Əsas Səhifə > Şəhidlər > Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur
Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur5-06-2022, 11:41 |
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------
Uğrunda canlar fəda edilən, qanlar tökülən Vətən hər birimiz üçün əzizdir. Vətəni göz bəbəyi kimi qorumaq, bütöv və tam olması üçün düşünmədən canından keçmək isə vətənpərvərlik hissindən irəli gəlir. Vətənpərvərlik təkcə itirdiyimiz torpaqları geri qaytarmaq istəyi deyil. Vətənpərvərlik, ilk növbədə, dininə, dilinə, tarixinə, keçmişinə, ədəbiyyatına, musiqisinə hörmət, ətrafdakı insanlara sevgi deməkdir. Vətənə sevgi məhz vətənpərvərlikdən başlayır. Allaha, valideynlərimizə borclu olduğumuz kimi, Vətənə də borcluyuq. Çünki biz bu torpağın üstündə gəzir, bu torpaqda, bu Vətəndə yaşayırıq. Minlərlə oğul və qızlarımız Vətən uğrunda canlarından keçərək Şəhidliyin ən uca zirvə olduğunu hər an sübut ediblər. Vətənini sevən hər bir insan da bu torpaq uğrunda canından keçmiş şəhidlərini, Milli Qəhrəmanlarını unutmamalı, onların əziz xatirəsini daim yad etməlidir. Vətənə olan sonsuz sevgi sayəsində Şəhidlik adlı zirvəni fəth edən, doğma Qarabağımızı, Şuşamızı bizə geri qaytaran oğullarımızın xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcu olmalıdır. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 339 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – kiçik gizir Elcan Namazovun, əsgər Əvəz Məmmədovun, gizir Elxan Civişovun, gizir Müşfiq Məmmədovun, Rauf Budaqovun, Şərif Quluyevin əziz xatirəsini ehtiramla yad edirik. Kiçik gizir Namazov Elcan Hidayət oğlu
Şəhid Elcan Namazov 1 iyun 1997-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 2003-cü ildə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2016-cı ilin iyul ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, 2018-ci ilin yanvar ayına kimi həqiqi hərbi xidmətdə olmuşdur. Əsgərliyini bitirəndən il yarım sonra sənədlərini "N" saylı hərbi hissəyə verərək 2019-cu ilin iyunundan oktyabrınadək gizirlik məktəbində oxudu. Kiçik gizir rütbəsini alandan sonra, 2019-cu ilin iyunundan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində kiçik gizir rütbəsində çevik alayda xidmət etməyə başladı. Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kiçik gizir Elcan Namazov 16.10.2020-ci il tarixdə Dəmirçilər kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi. 23 yaşında Şəhidlik zirvəsinə yüksələn Elcan Namazovun döyüş meydanında göstərdiyi igidlik, qəhrəmanlıq ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Bütün şəhidlərimiz kimi, igid Vətən oğlu Elcan Namazovun da adı əbədiləşdirilib. Qəhrəman şəhidimizin doğulduğu Dəmirçilər kəndində adını əbədiləşdirən bulaq inşa olunaraq 14.10.2021-ci il tarixdə açılışı olub. Əsgər Məmmədov Əvəz Elnur oğlu
Şəhid Əvəz Məmmədov 1 iyun 2001-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2007-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2019-cu ilin 2 iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin 1-ci taborunun, 1-ci bölüyünün atıcı-qumbaraatan köməkçisi əsgər Əvəz Məmmədov 07.10.2020-ci iltarixdə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən Şəhidlik zirvəsinə yüksəlmişdir. Qəhrəmancasına şəhid olan əsgərimiz 07.10.2020-ci ildə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi. Vətənə olan xidməti borcunu qaytararkən torpaqlarımızın bütövlüyü naminə canından keçən igid əsgərimizin döyüşlərdə göstərdiyi şücaət dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Gizir Civişov Elxan Mehdi oğlu
Civişov Elxan Mehdi oğlu 1 iyun 1970-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1976-cı ildə Çaylı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1986-cı ildə həmin məktəbi bitirmişdir. 1988-1990-cı illərdə SSRİ silahlı qüvvələrində xidmət etmişdir. Civişov Elxan Mehdi oğlu 31 oktyabr 1992-ci ildə Fərəhli kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Gizir Məmmədov Müşfiq Sabir oğlu
Məmmədov Müşfiq Sabir oğlu 27 avqust 1967-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1974-1984-cü illərdə Qaymaqlı kənd tam orta məktəbində təhsil almışdır. 1985-1987-ci illərdə Primorski vilayətində hərbi xidmətdə olmuşdur. 1987-ci ildən Tiflis şəhərində 8-ci alayda iş fəaliyyətinə başlamışdır. 1992-ci ildən Milli Ordu sıralarına könüllü yazılan Müşfiq "N” saylı hərbi hissənin 3-cü alayında Rota komandiri kimi Vətənə xidmət etmişdir. O, 1993-cü il iyun ayının 4-də şəhid olmuşdur. "Azərbaycan bayrağı" ordeni, Türkiyənin Bətər Federasiyası tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. Budaqov Rauf Aliq oğlu
Budaqov Rauf Aliq oğlu 23 may 1986-cı ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 1993-cü ildə Canalı kənd tam orta məktəbinə daxil olmuş, 2004-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 4 iyun 2005-ci ildə Ağcəbədi rayonu ərazisində həqiqi hərbi xidmətdə olarkən şəhid olmuşdur. Ana və bacısı hazırda Sabirabad şəhərində yaşayırlar. Quluyev Şərif Novruz oğlu
Quluyev Şərif Novruz oğlu 29 oktyabr 1963-cü ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1971-ci ildə Bala Cəfərli kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuş, 1974-cü ildə həmin məktəbin 3-cü sinifini bitirmişdir. 1974-cü ildə Barxudarlı kənd əsas məktəbin 4-cü sinifinə daxil olmuş, 1979-cu ildə Barxudarlı kənd əsas məktəbin 8-ci sinfini bitirmişdir. 1979-cu ildə Qazax rayon Texniki Peşə liseyinə daxil olmuş, 1982-ci ildə həmin liseyi bitirmişdir. 1982-1984-cü illərdə SSRİ silahlı qüvvələrində Xabarovsk vilayətində xidmət etmişdir. Qazax rayon Suvarma Sistemləri İdarəsində anbardar işləmişdir. 5 iyun 1992-ci ildə traktorla evinə gedərkən Qazax-Bala Cəfərli yolunda minaya düşmüşdür. Geri qayıt |