Qazaxda icra başçısı bir qrup Polis əməkdaşını peşə bayramları münasibətilə Fəxri Fərmanla təltif edib
İyulun 2-də Azərbaycan Polisi yaranmasının 104-cü ildönümünü qeyd edir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu əlamətdar gün qeyd edilib. 2 iyul – polis işçilərinin peşə bayramı ilə əlaqədar Qazax Rayon Polis Şöbəsinin akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları, təqaüddə olan veteran polislər, şəhid ailələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Dahi şəxsiyyətin adını daşıyan Mərkəzdə həyat və fəaliyyətini özündə əks etdirən stendlərlə tanış olublar.
Sonra Qazax Rayon Polis Şöbəsinin akt zalında davam edən tədbirdə torpaqlarımızın ərazi bütövlüyünün qorunması zamanı öz xidməti vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirərək Şəhidlik zirvəsinə ucalmış polis əməkdaşlarının, eləcə də bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Polisinin yaranmasının 104-cü ildönümü münasibətilə bütün şəxsi heyəti, veteran polis əməkdaşlarını, torpaqlarımızın müdafiəsi uğrunda Şəhidlik zirvəsinə ucalmış və xidməti borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının ailə üzvlərini ürəkdən təbrik edib, möhkəm cansağlığı, xoşbəxtlik, səadət, çətin, lakin çox şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayıb. Polis rəisi Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına ünvanladığı təbrik məktubunu oxuyub, Qazax polisinin ünvanına səslənən xoş sözləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
S.Əsədov Azərbaycan Polisinin yaranmasından və ötən 104 il ərzində keçdiyi şanlı tarixi yoldan söz açıb. Qeyd edib ki, 1918-ci il iyulun 2-də asayişin mühafizə dəstələri ilə fəaliyyətə başlayan polis orqanları ötən müddətdə şərəfli bir xidmət yolu keçərək böyük təcrübə qazanmış, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin dayaqlarından birinə çevrilmişdir. Bu gün Azərbaycan Polisi respublikamızın ərazi bütövlüyünün, dövlətin konstitusiya quruluşunun qorunmasında önəmli xidmətləri və güclü nizam-intizamı olan mühüm bir dövlət təsisatıdır. Yarandığı gündən şərəfli bir xidmət yolu keçən Azərbaycan Polisi bütün dövrlərdə cinayətkarlıqla mübarizənin, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsinin ön sıralarında olmuş, respublikanın ərazi bütövlüyü uğurunda döyüşlərdə mərdlik, cəsarət və qəhrəmanlıq göstərmişdir. Fəxr edirik ki, ölkədə ictimai təhlükəsizliyi, əhalinin dincliyini, qanunçuluğu və hüquq qaydasını qorumaq kimi çətin, həmçinin məsul vəzifələri yerinə yetirən Azərbaycan Polisi və onun tərkib hissəsi olan Qazax Rayon Polis Şöbəsi bu tarixi günü qanuna, xalqa, dövlətə, ölkə başçısına sədaqətli xidməti ilə qarşılayır. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi yeni, demokratik Azərbaycanın qurulmasına yönəlmiş strateji kursunu müvəffəqiyyətlə inkişaf etdirən Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevin böyük diqqət və qayğısı daxili işlər orqanlarında, o cümlədən Qazax RPŞ-də fəaliyyətin canlanması üçün mühüm stimul olmuş, professionallığın yüksəlməsində və qanunçuluğun möhkəmlənməsində əvəzsiz rol oynamışdır.
S.Əsədov Azərbaycan polisinin torpaqlarımızın qorunmasında böyük fədakarlıq göstərdiyini, ordunun formalaşmadığı bir vaxtda Vətənin dar günündə hər zaman dövlətə sadiqlik nümyiş etdirdiyini qeyd edib. Birinci Qarabağ müharibəsində 1695 nəfər polis əməkdaşının şəhid olduğunu, 1710 nəfərin isə yaralandığını bildirib. 67 nəfər polis əməkdaşının Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü, 1143 nəfərin orden və medallarla təltif edildiyini qeyd edib. S.Əsədov bildirib ki, xidməti vəzifəsini yerinə yetirərkən 100 nəfərdən çox polis əməkdaşı şəhid olmuş, 2650 nəfər polis əməkdaşı xəsarət alıb. Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarından Birinci Qarabağ müharibəsində 8 nəfərin Şəhidlik zirvəsinə ucaldığını vurğulayıb. Həmin şəhidlərimizdən 2 nəfərin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü söyləyib. Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz vətənpərvərliklərini və şücaətlərini şanlı Vətən müharibəsində də nümayiş etdirdi. Doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə sarsıdıcı zərbələr vuraraq, yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yazdılar. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallara, o cümlədən dörd nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Qazax rayonundan iki nəfərin - Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri, xüsusi təyinatlı dəstənin 2-ci xüsusi həmlə qrupunda 2-ci yarımqrup komandiri kimi xidmət etmiş, Vətən müharibəsi şəhidi Abdullayev Sərxan Elxan oğlunun və DİN-nin DQ-nın "N” saylı hərbi hissəsində XTD-də, 5-ci XƏQ-nun, 2-ci XƏ yarım qrupunda atıcı qumbaraatan, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlunun Şəhidlik zirvəsinə ucaldıqlarını söyləyib.
Polis rəisi 2022-ci ilin 6 ayı ərzində Qazax rayonunda 109 cinayət hadisəsinin qeydə alındığını, həmin cinayətlərdən 95,1 faizinin açılmasının təmin edildiyini vurğulayıb. Polis rəisi narkomaniya ilə mübarizə sahəsində görülmüş işləri diqqətə çatdıraraq 6 ay ərzində bu sahədə 41 faktın qeydə alındığını, mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini qeyd edib.
Polis rəisi S.Əsədov Azərbaycan dövlətinə xidmətə görə hər bir polis əməkdaşına təşəkkür edib. Önəmli fəaliyyəti, dövlətə, dövlətçiliyə və anda sadiqliyi hər zaman yüksək dəyərləndirən Qazax RPŞ-nin əməkdaşlarının hörmətli Nazir general-polkovnik Vilayət Eyvazovun qarşılarına qoyduğu tapşırıqları bundan sonra da layiqincə yerinə yetirəcəklərinə, hüquq qaydalarının və daxili sabitliyin keşiyində bundan sonra da ayıq-sayıq dayanacaqlarına, Azərbaycan Respublikasına ləyaqətlə xidmət edəcəklərinə əminliyini vurğulayıb.
S.Əsəsdov sonda Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunmasını polis işçilərinə göstərilən qayğının təzahürü kimi qiymətləndirib. Bildirib ki, rayon polis şöbəsinin əməkdaşları Azərbaycan qanunlarına, xalqa, Vətənə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevə daim sadiqdirlər və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqlar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək 104 illik tarixi bir yol qət edən Azərbaycan Polisi əməkdaşlarının peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov başda olmaqla, bütün polis işçilərini təbrik edib. Qeyd edib ki, nitqimi Ulu Öndər Heydər Əliyevin Polis haqqında işlətdiyi bir ifadə ilə başlamaq istəyirəm: "Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensial vardır. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcüddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır”. Azərbaycan Polisinin ölkəmizdə ictimai sabitliyin təmin olunmasındakı rolundan danışan icra başçısı bildirib ki, daxili işlər orqanlarında xidmətə hazırlığın yüksəlməsi, intizamın artması, mənəvi psixoloji durumun və sosial müdafiənin yaxşılaşdırılması, peşəkar kadr özəyinin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Zəngin tarixi təcrübəsi olan Azərbaycan Polisi öz peşə bayramını da məhz Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildən qeyd edir. Azərbaycan Polisinə verilən bu önəmin səbəbi isə ondan qaynaqlanır ki, Ulu Öndər ictimai sabitliyin qorunub saxlanmasında, cinayətkarlıq hallarının qarşısının alınmasında daxili işlər orqanlarının fəaliyyətini daim yüksək qiymətləndirib. Azərbaycan Polisi dövlətə və xalqa yüksək sadiqlik nümayiş etdirməklə mühüm vəzifələrinin öhdəsindən həmişə layiqincə gəlib.
İcra başçısı bildirib ki, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik respublikamızın müstəqillik tarixinin ən mühüm nailiyyətlərindən biridir. Təbii ki, sabitliyin əldə olunması o qədər də asan başa gəlməmişdir. Ölkəmiz öz dövlət müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşmişdi. Həmin dövrün çətinliklərinin əsas hissəsi, məhz Azərbaycan Polisinin üzərinə düşürdü. Qarabağ müharibəsinin ilk illərində Azərbaycanın nizami ordusu yox idi, ona görə də ön cəbhədə torpaq uğrunda polis vuruşurdu, şəhidlər verirdi. Qanunsuz silahlı dəstələrlə polis mübarizə aparırdı.
Respublika daxili işlər orqanlarının əməyini daim yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev 2002-ci ildə polisin peşə bayramında şəxsən iştirak edərək xidməti fəaliyyətlə bağlı dəyərli fikirlər söylədi. Eyni zamanda, nöqsanları göstərib tövsiyələrini verdi, vəzifələri müəyyənləşdirdi və nitqini bu sözlərlə bitirdi: "Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Bir daha deyirəm, mən Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram”.
Cənab Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirərək demişdir: "Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər”.
Rayon rəhbəri bildirib ki, 104 illik tarixə malik Azərbaycan Polisi şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Bu gün asayişin qorunmasında polisin xüsusi xidmətləri yüksək dəyərləndirilməlidir. Ölkəmizin dünyada sabitlik adası kimi tanınması, nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini keçirmək üçün məhz Azərbaycanı seçmələri təsadüfi deyil. Bu, dövlət başçısının müəyyənləşdirdiyi daxili və xarici siyasətin bəhrəsi, eyni zamanda, polisin öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsinin bariz nümunəsidir. Ölkədə baş verən hadisələr, sabitliyin davamlı olması, cinayət hadisələrinin üstünün isti izlərlə açılması da təsdiqləyir ki, Azərbaycan Polisi sabitliyin, əmin-amanlığın qorunması, vətəndaşların rahat və təhlükəsiz yaşaması istiqamətində ciddi fəaliyyət göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar ölkəmizdə müsbət dəyişikliklərin fonunda hüquq-mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyətinin gücləndirilməsi, xalqa, dövlətə sədaqətli şəxsi heyətin formalaşdırılması və qanunun aliliyini əsas prinsip kimi qiymətləndirən əməkdaşların peşə xidmətinə cəlb edilməsi kimi önəmli addımlar atılıb. Bununla yanaşı, daxili işlər orqanlarının fəaliyyətini, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi mexanizmlərini tənzimləyən qanunvericilik bazası daha da möhkəmləndirilib. Son illərdə mütəşəkkil cinayətkarlığa, sabitliyə təhdid yaradan təhlükələrə qarşı mübarizədə uğurlu nəticələrə nail olunub, vətəndaşların dinc, əmin-amanlıq içərisində yaşamaları üçün zəruri şərait yaradılıb. Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir.
İcra başçısı qeyd edib ki, bu gün Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təminində, daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilən vəzifəsini layiqincə yerinə yetirir. Bütün dünyada, o cümlədən də ölkəmizdə tüğyan edən koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdə daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti, dövlətimizə olan dəstəyi danılmazdır. Bundan əlavə, 44 günlük Vətən müharibəsində istər ictimai asayişin qorunmasında, istər vətəndaşların təhlükəsizliyinin təmin edilməsində polis əməkdaşlarının gördükləri işlər minnətdarlıqla qarşılanmalıdır.
Rayon rəhbəri bildirib ki, Ulu Öndərin hüquq-mühafizə orqanları ilə bağlı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkə başçısının polis əməkdaşlarının əməyini yüksək qiymətləndirərək hər zaman orden və medallarla, xüsusi rütbələrlə mükafatlandırması onlara olan qayğının əyani göstəricisidir.
Qazax Rayon Prokuroru Rauf Gözəlov, Rayon Məhkəməsinin sədri Nemət Musayev, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının "Qazax” Əlahiddə Diviziyasının komandiri Bəhmən Babayev çıxış edərək əlamətdar gün münasibətilə bütün polis əməkdaşlarını təbrik edib, polisin şanlı tarixinin ən mühüm mərhələlərinin, dövlətə sədaqətli xidmət ənənəsinin başlanğıcının Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə qırılmaz şəkildə bağlı olduğunu, Azərbaycan Polisinin ölkədə təhlükəsizliyin, sabitliyin, asayişin təminatçısı olduğunu bildiriblər. 104 illik tarixə malik Azərbaycan Polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini qeyd ediblər. Qazaxda bütün hüquq-mühafizə orqanları əməkdaşlarının öz işlərini qarşılıqlı əməkdaşlıq şəraitində qurduqlarını bildirərək vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində bundan sonra böyük səylə çalışacaqlarını vurğulayıblar.
Tədbirdə iştirak edən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri, xüsusi təyinatlı dəstənin 2-ci xüsusi həmlə qrupunda 2-ci yarımqrup komandiri kimi xidmət etmiş, Vətən müharibəsi şəhidi Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış edərək polis əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib. Şəhid ailəsi kimi dövlətin qayğısını hər zaman hiss etdiyini söyləyib. Ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Daxili İşlər naziri Vilayət Eyvazova, rayon rəhbərliyinə, Rayon Polis Şöbəsinin kollektivinə şəhid ailələrinə göstərilən qayğıya görə minnətdarlığını bildirib.
Tədbir iştirakçılarından veteran polis Qayıb Civişov, polis əməkdaşları çıxış edərək polis işçilərini peşə bayramları münasibətilə təbrik edib, ölkəmizdə sabitliyin qorunmasında onların xidmətlərindən, dövlətin hüquq-mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıblar. 104 illik tarixə malik Azərbaycan Polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini qeyd ediblər.
Daha sonra Azərbaycan Respublikası Polisinin yaranmasının 104-cü ildönümü münasibətilə Qazax RPŞ-nin əməkdaşları xidmətdə əldə etdikləri yüksək nəticələrə, xidməti vəzifələrini nümunəvi və layiqincə yerinə yetirdiklərinə, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə işində fərqləndiklərinə görə bir qrup polis əməkdaşı Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Aslanov Fəxri Ələddin oğluna, Qazax RPŞ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun baş inspektoru, polis mayoru İbrahimxəlilov Məzahir Hacixəlil oğluna, RPŞ-nin Cinayət-axtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Salahov Elgün Fuad oğluna, RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi, polis leytenantı Göyüşov İmran Rza oğluna, RPŞ-ninUçot qeydiyyat və statistik informasiya qrupunun kiçik inspektoru, polis baş serjantı Xudiyev Amil Arif oğluna, RPŞ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Ənsəryev Elnur Ələsgər oğluna, RPŞ-ninPost-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Mansurov Sirac İbrahim oğluna səmimi təbriklərini çatdıraraq Fəxri Fərmanları təqdim edib.
Tədbirdə həmçinin, veteran polis işçiləri də hədiyyələrlə mükafatlandırılıblar.
Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov sonda bir daha bütün polis əməkdaşlarına səmimi arzularını çatdırıb, təbrikə gələn rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş