• Təqvim

  • Maraq



Qanları ilə tarix yazan oğullarımız unudulmur

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğullarımız, onların göstərdikləri şücaət heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli zirvə olan Şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Vətən uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan oğullarımızı yad etmək, xatirəsini əziz tutmaq isə hər birimizin ən müqəddəs borcudur. 

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 344 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 344 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb.

Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən İsmandiyar Mürsəlovun, Şərif Namazovun, İlham İsmayılovun, Əmrah Vəliyevin, Nizami Yusifovun, Sərdar Hüseynovun, baş leytenant Yunis Kazımovun əziz xatirəsini ehtiramla yad edirik.

Mürsəlov İsmandiyar Musa oğlu


Mürsəlov İsmandiyar Musa oğlu 18 sentyabr 1932-ci ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1940-cı ildə Cəfərli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1948-ci ildə həmin məktəbin 7-ci sinifini bitirmişdir. 1952-1955-ci illərdə SSRİ silahlı qüvvələrində Belarusiya Respublikasında xidmət etmişdir. Qazax rayon yol-istismar idarəsində fəhlə işləmişdir. 8 aprel 1997-ci ildə Bala Cəfərli kəndində evindən çıxıb öz mal-qarasını gətirməyə gedərkən ermənilər tərəfindən snayperlə vurulmuşdur.

Namazov Şərif Yolçu oğlu


Namazov Şərif Yolçu oğlu 18 sentyabr 1948-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1955-ci ildə Quşçu Ayrım səkkiz illik məktəbin 1-ci sinifinə daxil olmuş, daha sonra Aşağı Əskipara kənd tam orta məktəbində oxumuşdur. 1965-ci ildə orta məktəbi bitirərək sovet ordusunda hərbi xidmət keçmişdir. Ordudan tərxis olunduqdan sonra M.Ə.Sabir adına sovxozda işləmişdir. 14 iyun 1992-ci ildə erməni silahlı qüvvələrinin Quşçu Ayrım kəndinə silahlı basqını zamanı şəhid olmuşdur. Ailəli idi. 2 övladı var.  

İsmayılov İlham Məhəmməd oğlu


İsmayılov İlham Məhəmməd oğlu 20 aprel 1962-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1969-cu ildə Kəmərli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1979-cu ildə məktəbi bitirmişdir. 1980-1982-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbidən qayıtdıqdan sonra kənddə yaşayaraq müxtəlif işlərdə fəhlə işləmişdir. 1993-cü ildə Azərbaycan Milli Ordusu sıralarına çağırılmış, erməni qəsbkarlarına qarşı döyüşmüşdür. 1995-ci ilin sentyabr ayının 20-də beyin nahiyəsindən aldığı yaradan şəhid olmuş, səkkiz gün cəsədi erməni tərəfdə qalmış və 29 sentyabrda Kəmərli kəndində dəfn olunmuşdur. Ailəli idi, 3 övladı var. 

Vəliyev Əmrah İsgəndər oğlu


Vəliyev Əmrah İsgəndər oğlu 27 yanvar 1971-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1978-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə məktəbi bitirərək sovet ordusunda xidmət etmişdir. Vəliyev Əmrah İsgəndər oğlu 21 sentyabr 2001-ci ildə Quşçu Ayrım kəndi ərazisində odun gətirən zaman ermənilərin açdığı atəş nəticəsində şəhid olmuşdur. 

Yusifov Nizami Göyüş oğlu


Yusifov Nizami Göyüş oğlu 28 yanvar 1967-ci ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 1974-cü ildə Canalı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1984-cü ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1994-cü ildə Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 23 sentyabr 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində Babəkər ərazisində gedən döyüşlərdə şəhid olmuşdur.

Hüseynov Sərdar Aydın oğlu


Hüseynov Sərdar Aydın oğlu 2 avqust 1968-ci ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1975-ci ildə Qızılhacılı kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuş, 1983-cü ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1983-85-ci illərdə Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 10-cu sinifini bitirmişdir. 1986-88-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra Bakı Tibb Texnikomunu bitirmişdir. Qazax rayon Qızılhacılı kənd Feldşer-Mama Məntəqəsinin müdiri işləmişdir. 24 sentyabr 1993-cü ildə Qazax şəhərinə atılan mərmi partlayışı nəticəsində şəhid olmuşdur. Evli idi.

Baş leytenant Kazımov Yunis Qasım oğlu


Baş leytenant Kazımov Yunis Qasım oğlu 24 sentyabr 1993-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Qazax rayon Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbini bitirmişdir. Ali təhsillidir. 2011-2015-ci il tarixlərdə Azərbaycan Dövlət Aqrar Universitetində yol kadastrı ixtisasını bitirmişdir. 2016-cı ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, rütbəsi baş leytenant olmuşdur. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində iştirak etmişdir. 4 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə sol ayağından qəlpə yarası almışdır. İlk tibbi yardım göstərildikdən sonra döyüşə qayıtmış, Şuşa azad olunduqdan sonra müalicə üçün Qazax Rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Tovuz rayonunda hərbi hospitalda müalicəsini davam etdirmişdir. Xidmət etdiyi hərbi hissəyə qayıtmışdır. 

12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Kəlbəcərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi. 1 övladı var. 

44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Respublika Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı”, 5.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” və 3-cü dərəcəli “Rəşadət” ordenli şəhidimizin adı verilib. Doğulub boya-başa çatdığı Kəmərli kəndində adını əbədiləşdirən bulaq inşa olunub, dayanacaq qoyulub.



Facebook-da paylaş