Bu gün Vətən müharibəsi şəhidi çavuş Timur Əliyevin cənnətdəki doğum günüdür
Şəhidlərimizi tanıyaq və
tanıdaq---------------------------- 2020-ci ilin 27 sentyabrında
başlayan Vətən müharibəsi! İkinci Qarabağ müharibəsi! O Vətən müharibəsi ki, torpaqlarımız
uğrunda gedən mənəvi haqq savaşımız oldu. Cənab Prezident, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətəni döyünən ürəyi,
üçrəngli bayrağımızı qürurumuz, and yerimiz bilən şanlı Azərbaycan Ordusunun
əsgər və zabitləri, hərbçiləri, igid oğullarımız bu haqq savaşında Qələbə
qazanmaq üçün döyüş meydanına atıldılar. Azərbaycan xalqının 30 illik Vətən,
yurd, torpaq həsrətinə son qoyaraq qalib ölkənin vətəndaşı olmaq sevincini
yaşatdılar. Nankor düşmənlə yanaşı, bütün dünyaya bir daha sübut etdilər ki,
Azərbaycan dövləti güclü dövlətdir və apardığı savaş haqq savaşıdır. Bəli, bu
savaş Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun gücü, qüdrəti sayəsində
bizim şanlı Qələbəmizlə, Zəfərimizlə başa çatdı. 2020-ci
ilin 10 noyabrıyaddaşlara tarixi Qələbənin yazıldığı gün kimi həkk olundu. Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla
dövlətin, xalqın, yaşadıqları rayonun, kəndin, qəsəbənin, bütöv Azərbaycanın
adını ucaldan igid Vətən oğulları, şəhidlərimiz, qazilərimizlə bu gün hər
birimiz fəxr edir, onlarla qürur duyuruq. Hərb tariximizə böyük Qələbəni
yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin
ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu minnətdarıq. Qarabağ adlı zəfərimizin qazanılmasında payı olan, döyüş meydanında
vuruşaraq Şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də şəhid çavuş Əliyev
Timur Nurəddin oğludur. Bu
gün ölümündən sonra göstərdiyi igidliyə görə "Vətən uğrunda”, "Döyüşdə
fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid çavuş Timur Əliyevin cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı igid Vətən
oğlunun bu gün 38 yaşı tamam olacaqdı... GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq
qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini
ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ
uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Timur Əliyev də hər zaman yad
olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Timur kimi oğullarımız daim
qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər
zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər
hər zaman Timur tək oğullardan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun
igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!
Şəhid
Timur Əliyev 29 may 1984-cü ildə Özbəkistan Respublikasının Çirçik şəhərində
anadan olmuşdur. 1990-cı ildə Özbəkistan Respublikasının Çirçik şəhərində
1-ci sinifə daxil olmuş, 1998-ci ildə həmin şəhərdə 8-ci sinifi bitirmişdir. 1998-ci
ildə ailəsi ilə birgə Bakı şəhərinə köçmüş, orta təhsilini Bakı şəhərində davam
etdirərək 2001-ci ildə 11-ci sinifi bitirmişdir. 2002-ci ildə Azərbaycan
Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, həqiqi hərbi xidməti keçərək
2004-cü ildə tərxis olunmuşdur. 2013-cü ildən Azərbaycan
Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ)
kimi xidmətdə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir.
Şəhid çavuş Timur Əliyev 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində
torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid
olmuşdur. Şəhid çavuşumuz 30 oktyabr 2020-ci ildə Qazax rayonunun Xanlıqlar kənd
qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Alsu və Leyla adlı iki
azyaşlı qız övladı yadigar qalıb. Torpaqlarımızın
işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçən bütün şəhidlərimizin
xatirəsi dövlətimiz, ölkə rəhbəri tərəfindən də hər zaman əziz tutulur. Şəhid çavuş Timur Əliyevin də
igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. O, ölümündən
sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli
Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif
olunmuşdur.
Facebook-da paylaş