Qazaxda bir qrup Polis əməkdaşı peşə bayramları münasibətilə Fəxri Fərmanla təltif edilib
İyulun 2-də Azərbaycan Polisi yaranmasının 105-ci ildönümünü qeyd edəcək. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu əlamətdar gün qeyd edilib. 2 iyul – polis işçilərinin peşə bayramı ilə əlaqədar Qazax Rayon Polis Şöbəsinin akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, Hüquq şöbəsində məsləhətçi Aqil Alıcanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları, təqaüddə olan veteran polislər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Dahi şəxsiyyətin adını daşıyan Mərkəzdə həyat və fəaliyyətini özündə əks etdirən stendlərlə tanış olublar.
Sonra Qazax Rayon Polis Şöbəsinin akt zalında davam edən tədbirdə bu il 100 illik yubileyini böyük təntənə ilə qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyünün qorunması zamanı öz xidməti vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirərək Şəhidlik zirvəsinə ucalmış polis əməkdaşlarının, eləcə də bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Polisinin yaranmasının 105-ci ildönümü münasibətilə bütün şəxsi heyəti, veteran polis əməkdaşlarını, torpaqlarımızın müdafiəsi uğrunda Şəhidlik zirvəsinə ucalmış və xidməti borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının ailə üzvlərini ürəkdən təbrik edib, möhkəm cansağlığı, xoşbəxtlik, səadət, çətin, lakin çox şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayıb. Polis rəisi Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına ünvanladığı təbrik məktubunu oxuyub, Qazax polisinin ünvanına səslənən xoş sözləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Polis rəisi bu ilin xalqımız üçün daha əlamətdar bir il olduğunu vurğulayaraq polis orqanları əməkdaşlarının öz peşə bayramlarını “Heydər Əliyev İli”ndə qeyd etdiklərini söyləyib. Müasir müstəqil Azərbaycanın qurucusu olan Ulu Öndər Heydər Əliyevin bütün dövlət strukturlarının yaranmasında, formalaşmasında, təkmilləşdirilməsində misilsiz xidmətləri olduğunu qeyd edib. Azərbaycan Polisinin də bugünkü səviyyədə olmasında dahi şəxsiyyətin böyük əməyi olduğunu vurğulayıb. Ümummilli Liderin Azərbaycan Polisinə xüsusi diqqət ayıraraq onların ünvanına hər zaman yüksək fikirlər səsləndirdiyini, polis əməkdaşlarının əməyini yüksək qiymətləndirdiyini söyləyib. Ulu Öndərin səsləndirdiyi “Polis dövlətin əsas sütunlarından biridir. Polis peşəsi ağır peşədir. O bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrəka, elm, təhsil, təcrübə tələb edir. Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensialı vardır. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcuddur. Əgər onlardan biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o biri isə daxili işlər nazirliyi, polis orqanlarıdır” fikirlərini bu gün hər bir polis məkdaşının qürurla xatırladığını qeyd edib. S.Əsədov Azərbaycan Polisinin yaranmasından və ötən 105 il ərzində keçdiyi şanlı tarixi yoldan söz açıb. Qeyd edib ki, 1918-ci il iyulun 2-də asayişin mühafizə dəstələri ilə fəaliyyətə başlayan polis orqanları ötən müddətdə şərəfli bir xidmət yolu keçərək böyük təcrübə qazanmış, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin dayaqlarından birinə çevrilmişdir. Bu gün Azərbaycan Polisi respublikamızın ərazi bütövlüyünün, dövlətin konstitusiya quruluşunun qorunmasında önəmli xidmətləri və güclü nizam-intizamı olan mühüm bir dövlət təsisatıdır. Yarandığı gündən şərəfli bir xidmət yolu keçən Azərbaycan Polisi bütün dövrlərdə cinayətkarlıqla mübarizənin, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsinin ön sıralarında olmuş, respublikanın ərazi bütövlüyü uğurunda döyüşlərdə mərdlik, cəsarət və qəhrəmanlıq göstərmişdir. Fəxr edirik ki, ölkədə ictimai təhlükəsizliyi, əhalinin dincliyini, qanunçuluğu və hüquq qaydasını qorumaq kimi çətin, həmçinin, məsul vəzifələri yerinə yetirən Azərbaycan Polisi və onun tərkib hissəsi olan Qazax Rayon Polis Şöbəsi bu tarixi günü qanuna, xalqa, dövlətə, ölkə başçısına sədaqətli xidməti ilə qarşılayır. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi yeni, demokratik Azərbaycanın qurulmasına yönəlmiş strateji kursunu müvəffəqiyyətlə inkişaf etdirən Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin böyük diqqət və qayğısı daxili işlər orqanlarında, o cümlədən Qazax RPŞ-də fəaliyyətin canlanması üçün mühüm stimul olmuş, professionallığın yüksəlməsində və qanunçuluğun möhkəmlənməsində əvəzsiz rol oynamışdır.
S.Əsədov Azərbaycan polisinin torpaqlarımızın qorunmasında böyük fədakarlıq göstərdiyini, ordunun formalaşmadığı bir vaxtda Vətənin dar günündə hər zaman dövlətə sadiqlik nümyiş etdirdiyini qeyd edib. Birinci Qarabağ müharibəsində 932 nəfər polis əməkdaşının şəhid olduğunu, 681 nəfərin isə yaralandığını bildirib. 67 nəfər polis əməkdaşının Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü, 1143 nəfərin orden və medallarla təltif edildiyini qeyd edib. S.Əsədov Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarından Birinci Qarabağ müharibəsində 8 nəfərin Şəhidlik zirvəsinə ucaldığını vurğulayıb. Həmin şəhidlərimizdən 2 nəfərin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü söyləyib. Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz vətənpərvərliklərini və şücaətlərini şanlı Vətən müharibəsində də nümayiş etdirdi. Doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə sarsıdıcı zərbələr vuraraq, yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yazdılar. Qazax rayonundan iki nəfərin - Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri, xüsusi təyinatlı dəstənin 2-ci xüsusi həmlə qrupunda 2-ci yarımqrup komandiri kimi xidmət etmiş, Vətən müharibəsi şəhidi Abdullayev Sərxan Elxan oğlunun və DİN-nin DQ-nın "N” saylı hərbi hissəsində XTD-də, 5-ci XƏQ-nun, 2-ci XƏ yarım qrupunda atıcı qumbaraatan, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlunun Şəhidlik zirvəsinə ucaldıqlarını söyləyib.
Polis rəisi 2023-cü ilin 6 ayı ərzində Qazax rayonunda qeydə alınmış cinayətlərdən 94,5 faizinin açılmasının təmin edildiyini vurğulayıb. Polis rəisi narkomaniya ilə mübarizə sahəsində görülmüş işləri diqqətə çatdıraraq 6 ay ərzində bu sahədə 40 faktın qeydə alındığını, mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini qeyd edib. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edən polis rəisi həmin qayğının hər bir polis əməkdaşına nümunə olduğunu söyləyib. Həmin qayğını əldə rəhbər tutaraq gənc nəsli narkomaniya adlı bəladan qorumaq üçün rayonun ümumtəhsil məktəblərində maarifləndirici görüşlərin keçirildiyini bildirib. Polis rəisi S.Əsədov Azərbaycan dövlətinə xidmətə görə hər bir polis əməkdaşına təşəkkür edib. Önəmli fəaliyyəti, dövlətə, dövlətçiliyə və anda sadiqliyi hər zaman yüksək dəyərləndirən Qazax RPŞ-nin əməkdaşlarının hörmətli Nazir general-polkovnik Vilayət Eyvazovun qarşılarına qoyduğu tapşırıqları bundan sonra da layiqincə yerinə yetirəcəklərinə, hüquq qaydalarının və daxili sabitliyin keşiyində bundan sonra da ayıq-sayıq dayanacaqlarına, Azərbaycan Respublikasına ləyaqətlə xidmət edəcəklərinə əminliyini vurğulayıb. S.Əsəsdov sonda Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunmasını polis işçilərinə göstərilən qayğının təzahürü kimi qiymətləndirib. Bildirib ki, rayon polis şöbəsinin əməkdaşları Azərbaycan qanunlarına, xalqa, Vətənə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevə daim sadiqdirlər və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqlar.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək icra başçısı Rəcəb Babaşovun adından salamlayıb, səmimi ürək sözlərini çatdıraraq 105 illik tarixi bir yol qət edən Azərbaycan Polisi əməkdaşlarının peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov başda olmaqla, bütün polis işçilərini təbrik edib. Azərbaycan Polisinin ölkəmizdə ictimai sabitliyin təmin olunmasındakı rolundan danışan birinci müavin bildirib ki, daxili işlər orqanlarında xidmətə hazırlığın yüksəlməsi, intizamın artması, mənəvi psixoloji durumun və sosial müdafiənin yaxşılaşdırılması, peşəkar kadr özəyinin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Zəngin tarixi təcrübəsi olan Azərbaycan Polisi öz peşə bayramını da məhz Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildən qeyd edir. Azərbaycan Polisinə verilən bu önəmin səbəbi isə ondan qaynaqlanır ki, Ulu Öndər ictimai sabitliyin qorunub saxlanmasında, cinayətkarlıq hallarının qarşısının alınmasında daxili işlər orqanlarının fəaliyyətini daim yüksək qiymətləndirib. Azərbaycan Polisi dövlətə və xalqa yüksək sadiqlik nümayiş etdirməklə mühüm vəzifələrinin öhdəsindən həmişə layiqincə gəlib. M.Alıyev bildirib ki, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik respublikamızın müstəqillik tarixinin ən mühüm nailiyyətlərindən biridir. Təbii ki, sabitliyin əldə olunması o qədər də asan başa gəlməmişdir. Ölkəmiz öz dövlət müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşmişdi. Həmin dövrün çətinliklərinin əsas hissəsi, məhz Azərbaycan Polisinin üzərinə düşürdü. Qarabağ müharibəsinin ilk illərində Azərbaycanın nizami ordusu yox idi, ona görə də ön cəbhədə torpaq uğrunda polis vuruşurdu, şəhidlər verirdi. Qanunsuz silahlı dəstələrlə polis mübarizə aparırdı. Respublika daxili işlər orqanlarının əməyini daim yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev 2002-ci ildə polisin peşə bayramında şəxsən iştirak edərək xidməti fəaliyyətlə bağlı dəyərli fikirlər söylədi. Eyni zamanda, nöqsanları göstərib tövsiyələrini verdi, vəzifələri müəyyənləşdirdi və nitqini bu sözlərlə bitirdi: "Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Bir daha deyirəm, mən Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram”.
Cənab Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirərək demişdir: "Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər”. Birinci müavin bildirib ki, 105 illik tarixə malik Azərbaycan Polisi şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Bu gün asayişin qorunmasında polisin xüsusi xidmətləri yüksək dəyərləndirilməlidir. Ölkəmizin dünyada sabitlik adası kimi tanınması, nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini keçirmək üçün məhz Azərbaycanı seçmələri təsadüfi deyil. Bu, dövlət başçısının müəyyənləşdirdiyi daxili və xarici siyasətin bəhrəsi, eyni zamanda, polisin öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsinin bariz nümunəsidir. Ölkədə baş verən hadisələr, sabitliyin davamlı olması, cinayət hadisələrinin üstünün isti izlərlə açılması da təsdiqləyir ki, Azərbaycan Polisi sabitliyin, əmin-amanlığın qorunması, vətəndaşların rahat və təhlükəsiz yaşaması istiqamətində ciddi fəaliyyət göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar ölkəmizdə müsbət dəyişikliklərin fonunda hüquq-mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyətinin gücləndirilməsi, xalqa, dövlətə sədaqətli şəxsi heyətin formalaşdırılması və qanunun aliliyini əsas prinsip kimi qiymətləndirən əməkdaşların peşə xidmətinə cəlb edilməsi kimi önəmli addımlar atılıb. Bununla yanaşı, daxili işlər orqanlarının fəaliyyətini, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi mexanizmlərini tənzimləyən qanunvericilik bazası daha da möhkəmləndirilib. Son illərdə mütəşəkkil cinayətkarlığa, sabitliyə təhdid yaradan təhlükələrə qarşı mübarizədə uğurlu nəticələrə nail olunub, vətəndaşların dinc, əmin-amanlıq içərisində yaşamaları üçün zəruri şərait yaradılıb. Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. M.Alıyev qeyd edib ki, bu gün Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təminində, daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilən vəzifəsini layiqincə yerinə yetirir. 44 günlük Vətən müharibəsində istər ictimai asayişin qorunmasında, istər vətəndaşların təhlükəsizliyinin təmin edilməsində polis əməkdaşlarının gördükləri işlər minnətdarlıqla qarşılanmalıdır. Birinci müavin bildirib ki, Ulu Öndərin hüquq-mühafizə orqanları ilə bağlı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkə başçısının polis əməkdaşlarının əməyini yüksək qiymətləndirərək hər zaman orden və medallarla, xüsusi rütbələrlə mükafatlandırması onlara olan qayğının əyani göstəricisidir.
Tədbir iştirakçılarından Qazax Rayon Prokurorunun müavini Nihad Əmirli, Qazax Rayon Polis Şöbəsində İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis baş leytenantı Xəzrin Oruclu, veteran polis Qayıb Civişov və başqaları çıxış edərək əlamətdar gün münasibətilə bütün polis əməkdaşlarını təbrik edib, polisin şanlı tarixinin ən mühüm mərhələlərinin, dövlətə sədaqətli xidmət ənənəsinin başlanğıcının Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə qırılmaz şəkildə bağlı olduğunu, Azərbaycan Polisinin ölkədə təhlükəsizliyin, sabitliyin, asayişin təminatçısı olduğunu bildiriblər. Ölkəmizdə sabitliyin qorunmasında onların xidmətlərindən, dövlətin hüquq-mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıblar. 105 illik tarixə malik Azərbaycan Polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini qeyd ediblər. Qazaxda bütün hüquq-mühafizə orqanları əməkdaşlarının öz işlərini qarşılıqlı əməkdaşlıq şəraitində qurduqlarını bildirərək vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində bundan sonra böyük səylə çalışacaqlarını vurğulayıblar.
Daha sonra Azərbaycan Respublikası Polisinin yaranmasının 105-ci ildönümü münasibətilə Qazax RPŞ-nin əməkdaşları xidmətdə əldə etdikləri yüksək nəticələrə, xidməti vəzifələrini nümunəvi və layiqincə yerinə yetirdiklərinə, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə işində fərqləndiklərinə görə bir qrup polis əməkdaşı Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev Qazax Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün komandiri, polis mayoru Bağırov Haqverdi Yəhya oğluna, həmin bölüyün manqa komandiri, polis baş serjantı Mustafayev Abbas Vilayət oğluna, Qazax RPŞ-nin İctimai təhlükəsizlik bölməsi sahəsinin polis nəfəri, polis serjantı Musayev Baba Valeh oğluna, RPŞ-nin Uçot-qeydiyyat və statistika işləri qrupunun kiçik inspektoru, polis baş serjantı Xudiyev Amil Arif oğluna səmimi təbriklərini çatdıraraq Fəxri Fərmanları təqdim edib.
Tədbirdə həmçinin, veteran polis işçiləri də hədiyyələrlə mükafatlandırılıblar.
Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov sonda bir daha bütün polis əməkdaşlarına səmimi arzularını çatdırıb, təbrikə gələn rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş