Şəhidlər unudulmur
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------
Vətənpərvərliyin ən ali məqamı - Şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, hər zaman şərəfli və örnək sayılır. Biz bu dərdi, bu qəmi daim qəlbimizdə saxlayacağıq. Ancaq eyni zamanda şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün hər zaman örnək olub, bundan sonra da örnək olacaqdır. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də şəhidlərimizin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, respublikamızın müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq, vətənpərvərlik nümunələri göstərəcəklər. Zaman ötüb, fəsillər dəyişib, illər əsrlərə, əsrlər minilliklərə çevrilib tarixə dönsə də torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından keçərək Şəhidlik zirvəsinə yüksələnlərin ömür yolu bizim üçün ən böyük şərəf və qürur olacaqdır.
Vətənin azadlığı uğrunda döyüşərək şəhid adına ucalan neçə-neçə igid oğullarımız var. Onları unutsaq nə tarix, nə də Vətən bizi bağışlamaz. Odur ki, ilk işimiz torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalanların xatirəsini daim yüksək tutmaq, onları gəncliyə nümunə göstərmək olmalıdır. Gələcək nəsilləri dünənimiz, keçmişimiz haqqında hər zaman məlumatlandırmalıyıq. Ən əsası da onlara Vətənə sevgi hissini aşılamalıyıq. Şəhidlərimizi, onların keçdikləri qısa, lakin şərəfli ömür yolunu, qəhrəmanlığını nümunə göstərməliyik.
Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 344 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 344 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.
Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb.
Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Dadaş İsmayılovun, Elmar Musayevin, Xəqani Sanıyevin, İqbal Axundovun, gizir Sadıq Namazovun, kiçik çavuş Elşad Yusifovun əziz xatirəsini ehtiramla yad edirik.
İsmayılov Dadaş İsmayıl oğlu
İsmayılov Dadaş İsmayıl oğlu 17 may 1957-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1964-cü ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1974-cü ildə həmin məktəbi bitirərək sovet ordusu sıralarına getmişdir. Ordudan tərxis olunduqdan sonra M.Ə.Sabir adına sovxozda çalışmışdır. İsmayılov Dadaş İsmayıl oğlu 14 iyun 1992-ci ildə Kommuna (indiki Bala Çaylı) kəndində ermənilər tərəfindən atılan top mərmisinin qəlpəsindən şəhid olmuşdur. Ailəliydi, 2 övladı var.
Musayev Elmar Xəlil oğlu
Musayev Elmar Xəlil oğlu 18 may 1969-cu ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. Kəndlərindəki orta məktəbdə (1976-84) 8 illik təhsil almışdır. Sonra təhsilini Gəncə İnşaat Texnikumunda davam etdirmişdir. 1988-90-cı illərdə Moskva şəhərində hərbi xidməti borcunu yerinə yetirmişdir. Hərbi xidmətdən Vətənə döndükdən sonra 73 saylı tikinti idarəsində, Ağstafada atasının yanında işləməyə başlayır. Bir il işlədikdən sonra erməni işğalçılarının torpaqlarımıza təcavüzü Elmarı da narahat edir. O, 1991-ci ildə heç kəsə bildirmədən işini yarımçıq qoyaraq Qazax rayonunun sərhəd kəndlərindəki ən qaynar nöqtələrindən biri olan Aşağı Əskipara kəndinə yollanır. Elmar Xeyrımlı, Quşçu Ayrım və Ballıqaya ətrafında gedən döyüşlərdə igidliklər göstərir. 1992-ci il iyul ayının 14-də Ballıqaya yüksəkliyi uğrunda gedən kəskin döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlir.
Sanıyev Xəqani Şəmsəddin oğlu
Sanıyev Xəqani Şəmsəddin oğlu 19 may 1962-ci ildə Qazax rayonunun Kommuna (indiki Bala Çaylı) kəndində anadan olmuşdur. 1968-ci ildə Kommuna kənd orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1976-cı ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1976-1978-ci illərdə Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin 10-cu sinifini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra o vaxtlar Lenin adına Dövlət Pedaqoji İnstitutun coğrafiya fakültəsinə daxil olmuşdur. İnstitutu bitirdikdən sonra təyinatla İsmayıllı rayonunun Hacıhəsənli kənd orta məktəbində coğrafiya müəllimi işləmişdir. 1986-cı ildən isə Qazax rayonunun Ürkməzli kənd tam orta məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdir. 24 mart 1990-cı ildə ermənilər Bağanıs Ayrım kəndini mühasirəyə alarkən köməyə gedən zaman yaralanmış və şəhid olmuşdur.
Axundov İqbal Abdulməhəmməd oğlu
Axundov İqbal Abdulməhəmməd oğlu 21 noyabr 1967-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1973-cü ildə Çaylı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1983-cü ildə həmin orta məktəbi bitirmişdir. 1984-1986-cı illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Axundov İqbal Abdulməhəmməd oğlu 20 may 1994-cü ildə Quşçu Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olmuşdur.
Gizir Namazov Sadıq Fərrux oğlu
Namazov Sadıq Fərrux oğlu 28 oktyabr 1963-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1969-cu ildə Çaylı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1979-cu ildə həmin məktəbi bitirmişdir. 1991-1993-cü illərdə SSRİ silahlı qüvvələrində xidmət etmişdir. Namazov Sadıq Fərrux oğlu 20 may 1994-cü ildə Quşçu Ayrım kəndində gedən döyüşlərdə şəhid olmuşdur.
Kiçik çavuş Yusifov Elşad İbrahim oğlu
Yusifov Elşad İbrahim oğlu 7 yanvar 1967-ci ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 20 may 1994-cü ildə Quşçu Ayrım kəndi ərazisində erməni işğalçılarının tankı partlatması nəticəsində şəhid olmuşdur. 1994-cü ildə şəhid statusu verilmişdir.
Facebook-da paylaş