Qazaxda Vətən müharibəsi şəhidi çavuş Elməddin Pənahovun övladının 7 yaşı ailəsi ilə birlikdə qeyd olunub
Şəhidlərimizin övladları bizə əmanətdir!------------------
2020-ci ilin 27 sentyabrında başlayan və 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi, İkinci Qarabağ savaşı! Zəfər dolu günlərdən illər ötsə belə Azərbaycan xalqı qalib ölkənin vətəndaşı olmaq sevincini bu gün də qürurla xatırlayır. Bu sevinci isə bizlərə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri bəxş etdi. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı neçə-neçə igid Vətən oğlu doğma torpaq, yurd uğrunda canını fəda edərək Şəhidlik zirvəsinə yüksəldilər. Onlar uca bir məqama çatmaqla həm də öz adlarını hərb tariximizə və xalqın tarixi yaddaşına əbədi həkk etdilər. Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə ilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında biz xalq olaraq dövlətimizin və şanlı Ordumuzun gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdik. Bu gün hər birimiz ölkə vətəndaşı olaraq bizlərə 44 günlük Vətən müharibəsində hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə bir ömür boyu borclu və minnətdarıq.
Vətən, dövlət və xalq qarşısında öz borcunu layiqincə sonadək ödəyib qəhrəmanlıq nümunəsi göstərən, Şəhidlik zirvəsinə yüksələn oğullarımızdan biri də şəhid çavuş Pənahov Elməddin Məqsəd oğludur. Qəhrəman şəhidimizin Vətənə və bizlərə əmanət İlkin və Ömər adlı iki oğul övladı yadigar qalıb. Bu gün atalarının ocağında daha iki qəhrəman yetişir. Və onlar ataları ilə qürur duyurlar.
Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, rayon rəhbərliyinin şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğı hər birimizə örnəkdir.
Dövlətin şəhid ailələrinə göstərdiyi qayğını hər zaman əldə rəhbər tutan vətənpərvər oğullarımızdan biri də Çocuk Oyunları və Spor Klubları Federasiyasının Azərbaycan başkanı, "İstanbul” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Zaur Əhmədovdur.
İlk gündən şəhid ailələrinin yanında olan, şəhidlərimizin övladlarını doğum günlərində təbrik edən, onlardan qayğısını əsirgəməyən Zaur qardaşımız öz ənənəsini bu gün də davam etdirir. O, ənənəsinə sadiq qalıb Vətən müharibəsi şəhidi, ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş çavuş Elməddin Pənahovun övladı Ömər Pənahovun doğum gününü unutmayıb, bu gün Ömər balamızın 7 yaşını rəhbərlik etdiyi Mərkəzdə onlarla birlikdə qeyd edib, şəhidimizin övladına səmimi ürək sözlərini və təbriklərini çatdırıb.
Z.Əhmədov cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qazandığı tarixi Qələbədə payı olan Elməddin Pənahov kimi oğullarımızla hər birimizin fəxr etdiyini bildirir. Bu gün hər bir şəhidimizlə qürur duyduğunu, onların Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqlarını qeyd edir. Dövlətimiz, ölkə başçısı, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidlərimizin ailəsinə göstərilən diqqət və qayğını hər zaman özü üçün nümunə götürdüyünü dilə gətirir. Şəhidlərimizin övladlarına sahib çıxmağın hər birimizin borcu olduğunu söyləyir. "İstanbul” Ailəvi İstirahət Mərkəzinin fəaliyyətə başladığı ilk gündən burada şəhidlərimizin ailələri ilə görüşlər keçirildiyini, şəhidlərimizin bizlərə əmanət olan övladlarının doğum günlərinin təşkil olunduğunu bildirir. Bu qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayır. Bu günlərdə gələcəyimiz olan uşaqlar üçün yaradılan parkın şəhid övladlarının da ixtiyarına veriləcəyini qeyd edir.
Bəli, bu gün şəhidlərimizə, onların ailələrinə, bizə əmanət qoyub getdikləri övladlarına sahib çıxmaq bizim ən şərəfli işimizdir. Necə ki, Zaur kimi vətənpərvər oğullarımız bunu özünün həyat amalı bilir.
Çavuş Pənahov Elməddin Məqsəd oğlu
Şəhid Elməddin Pənahov 7 sentyabr 1983-cü ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 1991-ci ildə Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1999-cu ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 2001-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2003-cü ilin aprel ayına qədər həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ilin mart ayından Azərbaycan Silahlı Qüvvələri sıralarında çavuş rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimixidmət etmişdir. Nümunəvi xidmətinə görə hərbi hissə rəhbərliyinin diqqətini cəlb etmiş, Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılmışdır. 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuş, fəxri fərmanlar almışdır.
"N” saylı hərbi hissənin tuşlayıcısıMAHHXHQ çavuş Elməddin Pənahov 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 15.10.2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında dəfn olunmuşdur. Ailəliydi. İlkin və Ömər adlı 2 azyaşlı oğul övladı yadigar qalıb. Böyük övladı Ürkməzli kənd tam orta məktəbin II sinfində oxuyur. Kiçik oğlu isə azyaşlıdır.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Elməddin Pənahovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid çavuş Elməddin Pənahov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş