• Təqvim

  • Maraq



“Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynovu ildönümündə ehtiramla yad edirik

Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------


2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi bir daha sübut etdi ki, Prezident İlham Əliyevin gücü, siyasi iradəsi sayəsində müstəqil Azərbaycan milli kimliyi və malik olduğu siyasi potensialı ilə tarixi taleyini həll etməyə qadir olan bir dövlətdir. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun gücü və qüdrəti sayəsində üzərinə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gələ bilər. “Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxan, 30 illik həsrətə, niskilə son qoyan Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri bizlərə uzun illər yaddaşlara əbədi həkk olunacaq şanlı bir Zəfər bəxş etdilər. Qanları, canları bahasına müstəqil Azərbaycanın bundan sonra da bütün dünyaya günəş kimi doğması üçün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında yumruq kimi birləşdilər. Ali Baş Komandanın “İrəli!” əmrini layiqincə yerinə yetirərək hərb tariximizə illərdir ki, arzusunda olduğumuz Qələbə zəfərini yazdılar.

Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur. 


Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda uca zirvəyə - Şəhidlik məqamına yüksələn igid Vətən oğullarından biri də baş leytenant Hüseynov Nəbi Hacıbala oğludur. 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş, ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin yoxluğundan artıq 3 il ötür. Oktyabrın 9-u igid Vətən oğlunun üçüncü ildönümüdür. 


GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb anım günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Bütün şəhidlərimiz kimi, Nəbi Hüseynov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Nəbi kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Nəbi tək oğullarımızın cəsarətindən, qorxmazlığından örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!


Şəhid Nəbi Hüseynov 9 iyul 1992-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1998-ci ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Elə həmin il Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2006-2010-cu illərdə həmin hərbi məktəbdə təhsil almışdır. 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbi bitirdikdən sonra bir il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) olmuş, hərbi sahədəki biliyini daha da mükəmməlləşdirmiş, təcrübəsini daha da artırmışdır. 

Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissələrində xidmət edən Nəbi qrup komandirinin müavini olmuşdur. Baş leytenant Nəbi Hüseynov 09.10.2020-ci ildə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedəndöyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 09.10.2020-ci il tarixdə Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.


İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizlə yanaşı, baş leytenant Nəbi Hüseynovun da göstərdiyi qəhrəmanlıq, igidlik ölümündən sonra ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. İlk dəfə cənab Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Qarabağ” ordeni ilə təltif edilən Nəbi daha sonra beş medala da layiq görülmüşdür. Nəbi Hüseynov ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə", 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən adsız olan küçələrdən birinə “Qarabağ” ordenli şəhidimizin adı verilib.



Facebook-da paylaş