• Təqvim

  • Maraq



Vətən naminə canlarını fəda edənlər heç zaman unudulmur

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


Vətən naminə canlarını fəda edən, torpaqlarının ərazi bütövlüyü yolunda öz qanları ilə adlarını Şəhidlik adlı uca zirvəyə yazan şəhidlərimiz hər zaman qəlblərdə yaşayırlar. Vətən oğullarının keçdiyi döyüş yolunu gənclərə çatdırmaq, onları gəncliyə nümunə göstərmək, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, Şəhidlik zirvəsinə ucalanların xatirəsini yad etmək isə hər birimizin ən müqəddəs borcu olmalıdır. Bugünkü yetişməkdə olan gənc nəsil şəhidlərimizin həyat yoluna nəzər salan zaman anlamalıdır ki, Şəhidlik adlı zirvəyə yol ancaq Vətəni, torpağı, milləti canından artıq sevməkdən keçir. Bu yolu gedənlər, Şəhidlik adlı zirvəni fəth edənlər isə adlarını Vətənimizin, dövlətimizin  tarixinə, xalqımızın yaddaşına qızıl hərflərlə yazırlar.

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. 

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən leytenant Abbasəli Məhərrəmovun, kapitan Yaşar Əhmədovun, Söhrab Pirvəliyevin, Namiq Vəliyevin, Tahir Xasməmmədovun, Aftandil Quluyevin, əsgər Davud Qurbanovun, Əhməd Əliyevin, Rafiq İsmayılovun, çavuş Babək Rüstəmovun, Əhməd Əhmədovun, Elçin İsmayılovun əziz xatirəsini ehtiramla yad edirik.

Leytenant Məhərrəmov Abbasəli Puşkin oğlu


Məhərrəmov Abbasəli Puşkin oğlu 19 fevral 1972-ci ildə Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olmuşdur. 1978-ci ildə Yuxarı Əskipara kənd orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. Həmin ili Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. 1993-cü ildə ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. 10 fevral 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə Ağdərə rayonunun Donaşin-3 kəndində şəhid olmuşdur. Leytenant rütbəli kəşfiyyatçı zabit idi. Yunan-Roma güləş növü üzrə idman ustası idi. Bir neçə dövlətlərdə və Azərbaycanda idmançı kimi nailiyyətləri olmuşdur. Subay idi. Yuxarı Əskipara kənd tam orta məktəbi Abbasəli Məhərrəmovun adını daşıyır. 

Kapitan Əhmədov Yaşar Mail oğlu


Kapitan Əhmədov Yaşar Mail oğlu 11 noyabr 1970-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1977-ci ildə Aslanbəyli kənd tam orta məktəbin 1-ci sinifinə qəbul olmuş, 1987-ci ildə həmin orta məktəbi bitirmişdir. 1988-ci ildə hərbi xidmətə getmiş və 1990-cı ildə hərbi xidməti başa vurmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 1992-ci ilin avqust ayında giriş imtahanlarını müvəffəqiyyətlə verərək Ukrayna Respublikasının Kremençuq Uçuş məktəbinə daxil olmuşdur. Oxuduğu məktəb Azərbaycan Respublikası ilə Ukrayna Respublikası arasında olan müqavilə əsasında həyata keçirilmişdir. Aviasiya Akademiyası açıldıqdan sonra 1994-cü ilin may ayında Milli Aviasiya Akademiyasında təhsilini davam etdirməyi təmin edilmişdir. Oxuduğu dövrlərdə həm Ukraynada, həm də burada praktiki uçuşlar yerinə yetirmişdir. Mİ-2 və M-8 tipli helikopter pilotu kimi Sertifikat almışdır. 1996-cı ilin dekabr ayında həmin Akademiyanı müvəffəqiyyətlə bitirmiş və 1998-ci ildə təyyarəçi kimi işləməyə başlamışdır. İşlədiyi 15 il ərzində bir neçə medalla mükafatlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 iyun 2008-ci il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 iyul 2008–ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif olunmuşdur. Əhmədov Yaşar Mail oğlu 11 fevral 2012-ci ildə döyüş tapşırığını yerinə yetirərkən Şıxov çimərliyi ətrafında Mİ-17 helikopter qəzaya uğramış və 3 ekipaj üzvü ilə birlikdə şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.

Pirvəliyev Söhrab Aslan oğlu


Pirvəliyev Söhrab Aslan oğlu 11 fevral 1975-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1982-ci ildə Quşçu Ayrım kənd orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1993-cü ildə həmin məktəbi bitirmişdir. 27 iyun 1995-ci ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində şəhid olmuşdur. Subay idi. 

Vəliyev Namiq Yusif oğlu


Vəliyev Namiq Yusif oğlu 21 mart 1972-ci ildə Qazax şəhərində fəhlə ailəsində anadan olub. 1979-cu ildə bu gün adını daşıdığı şəhər 5 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Oxuduğu müddətdə çalışqan, mehriban, nizamlı bir şagird kimi həmişə yoldaşlarından seçilmişdir. 04.06.1990-cı ildən 25.05.1992-ci ilədək Minsk şəhərində Qamel və Zaparoje vilayətlərində hərbi xidmətdə olmuş, dəfələrlə valideynlərinə təşəkkür məktubları gəlmişdir. Erməni işğalçılarının respublikanın sərhəd kəndlərinə hücum etməsinə dözməyən Namiq 1992-ci ilin iyun ayından könüllü orduya daxil olur və ən ağır döyüş mövqelərində vuruşur. 1992-ci ilin 29 dekabrında isə Barxudarlı kəndinin müdafiəsi zamanı Lələ kənddə erməni qəsbkarlarına qarşı döyüşdə qəhrəmancasına şəhid olur. Döyüş yoldaşları ilə birlikdə 42 gündən sonra düşməndən nəşi geri qaytarılan Namiq 1993-cü il fevralın 11-də şəhərdə şəhidlər qəbiristanlığında dəfn olunub. 

Xasməmmədov Tahir Mübariz oğlu


Xasməmmədov Tahir Mübariz oğlu 27 fevral 1974-cü ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1981-ci ildə Qarapapaq kənd əsas məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1989-cu ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 8 illik təhsil aldıqdan sonra 117 saylı texniki peşə məktəbinə daxil olaraq qaynaqçı peşəsinə yiyələnmişdir. 1992-ci ilin payız çağırışında Qazax Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti zamanı Murov dağda, Yandaq kəndində, Laçın rayonunda olan döyüşlərdə iştirak etmişdir. 1994-cü ilin fevral ayının 12-də Murov dağ döyüşlərində itkin düşmüşdür.

Quluyev Aftandil Mansır oğlu


Quluyev Aftandil Mansır oğlu 20 noyabr 1973-cü ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur. 5 fevral 1990-cı ildə Sofulu kəndində sahədə qoyun otaran zaman erməni quldurları tərəfindən silahla vurulmuşdur. Ağır güllə yarası ilə Gəncə şəhər xəstəxanasına aparılmışdır. Müalicə almasına baxmayaraq 14 fevral 1990-cı ildə vəfat etmişdir. 1997-ci ildən şəhid statusu verilmişdir. 

Əsgər Qurbanov Davud Tariyel oğlu


Şəhid Davud Qurbanov 15 fevral 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Biləcəri qəsəbəsindəki Rizvan Pirnəzərov adına tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2013-cü ildə R.Pirnəzərov adına 299 saylı məktəb-liseyi bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasının “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinə daxil olmuşdur. 2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) bitirmişdir. Həmin il universitetin magistratura pilləsinə qəbul olmuş və 2019-cu ildə magistraturanı bitirmişdir. 2019-cu ilin fevral ayında “Space” televiziya və yayım şirkətində montajçı vəzifəsində iş fəaliyyətinə başlamış və iyun ayına kimi orada işləmişdir. 2019-cu ilin iyul ayından “Azad Azərbaycan” (ATV) teleradio və yayım şirkətində montajçı vəzifəsində işə başlamışdır. Oktyabr ayından iş fəaliyyətini dondurub həqiqi hərbi xidmətə yollanmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Əsgər Davud Qurbanov 02.10.2020-ci ildə Bərdə-Beyləqan bölgəsində Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 04.10.2020-ci ildə Qazax rayonunun Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.

Vətən torpaqlarının ərazi bütövlüyü və işğaldan azad olunması uğrunda gedən döyüşlərdə igidliklə vuruşaraq şəhid olan Davud Qurbanov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Suqovuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.

Əliyev Əhməd Mirzə oğlu


Əliyev Əhməd Mirzə oğlu 15 fevral 1970-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1977-ci ildə Qaymaqlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1989-cu ildə sovetlər birliyində hərbi xidmətə çağırılmışdır. 1991-ci ildə tərxis olmuşdur. 1993-cü ildə Azərbaycan Milli Ordu sıralarına çağırılmışdır. 12 yanvar 1993-cü ildə Ağstafa bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Hazırda Qaymaqlı kənd kitabxana filialı şəhidin adını daşıyır. 

İsmayılov Rafiq Namaz oğlu


İsmayılov Rafiq Namaz oğlu 15 fevral 1966-cı ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 22 mart 1992-ci ildə UAZ markalı maşınla gedərkən Cəfərli kəndi ərazisində erməni işğalçılarının yola qoyduqları minanın partlaması nəticəsində ağır yaralanmış, bir gün sonra 23 mart 1992-ci ildə şəhid olmuşdur. 1992-ci ildən şəhid statusu verilmişdir. 

Çavuş Rüstəmov Babək Muraz oğlu


Rüstəmov Babək Muraz oğlu 15 fevral 1974-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1981-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1992-ci ildə həmin məktəbi bitirərək ordu sıralarına çağırılmışdır. Rüstəmov Babək Muraz oğlu 1 yanvar 1994-cü ildə Tərtər rayonunun Səhləbad kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi. 

Əhmədov Əhməd Nuru oğlu


Əhmədov Əhməd Nuru oğlu 16 fevral 1972-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1979-cu ildə Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1990-cı ildə hərbi xidmətə başlamış, 29 dekabr 1992-ci ildə Qazax rayonunun ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.

İsmayılov Elçin Murğuz oğlu


İsmayılov Elçin Murğuz oğlu 5 yanvar 1980-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1987-ci ildə Kosalar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1997-ci ildə həmin orta məktəbin 10-cu sinifini bitirmişdir. 1998-ci il yanvar ayının 8-də Qazax rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmşdır. 1999-cu il fevralın 16-da Borsunlu istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid olmuşdur.



Facebook-da paylaş