Qazaxda icra başçısı suvarma sahəsində çalışan bir qrup işçini peşə bayramları münasibətilə Fəxri Fərmanla təltif edib
5 İyun – "Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunur. Azərbaycanda meliorasiya təsərrüfatının əsaslı inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi, kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Əkin dövriyyəsi genişlənib, məhsuldarlıq yüksəlib, sahəyə xidmət edən qurumlarla işgüzar, səmərəli əlaqələr formalaşıb. Bu baxımdan əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsində su təsərrüfatı işçilərinin böyük əməyi var. Prezident İlham Əliyevin 2014-cü il mayın 14-də imzaladığı Sərəncamla iyunun 5-i "Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi su təsərrüfatı işçilərinin əməyinə verilən qiymətdir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bütün sahələrdə olduğu kimi, bu sahədə çalışan insanları da daim diqqət mərkəzində saxlayır, peşə bayramları münasibətilə təbrik və təltif etməyi unutmur. Rayon rəhbəri hər il olduğu kimi, bu il də Qazax Rayon Suvarma Sistemləri İdarəsinin bir qrup əməkdaşını Fəxri Fərmanla təltif edib.
İyunun 4-də Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev Qazax Rayon Suvarma Sistemləri İdarəsinin kollektivini əlamətdar gün münasibətilə təbrik etmək üçün həmin müəssisədə olub.
Əlamətdar gün münasibətilə keçirilən tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
M.Alıyev rayon rəhbərliyinin adından idarənin kollektivini 5 İyun – "Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətilə təbrik edib, səmimi və xoş arzularını çatdırıb. Birinci müavin Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən məqsədyönlü siyasət sayəsində bu gün bütün xidmət sahələrində olduğu kimi, əhalinin içməli və suvarma suyu ilə təminat sahəsində də bir çox uğurların əldə edildiyini deyib. Bildirib ki, əhalinin keyfiyyətli və fasiləsiz içməli və suvarma suyu ilə təmin edilməsi üçün paytaxtla yanaşı, bölgələrdə də əhaliyə yüksək səviyyədə xidmətlərin göstərilməsi məqsədilə müasir tələblərə cavab verən su-kanal idarələrinin inzibati binalarının tikintisi, içməli su ilə təchizat və kanalizasiya sisteminin yenidən qurulması bunu deməyə əsas verir. Qazax şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması layihəsinin uğurla icra olunması bu dediklərimizin əyani sübutudur.
Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində ölkəmizdə mühüm tədbirlərin həyata keçirildiyini qeyd edən M.Alıyev Qazax rayonunda da bu sahədə işlərin görüldüyünü bildirib. Qeyd edib ki, təkcə son illər Qazax rayonunda dövlət başçısının müvafiq Sərəncamları ilə 2016-cı ildə 5, 2017-ci ildə 11, 2018-ci ildə 11, 2019-cu ildə 11, 2020-ci ildə 14, 2021-ci ildə 10 ədəd yeni subartezian quyusunun qazılaraq sakinlərin istifadəsinə verilməsi bu sahədə görülən işlərin əyani sübutudur. Bu gün ölkə rəhbərinin diqqət və qayğısı sayəsində imzaladığı müvafiq Sərəncamlarla rayon ərazisində qazılmış 205 ədəd suabartezian quyusu kənd sakinlərinin ixtiyarındadır ki, bu da onların əkin sahələrinin suvarılmasında böyük əhəmiyyət daşıyır.
M.Alıyev bildirib ki, ildən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Son illər bu sahənin daim diqqət mərkəzində saxlanması, hər il rayonda olan suvarma arx və kanalların təmir olunması, kol-kosdan və lildən təmizlənməsi istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, bu sahədə əldə edilən uğurlar öz bəhrəsini verir. Son illər rayon ərazisindəki suvarma arxlarının təmizlənməsi sahəsində görülmüş işlərdən danışan birinci müavin statistik rəqəmləri diqqətə çatdırıb. 2017-ci ildə 274,78 km məsafədə təmizlənmə işi aparılmışdır ki, bunun da 153,99 km-i texnika, 120,79 km-i isə əl əməyi ilə həyata keçirilib. 2018-ci ildə 302,44 km arx və kanallarda təmizlik işləri görülmüşdür ki, 151,43 km-i texnika, 151,01 km-i isə əl əməyi ilə aparılıb. 2019-cu ildə 153,49 km-i texnika, 149,74 km-i əl əməyi ilə olmaqla 303,23 km məsafədə təmizlik işləri görülüb. 2020-ci ildə əkin sahələrinin suvarılması məqsədilə 124,67 km-i texnika, 206,82 km-i əl əməyi ilə olmaqla 331,49 km məsafədə arx və kanallarda təmizlik işləri aparılıb. 2021-ci ildə də işlər eyni qaydada həyata keçirilib. Bu məqsədlə 106,02 km-i texnika, 189,51 km-i əl əməyi ilə olmaqla 295,53 km məsafədə arx və kanallarda təmizlik işləri yerinə yetirilib. 2022-ci ildə isə 347,60 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparıldığını, bunun da 163,30 km-nin texnika, 184,30 km-nin əl əməyi ilə həyata keçirildiyini bildirib. Son 6 ildə 852,90 km-i texnika, 1002,17 km-i əl əməyi ilə olmaqla, 1855,07 km məsafədə təmizlik işlərinin aparıldığını qeyd edib. M.Alıyev həyata keçirilən bütün bu işlərdə Suvarma Sistemləri İdarəsinin əməkdaşlarının böyük əməyi və zəhməti olduğunu bildirib.
Sonra 5 İyun – "Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətilə və əmək funksiyalarını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə Suvarma Sistemləri İdarəsinin rəisi Vəkilov Məhəd Moşu oğlu, idarədə baş hidrotexnik Nəbiyev Məqsəd Cəlal oğlu, sudan istifadə şöbəsinin rəisi Mehdiyev Cavid Mayil oğlu, mühəndis elektrik Mustafayev Məhəmməd Zülfüqar oğlu Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər. M.Alıyev Fəxri Fərmanları təqdim edərək bir daha səmimi qəlbdən təbrik edib, bundan sonrakı işlərində uğurlar arzulayıb.
Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov çıxış edərək Respublika Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamı bu sahədə çalışan insanların əməyinə verilən ən yüksək qiymət kimi dəyərləndirib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova onlara göstərdiyi qayğıya və etimada görə öz dərin minnətdarlığını bildirib. Kollektiv olaraq bundan sonra da rayonun suvarma suyu ilə təmin olunması, kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində daha böyük səylə çalışacaqlarını qeyd edib.
Fəxri Fərmanla təltif olunan idarənin əməkdaşları da əməklərinə verilən qiymətə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdıraraq onlara olan etimadı əməli işləri ilə doğruldacaqlarını vurğulayıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş