Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur
Şəhidlərimizi tanıyaq və
tanıdaq---------------------------- Uğrunda canlar fəda edilən, qanlar tökülən Vətən hər
birimiz üçün əzizdir. Vətəni göz bəbəyi kimi qorumaq, bütöv və tam olması üçün
düşünmədən canından keçmək isə vətənpərvərlik hissindən irəli gəlir.
Vətənpərvərlik təkcə itirdiyimiz torpaqları geri qaytarmaq istəyi deyil.
Vətənpərvərlik, ilk növbədə, dininə, dilinə, tarixinə, keçmişinə, ədəbiyyatına,
musiqisinə hörmət, ətrafdakı insanlara sevgi deməkdir. Vətənə sevgi məhz
vətənpərvərlikdən başlayır. Allaha, valideynlərimizə borclu olduğumuz kimi,
Vətənə də borcluyuq. Çünki biz bu torpağın üstündə gəzir, bu torpaqda, bu
Vətəndə yaşayırıq. Ən əsası da tarix boyu xalq olaraq həmişə
şərəfli ölümlə fəxr etmişik, ömrümüz boyu belə ölümlərə can atmışıq. Ölümün
gözünə dik baxa bildiyimiz üçün bu Vətən, bu torpaq, bu yurd nə qədər faciələr
yaşasa da, yaşamaq haqqını itirməyib. Dediyimiz bir kəlmə söz, içdiyimiz and,
verdiyimiz vəd əlimizdən tutub, bizi Vətən üçün ölümə aparsa belə, Vətən üçün
bu yoldan dönməmişik. Məhz bu qətiyyət, cəsarət, mübarizlik, Vətənə olan sonsuz
sevgi sayəsində Şəhidlik adlı zirvəni fəth edən oğullarımız doğma Qarabağımızı,
Şuşamızı bizə geri qaytardılar. Vətən torpağı tam olsun deyə hər an özlərinin
ömür payını bu yolda keçmək kimi bir nümunə qoydular. Qəhrəmanlığı alın yazısı
seçən mərd oğullarımız dünən də olub, bu gün də var, sabah da
olacaq. ”Təki Vətən sağ olsun! Vətən yaşasın!”, - deyərək canından keçib
Şəhidlik zirvəsinə ucalan igid oğul və qızlarımızı yad etmək, onların
xatirəsini hər zaman anmaq isə bizim hər birimizin borcudur. "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” şüarı
ilə bu müqəddəs amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli
Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla
yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etmək isə bizim hər
birimizin ən müqəddəs vəzifəsi və borcudur. Çünki özlərinə əbədiyyət heykəli
ucaldan şəhidlərimiz xalqımızın qəhrəmanlıq tarixində həmişə yaşamalı və
yaşadılmalıdır. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi
tapılmaz ki, orada bir şəhid məzarı olmasın. "Torpaq, uğrunda ölən
varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız
minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər
zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr
edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə
də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla
168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda
339 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını
alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər
zaman olub, bu gün də var, sabah da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur.
Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri,
ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu
istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı
dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs
məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli
əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər.
Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı
Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən
guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin
xatirəsinə Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət
və etiramın bariz nümunəsidir. Qazax Rayon
İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş
redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən
müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan
yazanlar" kitabının yazılması igid Vətən
oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi
addımdır. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından
keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının
Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq
bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və
anım günü olan şəhidlərimizdən – Nəriman Mustafayevin, Mustafa Mustafayevin, Asif Rəhimovun, Elburus Məmmədovun, çavuş Fərman Yolçuyevin, Səhlədar Məhərrəmovun, Həmid
Tağıyevin, çavuş Yaşar Hüseynovun, kiçik gizir Röyal Mədətovun əziz xatirəsini ehtiramla yad edirik. Mustafayev Nəriman Abdulla oğlu Mustafayev
Nəriman Abdulla oğlu 9 may 1956-cı ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur.
1992-ci ildə Nizami rayon hərbi komissarlığından Azərbaycan Ordusu sıralarına
çağırılmışdır. 26 sentyabr 1992-ci ildə Laçın döyüş bölgəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında
dəfn olunmuşdur. Mustafayev Mustafa Bahad oğlu Mustafayev
Mustafa Bahad oğlu 10 may 1938-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan
olmuşdur. 1945-ci ildə Cəfərli kənd əsas məktəbin 1-ci sinifinə daxil olmuş və
1952-сi ildə Cəfərli kənd əsas məktəbin 1-ci sinifini bitirmişdir. 1956-cı ildə
SSRİ silahlı qüvvələrinə hərbi xidmətə çağırılmış, 1957-ci ildə xəstəliyinə görə
tərxis olmuşdur. 1957-ci ildən "Pravda” kolxozunda naxırçı işləmiş, 1972-ci ildən
isə "Qazax Tinglik” sovxozunda sürücü işləmişdir. 18 noyabr 1996-cı ildə Cəfərli
kəndində öz xırdabuynuzlu mal-qarasını otararkən ermənilər tərəfindən
vurulmuşdur. Rəhimov Asif Qəzənfər oğlu Rəhimov
Asif Qəzənfər oğlu 4 yanvar 1975-ci ildə Qazax rayonunun Həzi Aslanov sovxozunda anadan olmuşdur. 1981-ci ildə orta
məktəbə getmiş və 1991-ci ildə orta məktəbi
bitirmişdir. 1992-ci ildə Qazax rayon Hərbi Komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 10 may 1992-ci
ildə Qazax rayonunun Kəmərli kəndi ilə Ermənistan Respublikasının sərhədində Kəmərli döyüş bölgəsində ermənilər tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. Məmmədov Elburus Veyis oğlu Məmmədov
Elburus Veyis oğlu 9 yanvar 1981-ci ildə Qazax rayonunun Kəmərli kəndində
anadan olmuşdur. 10 may 1996-cı ildə Kəmərli kəndində güllə yarasından şəhid
olmuşdur. Çavuş Yolçuyev Fərman Sabit oğlu Yolçuyev
Fərman Sabit oğlu 20 dekabr 1968-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1976-cı ildə şəhid
İslam Nəsibov adına Aşağı Əskipara kənd orta məktəbin 1-ci sinifinə getmiş,
1986-cı ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Keçmiş SSRİ-də hərbi
xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə
iştirak etmişdir. Polis əməkdaşı çavuş Yolçuyev Fərman Sabit oğlu 11 may
1992-ci ildə şəhid olmuşdur. Məhərrəmov Səhlədar Süleyman oğlu Məhərrəmov
Səhlədar Süleyman oğlu 13 may 1938-ci ildə Qazax rayonunun Barxudarlı kəndində
anadan olmuşdur. 5 fevral 1990-cı ildə Sofulu kəndində sahədə qoyun otaran
zaman erməni quldurları tərəfindən silahla vurulmuşdur. Ağır güllə yarasından vəfat
etmişdir. 1997-ci ildən şəhid statusu verilmişdir. Tağıyev Həmid Bəhmən oğlu Tağıyev
Həmid Bəhmən oğlu 13 may 1973-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1980-ci ildə Elşən Cəfərov
adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1990-cı
ildə həmin orta məktəbi bitirmişdir. SSRİ silahlı qüvvələrində hərbi xidmət
etmişdir. Könüllü olaraq Milli Orduya yazılmışdır. Tağıyev Həmid Bəhmən oğlu 27
iyun 1992-ci ildə Qızılhacılı kəndi yaxınlığında gedən döyüşlərdə şəhid
olmuşdur. Adını əbədiləşdirmək məqsədilə evlərinin yaxınlığındakı bir bulağa onun
adı verilmişdir. Çavuş Hüseynov Yaşar Eldar oğlu Çavuş Hüseynov Yaşar Eldar oğlu 14 may
1966-cı ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur. 28 aprel
1994-cü ildə Ağdərə rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. 1994-cü ildən şəhid statusu
verilib. Kiçik gizir Mədətov
Röyal Şahin oğlu Şəhid Röyal Mədətov 14 may
1992-ci ildə Qazax rayonunun Əzizbəyli (indiki Hüseynbəyli) kəndində anadan
olmuşdur. 1998-ci ildə Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta
məktəbin 1-ci sinifinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 11-ci sinifini
bitirmişdir. 03.07.2010-cu ildə Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi
tərəfindən Azərbaycan ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. Həqiqi hərbi xidmətdən
tərxis olunduqdan sonra 2012-ci ildən könüllü olaraq Azərbaycan ordu sıralarına
qayıtmışdır. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olmuş və
yaralanmışdır. Təkrar olaraq ordu sıralarına qayıdaraq kiçik gizir kimi hərbi
xidmətini davam etdirmişdir. "N” saylı hərbi hissədə xüsusi təyinatlı
dəstənin xüsusi təyinatlı manqa komandiri olan kiçik gizir Röyal Mədətov
22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində
gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman
şəhidimiz 24.10.2020-ci il tarixdə Qazax şəhərindəki Şəhidlər
qəbiristanlığında izdihamladəfn edilmişdir. Ailəliydi. Övladı yoxdur. Gözündə qorxu yox idi. Ona
görə də döyüş yoldaşları ona "Qara qartal" ləqəbi vermişdilər.
Röyal Mədətov öz qorxmazlığı, mətinliyi ilə həmişə nümunə göstərirdi. 28
yaşında Şəhidlik zirvəsinə ucalan kiçik gizir Röyal Mədətovun döyüş meydanında
göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O,
ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli
Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il
tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli
Sərəncamlarına əsasən "Xocavəndin azad olunmasına görə”,
"Kəlbəcərin azad olunmasına görə”, "İgidliyə görə” medalları, 5 noyabr 2021-ci il tarixli
Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı” ordeni, "Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun "Şəhid adlarının əbədiləşdirilməsi
məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin
adlarının verilməsi haqqında” 30 noyabr
2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər
ərazisində adsız olan küçələrdən birinə "Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib.
Facebook-da paylaş