• Təqvim

  • Maraq



“Şəhid ölməz, Vətən bölünməz...” söyləyərək bu amal uğrunda canından keçən oğullarımız heç vaxt unudulmayacaq

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Şəhidlik uca zirvədir. Şəhidlik elə bir uca zirvədir ki, ana Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız bizim aramızda olmasa da, ürəklərimizdə hər zaman yaşayırlar. Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Bəli, bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimizdir. Qazaxlılar hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Ölümün gözünə dik baxaraq canlarını Vətənə fəda edən igid oğullarımızı xatırlamaq, yad etmək, ən əsası da gələcək nəsillərə örnək göstərmək hər birimizin ən ümdə vəzifəmiz olmalıdır. Çünki “Şəhid ölməz, Vətən bölünməz...” söyləyərək bu amal uğrunda, torpaqlarımızın ərazi bütövlüyü naminə döyüşlərdə qəhrəmancasına şəhid olan oğullarmız bizlərə Vətəni, üçrəngli bayrağı əmanət edən şəxslərdir. O şəxslər ki, ilk və son kəlmələri Vətən olub. Bu gün biz vətəndaşlar da onların xatirəsini daim yaşatmaqla, bizlərə əmanət etdiklərinə sahib çıxmaqla ruhlarını şad etməliyik. Vətən torpaqlarının ərazi bütövlüyü tam olsun deyə canlarını fəda edən, öz qanları ilə adlarını şəhidlik adlı zirvəyə yazan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan şəhidlərimizi yad etmək bizim mənəvi borcumuz olmaqla yanaşı, həm də ən ümdə vəzifəmizdir. 

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar", “Vətəni canından əziz bilənlər” və "Şanlı Vətən Oğulları" kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Milli Qəhrəman Əjdər Babayevin, Elşad Sanıyevin, Yusif Vəliyevin, kiçik çavuş Sərxan Mustafayevin, Dursun Allahverənovun, İmran Allahverənovun, Namiq Vəliyevin, Dilqəm Zeynalovun, Ayaz Mehtiyevin, Niyazi Quliyevin, Qulu Yusifovun, Rafiq İsmayılovun, çavuş Akşin Məmmədovun, əsgər Elmar Omarovun əziz xatirəsini ehtiramla yad edirik. 

Milli Qəhrəman Babayev Əjdər Xalıqverdi oğlu


Babayev Əjdər Xalıqverdi oğlu 26 avqust 1950-ci ildə Qazax rayonunun Mollacəfərli kəndində anadan olmuşdur. Sonradan onun ailəsi Ağstafaya (Xətai kəndi) köçmüşdür. 1958-ci ildə burada məktəbə getmiş və 1967-ci ildə həmin məktəbi bitirmişdir. 1969-cu ildə hərbi xidmətə çağırılır, sonra isə ordudan tərxis olunan Əjdər Nərimanov rayon polis şöbəsinə işə qəbul edilir. Nümunəvi polis işçisi kimi dəfələrlə DİN-in mükafatlarına layiq görülmüşdür. 1995-ci il 13-17 mart hadisələri Vətənin sarsıntılı günləri idi. Silahlı dəstələrin zərərsizləşdirilməsində Əjdər Babayev böyük şücaət göstərdi. Vətənimizin bu cəsur övladı qardaş gülləsinə tuş gələrək əbədiyyətə qovuşdu. Evli idi, dörd övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Əjdər Xalıqverdi oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Ağstafa rayonunda dəfn edilmişdir, adına məktəb var.

Sanıyev Elşad Şərif oğlu


Sanıyev Elşad Şərif oğlu 3 iyul 1973-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1980-ci ildə Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1990-cı ildə orta məktəbi bitirmişdir. SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Sanıyev Elşad Şərif oğlu 17 mart 1993-cü ildə Naxçıvan şəhərində Sədərək rayonunda xidməti vəzifə borcunu yerinə yetirərkən şəhid olmuşdur.

Vəliyev Yusif İbrahim oğlu


Vəliyev Yusif İbrahim oğlu 17 mart 1959-cu ildə Qazax rayonunun Əlibayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. 1966-cı ildə Əlibayramlı (hazırkı Aslanbəyli) kənd tam orta məktəbin 1-ci sinifinə getmiş, 1976-cı ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1977-ci ildə hərbi xidmətə getmişdir. 1979-cu ildə hərbi xidmətdən qayıtmış, 1980-ci ildə Bakı şəhəri 54 nömrəli texniki kollecin armaturçu, elektrikçi, qaynaqçı peşəsini bitirmişdir. 2 avqust 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhədində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur.

Kiçik çavuş Mustafayev Sərxan İslam oğlu


Şəhid Sərxan Mustafayev 21 mart 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 01.09.2001-ci ildə Qazax rayon Aslanbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 30.05.2009-cu il tarixdə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 01.04.2012-ci ildən 01.10.2013-cü il tarixədək Bakı şəhərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. 03.06.2014-cü il tarixdən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. “N” saylı hərbi hissənin manqa komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Sərxan Mustafayev 31.10.2020-ci il tarixdə Füzuli–Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 02.11.2020-ci il tarixdə doğulduğu Aslanbəyli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. İki azyaşlı – Ümid adlı oğul, Zümrüd adlı qız övladı yadigar qalıb. 

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Sərxan Mustafayevin döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid kiçik çavuş Sərxan Mustafayev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Doğulduğu kənddə məzarının yaxınlığında yolun kənarında adını əbədləşdirən bulaq inşa olunub. 

Allahverənov Dursun Vəli oglu


Allahverənov Dursun Vəli oglu 18 iyul 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1955-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1965-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1967-ci ildən 1969-cu ilə qədər keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 21 mart 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə özü və oğlu Allahverənov İmran Dursun oğlu ilə birlikdə şəhid olmuşdur.

Allahverənov İmran Dursun oğlu


Allahverənov İmran Dursun oğlu 12 avqust 1974-cü ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1981-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1991-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Məktəbi bitirdikdən sonra könüllü olaraq “N” saylı hərbi hissənin tərkibində Aşağı  Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 21 mart 1992-ci ildə atası ilə birlikdə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur.

Vəliyev Namiq Yusif oğlu


Vəliyev Namiq Yusif oğlu 21 mart 1972-ci ildə Qazax şəhərində fəhlə ailəsində anadan olub. 1979-cu ildə bu gün adını daşıdığı şəhər 5 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Oxuduğu müddətdə çalışqan, mehriban, nizamlı bir şagird kimi həmişə yoldaşlarından seçilmişdir. 04.06.1990-cı ildən 25.05.1992-ci ilədək Minsk şəhərində Qamel və Zaparoje vilayətlərində hərbi xidmətdə olmuş, dəfələrlə valideynlərinə Təşəkkür məktubları gəlmişdir. Erməni işğalçılarının respublikanın sərhəd kəndlərinə hücum etməsinə dözməyən Namiq 1992-ci ilin iyun ayından könüllü orduya daxil olur və ən ağır döyüş mövqelərində vuruşur. 1992-ci ilin 29 dekabrında isə Barxudarlı kəndinin müdafiəsi zamanı Lələkənddə erməni qəsbkarlarına qarşı döyüşdə qəhrəmancasına şəhid olur. Döyüş yoldaşları ilə birlikdə 42 gündən sonra düşməndən nəşi geri qaytarılan Namiq 1993-cü il fevralın 11-də şəhərdə şəhidlər qəbiristanlığında dəfn olunub. 

Zeynalov Dilqəm Camal oğlu


Zeynalov Dilqəm Camal oğlu 4 avqust 1974-cü ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. 1981-ci ildə Səməd Hacıyev adna Orta Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1991-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1992-ci ildə həqiqi hərbi xidmətə getmiş, 21 mart 1996-cı ildə Ağdam rayonunun Təzəkənd kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

Mehtiyev Ayaz Oruc oğlu


Mehtiyev Ayaz Oruc oğlu 25 yanvar 1973-cü ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 22 mart 1992-ci ildə UAZ markalı maşınla gedərkən Cəfərli kəndi ərazisində erməni işğalçılarının yola qoyduqları minanın partlaması nəticəsində şəhid olmuşdur. 1992-ci ildə şəhid statusu verilmişdir.

Quliyev Niyazi Allahverdi oğlu


Quliyev Niyazi Allahverdi oğlu 26 fevral 1975-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəfərli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1991-сi ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1992-сi il mart ayının 22-də Sofulu kənd əhalisinin ev əşyalarının çıxarılmasına kömək edərkən Cəfərli-Sofulu yolunda “UAZ” markalı avtomobildə ermənilər tərəfindən qoyulmuş minaya düşmüşdür.  

Yusifov Qulu Firuddin oğlu


Yusifov Qulu Firuddin oğlu 11 mart 1974-cü ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəfərli kənd orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1991-сi ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1992-сi il mart ayının 22-də Sofulu kənd əhalisinin ev əşyalarının çıxarılmasına kömək edərkən Cəfərli-Sofulu yolunda “UAZ” markalı avtomobildə ermənilər tərəfindən qoyulmuş minaya düşmüşdür.  

İsmayılov Rafiq Namaz oğlu


İsmayılov Rafiq Namaz oğlu 15 fevral 1966-cı ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 22 mart 1992-ci ildə UAZ markalı maşınla gedərkən Cəfərli kəndi ərazisində erməni işğalçılarının yola qoyduqları minanın partlaması nəticəsində ağır yaralanmış, bir gün sonra 23 mart 1992-ci ildə şəhid olmuşdur. 1992-ci ildən şəhid statusu verilmişdir. 

Çavuş Məmmədov Akşin Vəlyəddin oğlu


Məmmədov Akşin Vəlyəddin oğlu 23 mart 1976-cı ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Xanlıqlar kənd tam orta məktəbi bitirdikdən sonra 1994-cü ildə Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmişdir. 1997-ci il yanvar ayının 16-da Murovdağda Gülüstan qəsəbəsində döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı zamanı şəhid olmuşdur. İstehkamçı manqa komandiri olmuşdur. Subay idi.

Əsgər Omarov Elmar Elvar oğlu


Şəhid Elmar Omarov 23 mart 2001-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 2008-ci ildə Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2019-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2019-cu ilin 3 iyulunda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. “N” saylı hərbi hissənin 1-ci tabor, 2-ci bölük, 1-ci tağımın tuşlayıcısı əsgər Elmar Omarov 09.11.2020-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 12 noyabr 2020-ci il tarixdə doğulub boya-başa çatdığı Qazax rayonunun İkinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Azərbaycanın ərazi bütövlüyü, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan əsgər Elmar Omarovun döyüşlərdə göstərdiyi igidlik və şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid əsgər Elmar Omarov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalları, 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Doğulduğu kənddə xatirəsini əbədiləşdirən bulaq inşa olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib.



Facebook-da paylaş