"Biz qələbə çalacağıq"
"Torpaq, uğrunda ölən varsa, Vətəndir!”. Bunu özlərinin həyat amalı bilərək döyüşə atılan qəhrəmanlarımız minlərlədir. Vətən yolunda ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalan oğullarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab edilir və bu sahədə nümunəvi işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib.
Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.
Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş baş gizir Hacıyev Teymur Zaur oğlu haqqında yer almış "Biz qələbə çalacağıq" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...
"Biz qələbə çalacağıq"
Bu sözləri baş gizir Teymur Hacıyev Vətən müharibəsinin başlandığı ilk gündən demişdi. 12 il hərb sahəsində xidmət etmiş təcrübəli bir hərbçi kimi bilirdi Azərbaycan Ordusunun nəyə qadir olduğunu. Silahlı qüvvələrimizdəki texnikaya, əsgər və zabitlərimizin döyüş qabiliyyətinə və gücünə bələd idi. Ona görə də müharibədə bizim qələbə çalacağımıza bütün varlığı ilə inanırdı. İnam olan yerdə isə insan daha ürəklə döyüşür, daha qorxmaz və mətin olur.
Hacıyev Teymur Zaur oğlu haqqında yazmaq üçün onun tərcümeyi-halını oxuyur, oxuduqca da keçdiyi qısa, lakin şərəfli ömür yolu ilə daha yaxından tanış oluram. Həyat yoldaşı Lalə xanım Teymurdan yadigar qalan sənədləri, əşyaları qarşımıza qoyub ömür-gün yoldaşının keçdiyi ömür yolundan danışır. Teymur Hacıyevin zəngin olan tərcümeyi-halında yazılmış ilk cümlələr məni 28 yanvar 1991-ci ilə, onun Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulduğu günə aparır. Ailənin sonbeşiyi olan Teymur yaşca kiçik olmasına baxmayaraq, çox qoçaq, bacarıqlı və məsuliyyətli idi. Ona görə də ailədə ona daha çox inanır, daha vacib olan işlərə Teymuru buyururdular.
Bu xüsusiyyəti 1997-ci ildən 2008-ci ilə qədər ilk təhsil aldığı Yuxarı Salahlı kənd tam orta məktəbində onu müəllimlərin sevimlisinə çevirmişdi. O, məktəbdə həm yaxşı oxuyur, həm də təlim-tərbiyəsi ilə yaşıdlarından fərqlənirdi. Müəllimləri deyir ki, Teymur məktəbdə oxuduğu illərdə yaddaqalan şagird olmuşdur.
2009-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılması onun həyatına bir yenilik gətirdi. Həmin ildən sonra Teymur Hacıyev hərbi sahədə qalıb hərbçi kimi xidmət etməyi qarşısına məqsəd qoydu. Elə bu arzu ilə də hərbi sahədə mətin addımlarla irəliləməyə başladı, bütün varlığı ilə bu peşəyə bağlandı.
2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətinin başa çatmasına 3 ay qalmış Teymur Hacıyev "Gizir" hazırlıq kursuna imtahan vermək üçün Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinə (TTM) getmişdir. Gizirlik Hazırlıq Kursuna (GHK) qəbul olub, həmin ilin 28 avqustunda gizir rütbəsi almış, "N" saylı hərbi hissəyə baş sürücü-mexanik vəzifəsinə göndərilmişdir. Daha bir göndəriş isə 2014-cü il oktyabr ayının 19-da olmuşdur. Həmin göndərişə əsasən Teymur "N" saylı hərbi hissədə emalatxana rəisi olmuşdur. 2018-ci ildən isə Teymur Hacıyev baş gizir rütbəsində bölüyün baş çavuşu vəzifəsinə təyin edilmişdir.
Teymur Hacıyev xidməti dövründə həmişə öz nizam-intizamı, verilən tapşırıqlara vaxtlı-vaxtında əməl etməsi ilə fərqlənmiş, Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılmışdır. Onun haqqında verilmiş xidməti xasiyyətnamədə oxuyuruq: "Baş gizir T.Hacıyev xidmət etdiyi müddət ərzində özünü intizamlı, savadlı, bacarıqlı və işgüzar bir hərbi qulluqçu kimi göstərmişdir. Hərbi qanun və nizamnamələri bilir, xidməti vəzifə borclarına məsuliyyətlə yanaşır".
Bu yüksək dərəcəli xidmətin nəticəsidir ki, Teymur Hacıyev Müdafiə Nazirliyi tərəfindən 23.05.2016-cı ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", 26.06.2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur. Bir il sonra isə "Qüsürsuz xidmətə görə" 3-cü dərəcəli medal almışdır.
Atası Zaur kişi sonuncu görüşlərini belə xatırlayır:
- Sentyabrın 10-da gecə evə gəlmişdi oğlum. Anası Sahibə xanım, həyat yoldaşı və uşaqları ilə görüşüb ayrıldı. Bu, Teymurun sonuncu gedişi oldu. Ertəsi günü zəng elədi ki, mən Füzulidəyəm.
Sonra Teymurun sədası başqa şəhər və rayonlardan gəldi. Hərdən zəng edəndə həvəslə: "Düşmənin xeyli texnikasını qənimət götürmüşük. Silahlarını qoyub qaçırlar" -deyirdi.
Horadiz kəndində iştirak etdiyi hərbi əməliyyat çox qanlı-qadalı olmuş, düz 3 gün döyüş getmişdir. Teymur Hacıyev oktyabrın 13-də Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən səngərdə qəhrəmancasına şəhid olmuşdur.
Teymur Hacıyevin Hüseyn və Zaur adlı 2 azyaşlı oğlu yadigar qalmışdır.
Şəhid baş gizir Teymur Hacıyev ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Facebook-da paylaş