbirin məqsəd və əhəmiyyətindən danışaraq tədbirin
təşkilatçılarına rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib.
Məktəbin direktor müavini, Vətən müharibəsi şəhidi
Nicat Nəsibovun atası Səməd Nəsibov öz növbəsində zərərli vərdişlərlə
mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq gəncləri
sağlam həyat tərzi keçirməyə çağırıb.
Tədbirdə erkən nikaha daxilolma kimi neqativ halların
ağır nəticələrindən, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların
hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə
sosial problemlərin artmasına səbəb olmasından da danışılıb. Erkən nikaha
daxilolma mövzusuna toxunan natiqlər, yeniyetmə vaxtlarında qızların ailə
qurmasını onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə
törətdiyini qeyd edərək şagirdlərin əsasən təhsilə maraq göstərmələrinin və
gələcəyin yüksəkixtisaslı mütəxəssislər kimi yetişmələrinin vacibliyindən söz
açıblar.
Sonda bir daha mövzu ilə bağlı məktəbliləri
maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ
Geri qayıt
|