“Şəhid ölməz, Vətən bölünməz...” söyləyərək canından keçən igid oğullarımızı unutmamalıyıq
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------
Şəhidlik uca zirvədir. Şəhidlik elə bir uca zirvədir ki, Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız bizim aramızda olmasa da, ürəklərimizdə hər zaman yaşayırlar. Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Bəli, bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimizdir. Qazaxlılar hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Ölümün gözünə dik baxaraq canlarını Vətənə fəda edən igid oğullarımızı xatırlamaq, yad etmək, ən əsası da gələcək nəsillərə örnək göstərmək hər birimizin ən ümdə vəzifəmiz olmalıdır. Çünki “Şəhid ölməz, Vətən bölünməz...” söyləyərək bu amal uğrunda, torpaqlarımızın ərazi bütövlüyü naminə döyüşlərdə qəhrəmancasına şəhid olan oğullarmız bizlərə Vətəni, üçrəngli bayrağı əmanət edən şəxslərdir. O şəxslər ki, ilk və son kəlmələri Vətən olub. Bu gün biz vətəndaşlar da onların xatirəsini daim yaşatmaqla, bizlərə əmanət etdiklərinə sahib çıxmaqla ruhlarını şad etməliyik. Vətən torpaqlarının ərazi bütövlüyü tam olsun deyə canlarını fəda edən, öz qanları ilə adlarını Şəhidlik adlı zirvəyə yazan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan şəhidlərimizi yad etmək bizim mənəvi borcumuz olmaqla yanaşı, həm də ən ümdə vəzifəmizdir. Bu gün biz vətəndaşlar şəhidlərimizlə qürur duymalı və gələcək nəsillərin də onlarla qürur duyması üçün əlimizdən gələn var qüvvəmizlə çalışmalıyıq. Tanımalı və tanıtmalıyıq...
Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.
Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən gizir Hafiz Abdullayevin, Natiq Qənbərovun, baş gizir Azər Məmmədovun, Eldəniz Hacıyevin, Rizvan Məmmədovun, Vahid Osmanovun, gizir Səbuhi Məmmədovun, Tahir Fərzəliyevin, Rəsul Mirzəliyevin, Mərdan Nuruyevin, Ədilxan Bəşirovun, əsgər Akşin Nəsibovun əziz xatirəsini ehtiramla yad edirik.
Gizir Abdullayev Hafiz Məhəd oğlu
Abdullayev Hafiz Məhəd oğlu 1 yanvar 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Sumqayıt şəhərində 16 nömrəli tam orta məktəbə daxil olub. 2001-ci ildə həmin məktəbi bitirib. 2001-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. 2005-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində gizir rütbəsində xidmətə başlayıb. 2019-cu il mart ayının 4-də Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində xidməti vəzifəsini yerinə yetirərkən qar uçqununa düşərək itkin düşmüşdür. 12 aprel 2019-cu ildə Abdullayev Hafiz Məhəd oğlunun nəşi tapılaraq aidiyyəti üzrə təhvil verilib. 14 aprel 2019-cu ildə O, Yuxarı Salahlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Ailəli idi. 1 qız və 2 oğul övladı yadigar qalıb.
Qənbərov Natiq Qənbər oğlu
Qənbərov Natiq Qənbər oğlu 4 mart 1975-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 8 illik təhsilini Dəmirçilər kənd tam orta məktəbində almışdır. Təhsilini 156 saylı Texniki Peşə Məktəbində davam etdirmişdir. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmış və 707 saylı hərbi hissədə xidmətə başlamışdır. Sonra xidmətini 702 saylı hərbi hissədə davam etdirmişdir. 30 yanvar 1994-cü ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Dəmirçilər kənd sənətkarlıq evi şəhid Natiq Qənbərovun adını daşıyır.
Baş gizir Məmmədov Azər Mustafa oğlu
Baş gizir Məmmədov Azər Mustafa oğlu 4 mart 1993-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1999-2010-cu illərdə Qazax rayon Akif Bəbirov adına Xanbağı kənd tam orta məktəbində təhsil almışdır. Orta təhsillidir. 2011-ci ilin aprel ayından 2012-ci ilin oktyabr ayına qədər Lənkəran rayonunda Daxili Qoşunlarda həqiqi hərbi xidmətdə olmuşdur. 2019-cu ilin oktyabr ayından Xaçmaz rayonunda Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində snayper bölməsində 2B qrupunda xidmətə başlamışdır. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Mərdəkan qəsəbəsində Çevik Hərəkat Dəstəsində xidmətini baş gizir olaraq davam etdirib. 30.07.2022-ci il tarixdə ailə həyatı qurub.
12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Qubadlı-Zəngilan istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olmuşdur.
44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Respublika Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Zəngilanın azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları, 5.11.2022-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib. Doğulub boya-başa çatdığı Kəmərli kəndində adını əbədiləşdirən bulaq inşa olunub.
Hacıyev Eldəniz Nəsib oğlu
Hacıyev Eldəniz Nəsib oğlu 26 noyabr 1971-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1977-ci ildə Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1987-1989-cu illərdə Ukraynanın Çernobl şəhərində xidmətdə olmuşdur. 1993-cü ildə ordu sıralarına getmişdir. 707 saylı hərbi hissədə xidmət etmişdir. 5 mart 1994-cü ildə Kəlbəcər istiqamətində Murov dağında gedən döyüşlərdə şəhid olmuşdur. Subay olub. Qardaşı Hacıyev Ceyhun Nəsib oğlu isə 1 fevral 1994-cü ildə Kəlbəcər istiqamətində Murov dağında şəhid olmuşdur.
Məmmədov Rizvan Zəkəriyyə oğlu
Məmmədov Rizvan Zəkəriyyə oğlu 24 dekabr 1977-ci ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. 1984-cü ildə həmin kənddə orta məktəbin 1-ci sinifinə getmiş, 8-ci sinifi bitirdikdən sonra məktəbdən çıxmışdır. 1995-ci ildə Qazax rayon hərbi komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 5 mart 1999-cu ildə Füzuli döyüş bölgəsində şəhid olmuşdur. 7 mart 1999-cu ildə Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.
Osmanov Vahid David oğlu
Osmanov Vahid David oğlu 16 oktyabr 1965–ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1973-1983-cü illərdə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1983-1984-cü illərdə 156 saylı texniki peşə məktəbində təhsil almışdır. 1995-ci ilin mart ayının 5-də xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. Ailəli idi. İki övladı var.
Xüsusi Təyinatlı Qüvvələrin giziri Məmmədov Səbuhi Hümbət oğlu
Şəhid Səbuhi Məmmədov 6 mart 1995-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2001-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2013-cü ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə getmiş, 2014-cü ilin oktyabrında hərbi xidmətdən tərxis olunmuşdur. 2017-ci ilin yanvarında Bakı şəhərində gizirlik kursu üzrə təhsil almış, aprel ayından “N” saylı hərbi hissədə top komandiri kimi fəaliyyətə başlamış, 2019-cu ildə “N” saylı hərbi hissəyə xüsusi təyinatlı bölüyə daxil olmuş və xidmətini orada davam etdirmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrinə kursa qəbul olmuş, kursu müvəffəqiyyətlə bitirmiş və xidmətini müxtəlif “N” saylı hərbi hissələrdə davam etdirmişdir.
Nümunəvi xidmətinə görə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə də təltif olunmuşdur.
Gizir Səbuhi Məmmədov 01.10.2020-ci il tarixdə Göygöl rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 02.10.2020-ci il tarixdə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Şəhid gizirimiz subay idi.
Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Səbuhi Məmmədov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyətinin başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib. Doğulub boya-başa çatdığı Bala Çaylı kəndində adını əbədiləşdirən bulaq inşa olunub.
Fərzəliyev Tahir Dursun oğlu
Fərzəliyev Tahir Dursun oğlu 20 avqust 1972-ci ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1979-cu ildə Hüseynbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1989-cu ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1991-ci ildə Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 6 mart 1994-cü ildə Qazax rayonunun Fərəhli kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Mirzəliyev Rəsul Məmmədyar oğlu
Mirzəliyev Rəsul Məmmədyar oğlu 24 yanvar 1968-ci ildə Qazax rayonunun Alpout kəndində anadan olmuşdur. 1975-1985-ci illərdə bu gün adını daşıyan Alpout kənd tam orta məktəbdə təhsil almşdır. 1986-1988-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1993-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. 7 mart 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hazırda Alpout kənd tam orta məktəbi Rəsul Mirzəliyevin adını daşıyır.
Nuruyev Mərdan Məmməd oğlu
Nuruyev Mərdan Məmməd oğlu 1 iyul 1970-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1977-ci ildə Yavər Mirzəyev adına Quşçu Ayrım kənd orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə həmin məktəbi bitirərək sovet ordusu sıralarına çağırılmışdır. Mərdan Nuruyev daha sonra Milli Ordu sıralarında xidmət etmişdir. 8 mart 1992-ci ildə Məzəm kəndində düşmən tərəfin açdığı atəş nəticəsində şəhid olmuşdur.
Bəşirov Ədilxan Əmirxan oğlu
Bəşirov Ədilxan Əmirxan oğlu 10 yanvar 1972-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1979-cu ildə Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1990-cı ildə sovetlər birliyində hərbi xidmətə çağırılmış, 1992-ci ildə tərxis olmuşdur. Həmin il Azərbaycan Milli Ordusuna çağırılmışdır. 9 mart 1993-cü ildə Qazax bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Hazırda Qaymaqlı kəndində adına bulaq var.
Əsgər Nəsibov Akşin Vasif oğlu
Nəsibov Akşin Vasif oğlu 10 mart 2004-cü ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 2010-2019-cu illərdə Qazax rayon Canalı kənd tam orta məktəbində təhsil almışdır. 2019-cu ildə məktəbin 11-ci sinifini bitirmiş və həmin il Qazax Dövlət Sosial-İqtisadi Kollecin mühasibat uçotu fakültəsinə qəbul olmuşdur. 2022-ci ildə kolleci bitirərək 27.10.2022-ci il tarixdə həqiqi hərbi xidmətə yola düşmüşdür. Nəsibov Akşin Vasif oğlu 19.09.2023-cü ildə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ağdərə rayonu istiqamətində şəhid olmuşdur. Nəşi 20.09.2023-cü ildə doğulduğu Canalı kəndinə gətirilmişdir. 21.09.2023-cü ildə Canalı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən əsgər Akşin Nəsibov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz əsgər Akşin Nəsibovun adı verilib.
Facebook-da paylaş