Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarından nümunəvi addım
“Polis dövlətin əsas sütunlarından biridir. Polis peşəsi ağır peşədir. O bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrəka, elm, təhsil, təcrübə tələb edir. Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensialı vardır. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcuddur. Əgər onlardan biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o biri isə daxili işlər nazirliyi, polis orqanlarıdır”.
Heydər Əliyev
Ümummilli Lider
Bəli, Ulu Öndərin Azərbaycan Polisinə xüsusi diqqət ayıraraq onların ünvanına səsləndirdiyi yüksək fikirlər bu gün nəinki polis əməkdaşlarını, eləcə də hər bir ölkə vətəndaşını qürurlandırır. 105 illik şanlı tarixi yol keçən Azərbaycan Polisi bu gün respublikamızın ərazi bütövlüyünün, dövlətin konstitusiya quruluşunun qorunmasında önəmli xidmətləri və güclü nizam-intizamı ilə seçilir. Yarandığı gündən şərəfli bir xidmət yolu keçən Azərbaycan Polisi bütün dövrlərdə cinayətkarlıqla mübarizənin, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsinin ön sıralarında olmuş, respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə mərdlik, cəsarət və qəhrəmanlıq göstərmişdir. Fəxr edirik ki, ölkədə ictimai təhlükəsizliyi, əhalinin dincliyini, qanunçuluğu və hüquq qaydasını qorumaq kimi çətin, həmçinin, məsul vəzifələri yerinə yetirən Azərbaycan Polisi və onun tərkib hissəsi olan Qazax Rayon Polis Şöbəsinin əməkdaşları var.
Bu gün polislərimiz təkcə bizim təhlükəsizliyimizi qorumur, eyni zamanda, çətin anda öz həyatını belə təhlükəyə atan bir qəhrəmana çevrilir. Öz həyatı təhlükə altında olduğu halda insan həyatını xilas etməyi özünün vətəndaşlıq borcu sayır. Vətəndaşı çətin anda, darda olanda dərhal onun köməyinə qaçır.
Necə ki, rayonumuzun polis əməkdaşlarından polis nəfəri Nuriyev Babək İman oğlu və polis nəfəri Xəlilov Vidad Mədət oğlu bu günlərdə “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsə Ağstafa rayonundan ağır vəziyyətdə daxil olmuş bir ananın həyatını xilas etdilər. Həkimlərimizlə yanaşı, onların da əməyi danılmazdır. Belə ki, ana olmağa hazırlaşan Ağstafa rayon sakini Salmanova Təranə Etibar qızının qan azlığı səbəbindən həyati təhlükəsi yarandıqda polis əməkdaşlarımız gecə saatları olmasına baxmayaraq vaxt itirmədən könüllü qan vermək üçün xəstəxanaya gələrək ona ikinci həyat bəxş etdilər.
Bu gün Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov başda olmaqla, bu cür polislərimizlə hər birimiz fəxr edir, qürur duyuruq. İstər xəstəxananın həkim kollektivi, istər xəstənin yaxınları, doğmaları, istərsə də bu hadisədən məlumatı olan hər kəs fədakar polislərimizə minnətdarlıq edir, bu nümunəvi addımlarına görə razılıqlarını bildirirlər.
Yaşasın Azərbaycan!
Yaşasın Azərbaycan Polisi!
GOYEZEN.AZ
Facebook-da paylaş