Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur
Şəhidlərimizi tanıyaq və
tanıdaq--------------------------- Uğrunda canlar fəda edilən, qanlar tökülən Vətən hər
birimiz üçün əzizdir. Vətəni göz bəbəyi kimi qorumaq, bütöv və tam olması üçün
düşünmədən canından keçmək isə vətənpərvərlik hissindən irəli gəlir.
Vətənpərvərlik təkcə itirdiyimiz torpaqları geri qaytarmaq istəyi deyil.
Vətənpərvərlik, ilk növbədə, dininə, dilinə, tarixinə, keçmişinə, ədəbiyyatına,
musiqisinə hörmət, ətrafdakı insanlara sevgi deməkdir. Vətənə sevgi məhz
vətənpərvərlikdən başlayır. Allaha, valideynlərimizə borclu olduğumuz kimi,
Vətənə də borcluyuq. Çünki biz bu torpağın üstündə gəzir, bu torpaqda, bu
Vətəndə yaşayırıq. Minlərlə oğul və qızlarımız Vətən uğrunda canlarından keçərək
Şəhidliyin ən uca zirvə olduğunu hər an sübut ediblər. Vətənini sevən hər bir
insan da bu torpaq uğrunda canından keçmiş şəhidlərini, Milli Qəhrəmanlarını
unutmamalı, onların əziz xatirəsini daim yad etməlidir. Vətənə
olan sonsuz sevgi sayəsində Şəhidlik adlı zirvəni fəth edən, doğma
Qarabağımızı, Şuşamızı bizə geri qaytaran oğullarımızın xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək
hər kəsin vətəndaşlıq borcu olmalıdır. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi
tapılmaz ki, orada bir şəhid məzarı olmasın. "Torpaq, uğrunda ölən
varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız
minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər
zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr
edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə
də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla
168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda
339 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını
alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər
zaman olub, bu gün də var, sabah da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani
sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan
abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin
vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza
ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu
müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid
oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini
ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci
Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin
əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində
Vətən müharibəsi şəhidlərinin xatirəsinə Abidə Kompleksi yaradılıb ki, bütün
bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və
dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin
İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları
ilə dastan yazanlar" kitabının yazılması igid
Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi
addımdır. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından
keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının
Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq
bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və
anım günü olan şəhidlərimizdən – kiçik gizir Elcan Namazovun, əsgər Əvəz Məmmədovun, gizir Elxan Civişovun, gizir Müşfiq Məmmədovun, Rauf Budaqovun, Şərif
Quluyevin əziz xatirəsini
ehtiramla yad edirik. Kiçik gizir Namazov Elcan Hidayət
oğlu
Şəhid Elcan Namazov 1 iyun 1997-ci ildə Qazax
rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 2003-cü ildə Emin Qurbanov adına
Dəmirçilər kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə
həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2016-cı ilin iyul
ayından Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi
xidmətə çağrılmış, 2018-ci ilin yanvar ayına kimi həqiqi hərbi
xidmətdə olmuşdur. Əsgərliyini bitirəndən il yarım sonra sənədlərini
"N" saylı hərbi hissəyə verərək 2019-cu ilin iyunundan oktyabrınadək
gizirlik məktəbində oxudu. Kiçik gizir rütbəsini alandan sonra, 2019-cu ilin
iyunundan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "N" saylı
hərbi hissəsində kiçik gizir rütbəsində çevik alayda xidmət etməyə başladı. Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə
qəhrəmancasına şəhid olan kiçik gizir Elcan Namazov 16.10.2020-ci il tarixdə Dəmirçilər
kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi. 23 yaşında Şəhidlik zirvəsinə yüksələn Elcan Namazovun
döyüş meydanında göstərdiyi igidlik, qəhrəmanlıq ölkə Prezidenti tərəfindən də
yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə
fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən "Xocavəndin azad olunmasına görə” medalları
ilə təltif olunmuşdur. Bütün şəhidlərimiz kimi, igid Vətən oğlu Elcan
Namazovun da adı əbədiləşdirilib. Qəhrəman şəhidimizin doğulduğu Dəmirçilər
kəndində adını əbədiləşdirən bulaq inşa olunaraq 14.10.2021-ci il tarixdə
açılışı olub. Əsgər Məmmədov Əvəz Elnur oğlu
Şəhid Əvəz Məmmədov 1 iyun 2001-ci ildə
Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2007-ci ildə Səlamət Həsənov adına Bala Çaylı
kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir.
2019-cu ilin 2 iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon
Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin
"N” saylı hərbi hissəsinin 1-ci taborunun, 1-ci bölüyünün
atıcı-qumbaraatan köməkçisi əsgər Əvəz Məmmədov 07.10.2020-ci iltarixdə Ağdam
rayonu istiqamətində gedən
döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən Şəhidlik zirvəsinə
yüksəlmişdir. Qəhrəmancasına şəhid olan əsgərimiz 07.10.2020-ci ildə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi. Vətənə olan xidməti borcunu qaytararkən
torpaqlarımızın bütövlüyü naminə canından keçən igid əsgərimizin döyüşlərdə
göstərdiyi şücaət dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək
qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr
2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24
iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Ağdamın azad
olunmasına görə” medalları ilə təltif olunmuşdur. Gizir Civişov Elxan Mehdi oğlu
Civişov
Elxan Mehdi oğlu 1 iyun 1970-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan
olmuşdur. 1976-cı ildə Çaylı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə
daxil olmuş, 1986-cı ildə həmin məktəbi bitirmişdir. 1988-1990-cı illərdə SSRİ
silahlı qüvvələrində xidmət etmişdir. Civişov Elxan Mehdi oğlu 31 oktyabr
1992-ci ildə Fərəhli kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Gizir Məmmədov Müşfiq Sabir oğlu
Məmmədov
Müşfiq Sabir oğlu 27 avqust 1967-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində
anadan olmuşdur. 1974-1984-cü illərdə Qaymaqlı kənd tam orta məktəbində təhsil
almışdır. 1985-1987-ci illərdə Primorski vilayətində hərbi xidmətdə olmuşdur. 1987-ci
ildən Tiflis şəhərində 8-ci alayda iş fəaliyyətinə başlamışdır. 1992-ci ildən
Milli Ordu sıralarına könüllü yazılan Müşfiq "N” saylı hərbi hissənin 3-cü
alayında Rota komandiri kimi Vətənə xidmət etmişdir. O, 1993-cü il iyun ayının
4-də şəhid olmuşdur. "Azərbaycan
bayrağı" ordeni, Türkiyənin Bətər Federasiyası tərəfindən Fəxri Fərmanla
təltif olunmuşdur. Budaqov Rauf Aliq oğlu
Budaqov Rauf Aliq oğlu 23 may 1986-cı ildə
Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 1993-cü ildə Canalı kənd tam
orta məktəbinə daxil olmuş, 2004-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir.
4 iyun 2005-ci ildə Ağcəbədi rayonu ərazisində həqiqi hərbi xidmətdə olarkən şəhid
olmuşdur. Ana və bacısı hazırda Sabirabad şəhərində yaşayırlar. Quluyev Şərif Novruz oğlu
Quluyev
Şərif Novruz oğlu 29 oktyabr 1963-cü ildə Qazax rayonunun Bala Cəfərli kəndində
anadan olmuşdur. 1971-ci ildə Bala Cəfərli kənd ibtidai məktəbin 1-ci sinifinə
daxil olmuş, 1974-cü ildə həmin məktəbin 3-cü sinifini bitirmişdir. 1974-cü ildə
Barxudarlı kənd əsas məktəbin 4-cü sinifinə daxil olmuş, 1979-cu ildə Barxudarlı
kənd əsas məktəbin 8-ci sinfini bitirmişdir. 1979-cu ildə Qazax rayon Texniki
Peşə liseyinə daxil olmuş, 1982-ci ildə həmin liseyi bitirmişdir. 1982-1984-cü
illərdə SSRİ silahlı qüvvələrində Xabarovsk vilayətində xidmət etmişdir. Qazax
rayon Suvarma Sistemləri İdarəsində anbardar işləmişdir. 5 iyun 1992-ci ildə
traktorla evinə gedərkən Qazax-Bala Cəfərli yolunda minaya düşmüşdür.
Facebook-da paylaş