“Şəhidlər ölməz, Vətən bölünməz...” söyləyərək bu amal uğrunda canından keçən oğullarımızı daim yad etməliyik
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------
Şəhidlik uca zirvədir. Şəhidlik elə bir uca zirvədir ki, ana Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız bizim aramızda olmasa da, ürəklərimizdə hər zaman yaşayırlar. Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Bəli, bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimizdir. Qazaxlılar hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Ölümün gözünə dik baxaraq canlarını Vətənə fəda edən igid oğullarımızı xatırlamaq, yad etmək, ən əsası da gələcək nəsillərə örnək göstərmək hər birimizin ən ümdə vəzifəmiz olmalıdır. Çünki “Şəhid ölməz, Vətən bölünməz...” söyləyərək bu amal uğrunda, torpaqlarımızın ərazi bütövlüyü naminə döyüşlərdə qəhrəmancasına şəhid olan oğullarmız bizlərə Vətəni, üçrəngli bayrağı əmanət edən şəxslərdir. O şəxslər ki, ilk və son kəlmələri Vətən olub. Bu gün biz vətəndaşlar da onların xatirəsini daim yaşatmaqla, bizlərə əmanət etdiklərinə sahib çıxmaqla ruhlarını yad etməliyik. Vətən torpaqlarının ərazi bütövlüyü tam olsun deyə canlarını fəda edən, öz qanları ilə adlarını şəhidlik adlı zirvəyə yazan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan şəhidlərimizi yad etmək bizim mənəvi borcumuz olmaqla yanaşı, həm də ən ümdə vəzifəmizdir.
Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.
Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Saqif Nəsirovun, Əlləz Əlləzovun, Vilayət Əzizovun, Rəşad Nəsibovun, Nəsimi Hüseynovun, Şakir Əsgərovun əziz xatirəsini ehtiramla yad edirik.
Nəsirov Saqif Nəsir oğlu
Nəsirov Saqif Nəsir oğlu 25 mart 1973-cü ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 1980-88-ci illərdə Ürkməzli kənd tam orta məktəbin 8-ci sinifini bitirmişdir. Təhsilini 117 saylı Texniki Peşə Məktəbində davam etdirmişdir. 1992-ci ildə hərbi xidmətə çağırılmış, Bakı şəhərində Daxili Qoşunlarda hərbi xidmətə başlamışdır. 7 fevral 1993-cü ildə Ağdərə uğrunda gedən amansız döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ürkməzli kənd tam orta məktəbi şəhid Saqif Nəsirovun adını daşıyır.
Əlləzov Əlləz Ələddin oğlu
Əlləz Əlləzov 6 noyabr 1999-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdu. 2017-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbi bitirmişdi. 5 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdı. 2019-cu ilin 26 martında şəhadətə qovuşan şəhidimiz bir gün sonra – martın 27-də doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunub.
Əzizov Vilayət Abdulla oğlu
Əzizov Vilayət Abdulla oğlu 27 mart 1965-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. 1973-cü ildə Alı Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1993-cü ildə hərbi xidmətə getmişdir. 24 dekabr 1994-cü ildə Qazax rayonunun Qızıl Hacılı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Nəsibov Rəşad Hümbət oğlu
Nəsibov Rəşad Hümbət oğlu 1 sentyabr 1984-cü ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1991-ci ildə Məzəm kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuşdur. 27 mart 1995-ci ildə Məzəm kəndinin ərazisində quzu otararkən erməni silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Məktəbli idi.
Hüseynov Nəsimi Sarı oğlu
Hüseynov Nəsimi Sarı oğlu 28 mart 1975-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1982-ci ildə Qarapapaq kənd əsas məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1987-ci ildə həmin məktəbin 5-ci sinifinə kimi oxumuş, sonra təhsilini Saatlı rayonunun Cəfərxan qəsəbəsində davam etdirmişdir. 1993-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 1993-cü ilin payız çağırışında Qazax Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Ağdam rayonunda gedən döyüşlərdə iştirak etmişdir. 30 yanvar 1994-cü ildə Ağdərə rayonunun “Alobuz” yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.
Əsgərov Şakir Əsgər oğlu
Əsgərov Şakir Əsgər oğlu 31 mart 1966-cı ildə Ermənistanın Respublikasının Noyanberyan rayonunun Ayrım qəsəbəsində anadan olmuşdur. 1973-1983-cü illərdə Noyanberyan rayonunun Aşağı Körpülü kənd orta məktəbində təhsil almışdır. 1984-1986-cı illərdə SSRİ-də Moskva şəhərində hərbi xidmətdə olmuşdur. 3 may 1993-cü ildə ermənilər tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur.
Facebook-da paylaş