• Təqvim

  • Unutma

  • Maraq



“Şəhid ölməz, Vətən bölünməz...” söyləyərək bu amal uğrunda canından keçən oğullarımız heç zaman unudulmayacaq

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


Şəhidlik uca zirvədir. Şəhidlik elə bir uca zirvədir ki, Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız bizim aramızda olmasa da, ürəklərimizdə hər zaman yaşayırlar. Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Bəli, bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimizdir. Ölümün gözünə dik baxaraq canlarını Vətənə fəda edən igid oğullarımızı xatırlamaq, yad etmək, ən əsası da gələcək nəsillərə örnək göstərmək hər birimizin ən ümdə vəzifəmiz olmalıdır. Çünki “Şəhid ölməz, Vətən bölünməz...” söyləyərək bu amal uğrunda, torpaqlarımızın ərazi bütövlüyü naminə döyüşlərdə qəhrəmancasına şəhid olan oğullarmız bizlərə Vətəni, üçrəngli bayrağı əmanət edən şəxslərdir. O şəxslər ki, ilk və son kəlmələri Vətən olub. Bu gün biz vətəndaşlar da onların xatirəsini daim yaşatmaqla, bizlərə əmanət etdiklərinə sahib çıxmaqla ruhlarını şad etməliyik. Vətən torpaqlarının ərazi bütövlüyü tam olsun deyə canlarını fəda edən, öz qanları ilə adlarını Şəhidlik adlı zirvəyə yazan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan şəhidlərimizi yad etmək bizim mənəvi borcumuz olmaqla yanaşı, həm də ən ümdə vəzifəmizdir. 

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 344 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 344 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb.

Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Kərim Əsgərovun, Elmar Hüseynovun, baş leytenant Sərdar İsmayılovun, Milli Qəhrəman Əjdər Babayevin, Elşad Sanıyevin, Yusif Vəliyevin əziz xatirəsini ehtiramla yad edirik.

Əsgərov Kərim Qinyaz oğlu


Əsgərov Kərim Qinyaz oğlu 14 mart 1970-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1977-ci ildə Ismayil Şıxlı adına Kosalar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1988-90-cı illərdə sovet ordusunda xidmətdə olmuşdur. 1992-ci ildə könüllü olaraq Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmiş, 1 yanvar 1993-cü ildə Gədəbəy bölgəsində döyüş zamanı itkin düşmüşdür. Qazax Rayon Məhkəməsinin 23 aprel 2010-cu il tarixli Qətnaməsi ilə itkin düşmüş hesab edilmişdir. Subay idi. 

Hüseynov Elmar Nazim oğlu


Hüseynov Elmar Nazim oğlu 14 mart 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1972-1982-ci illərdə Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. E.Hüseynov 1983-1985-ci illərdə keçmiş sovetlər birliyində hərbi xidmətdə olmuşdur. 1988-1993-cü illərdə Bakıda DİN-in sənaye kombinatında çalışmış və həmin kombinatın nəzdində olan texnikumda təhsilini davam etdirmişdir. Hüseynov Elmar Nazim oğlu 1993-cü ildə Milli Ordu sıralarına daxil olmuş, “N” saylı hərbi hissənin tərkibində tank taborunda xidmətə başlamışdır. 15 dekabr 1993-cü ildə Beyləqan rayonu istiqamətində atəş başlayır və Elmar Hüseynov öz tankı ilə düşmənin bir neçə atəş nöqtəsini susdurmağa nail olur. Lakin bu döyüş onun son döyüşü olur. O, torpaqların müdafiəsi uğrunda Şəhidlik zirvəsinə ucalır. Elmar Hüseynov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, “İgidliyə görə” medalı ilə təltif edilmişdir. Qazax rayon Mərkəzi Kitabxanasına Elmar Hüseynovun adı verilmişdir. 

Baş leytenant İsmayılov Sərdar İsgəndər oğlu


İsmayılov Sərdar İsgəndər oğlu 15 mart 1957-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1964-cü ildə Quşçu Ayrım kənd orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin il Ç.İldırım adına Politexnik İnstitutuna daxil olmuşdur. 1979-cu ildə həmin institutu bitirərək Kemerovo vilayətinə göndərilmiş, orada zavodlarda müxtəlif vəzifələrdə çalışmışdır. 1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi başlayan zaman Sərdar İsmayılov Vətənə dönmüş, torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İsmayılov Sərdar İsgəndər oğlu 23 fevral 1997-ci ildə şəhid olmuşdur. Baş leytenant rütbəsində idi. Subay idi. 

Milli Qəhrəman Babayev Əjdər Xalıqverdi oğlu


Babayev Əjdər Xalıqverdi oğlu 26 avqust 1950-ci ildə Qazax rayonunun Mollacəfərli kəndində anadan olmuşdur. Sonradan onun ailəsi Ağstafaya (Xətai kəndi) köçmüşdür. 1958-ci ildə burada məktəbə getmiş və 1967-ci ildə həmin məktəbi bitirmişdir. 1969-cu ildə hərbi xidmətə çağırılır, sonra isə ordudan tərxis olunan Əjdər Nərimanov rayon polis şöbəsinə işə qəbul edilir. Nümunəvi polis işçisi kimi dəfələrlə DİN-in mükafatlarına layiq görülmüşdür. 1995-ci il 13-17 mart hadisələri Vətənin sarsıntılı günləri idi. Silahlı dəstələrin zərərsizləşdirilməsində Əjdər Babayev böyük şücaət göstərdi vətənimizin bu cəsur övladı qardaş gülləsinə tuş gələrək əbədiyyətə qovuşdu. Evli idi, dörd övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Əjdər Xalıqverdi oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Ağstafa rayonunda dəfn edilmişdir, adına məktəb var.

Sanıyev Elşad Şərif oğlu


Sanıyev Elşad Şərif oğlu 3 iyul 1973-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1980-ci ildə Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1990-cı ildə orta məktəbi bitirmişdir. SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Sanıyev Elşad Şərif oğlu 17 mart 1993-cü ildə Naxçıvan şəhərində Sədərək rayonunda xidməti vəzifə borcunu yerinə yetirərkən şəhid olmuşdur.

Vəliyev Yusif İbrahim oğlu


Vəliyev Yusif İbrahim oğlu 17 mart 1959-cu ildə Qazax rayonunun Əlibayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. 1966-cı ildə Əlibayramlı (hazırkı Aslanbəyli) kənd tam orta məktəbin 1-ci sinifinə getmiş, 1976-cı ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1977-ci ildə hərbi xidmətə getmişdir. 1979-cu ildə hərbi xidmətdən qayıtmış, 1980-ci ildə Bakı şəhəri 54 nömrəli texniki kollecin armaturçu, elektrikçi, qaynaqçı peşəsini bitirmişdir. 2 avqust 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhədində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur.



Facebook-da paylaş