• Təqvim

  • Maraq



Şəhidlik zirvəsinə yüksələn “Azərbaycan Bayrağı” ordenli gizir Azad Kərimovun bu gün cənnətdəki doğum günüdür

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------- 

 

2022-ci il sentyabrın 12-dәn 13-nə keçən gecə Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusundan və Dövlət Sərhəd Xidmətindən olmaqla, xeyli sayda hərbi qulluqçumuz canından keçərək şəhid oldu.

Qazaxın igid oğulları da Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən  qəhrəmancasına döyüşərək adlarını hərb tariximizə qızıl hərflərlə əbədi həkk etdilər. Qazax rayonunun Kəmərli kəndinin igid oğulları baş leytenant Kazımov Yunis Qasım oğlu, baş gizir Məmmədov Azər Mustafa oğlu, Daş Salahlı kəndinin igid oğlu gizir Kərimov Azad Zakir oğlu da Şəhidlik zirvəsinə ucaldılar. 


44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən gizir Kərimov Azad Zakir oğlu düşmən təxribatının qarşısını alarkən də ölümün gözünə dik baxdı. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşdu, sinəsini düşmən gülləsinə sipər etməkdən bir an belə çəkinmədi. Torpağa, Vətənə olan sonsuz sevgisi onu Şəhidlik adlı uca bir məqama yüksəltdi. Qanı ilə tarix yazan igid Vətən oğlu bu gün on milyonluq Azərbaycan xalqının qəlbində yaşayır. Vaxtilə valideynlərinin övladı olan Azad Kərimov bu gün elin övladı olub, hər bir Azərbaycan vətəndaşının doğmasına, əzizinə çevrilib. 


44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Müzəffər Ali Baş Komandanın müvafiq Sərəncamları ilə Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə”, bundan əlavə, “Vətən müharibəsi iştirakçısı” medalları, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmiş Azad Kərimovun bu gün cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 30 yaşı tamam olacaqdı... 

GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Azad Kərimov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Azad kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Azad tək oğullarımızdan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!


Kərimov Azad Zakir oğlu 27 may 1994-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2000-ci ildə Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə yola düşüb. Kərimov Azad Zakir oğlu 2014-cü ildən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gizir kimi xidmətə başlamışdı. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Xocavəndin, Kəlbəcərin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 

12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Kəlbəcər rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi, 2 övladı yadigar qalıb. 

44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”24.06.2021-ci il tarixli Sərəncamlarına əsasən “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, bundan əlavə, “Vətən müharibəsi iştirakçısı” medalları, ölümündən sonra 5.11.2022-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib. Doğulub boya-başa çatdığı Daş Salahlı kəndində adını yaşadan bulaq tikilib, dayanacaq qoyulub.



Facebook-da paylaş