Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur
Şəhidlərimizi tanıyaq və
tanıdaq---------------------------- Uğrunda canlar fəda edilən, qanlar tökülən Vətən hər
birimiz üçün əzizdir. Vətəni göz bəbəyi kimi qorumaq, bütöv və tam olması üçün
düşünmədən canından keçmək isə vətənpərvərlik hissindən irəli gəlir.
Vətənpərvərlik təkcə itirdiyimiz torpaqlari geri qaytarmaq istəyi deyil.
Vətənpərvərlik, ilk növbədə, dininə, dilinə, tarixinə, keçmişinə, ədəbiyyatına,
musiqisinə hörmət, ətrafdakı insanlara sevgi deməkdir. Vətənə sevgi məhz
vətənpərvərlikdən başlayır. Allaha, valideynlərimizə borclu olduğumuz kimi,
Vətənə də borcluyuq. Çünki biz bu torpağın üstündə gəzir, bu torpaqda, bu
Vətəndə yaşayırıq. Minlərlə oğul və qızlarımız Vətən uğrunda canlarından
keçiblər. Şəhidlik isə ən uca zirvədir. Vətənpərvərlik böyük hissdir və
şəhidlər məhz vətənpərvər insanlardır. Vətənini sevən hər bir insan da bu torpaq
uğrunda canından keçmiş şəhidlərini, Milli Qəhrəmanlarını unutmamalı, onların
əziz xatirəsini daim yad etməlidir. Bu gün Azərbaycan gəncliyi inkişaf edir.
Gənclərimiz bütün sahələrdə nailiyyətlər qazanırlar. Azərbaycan gənclərinin
uğurlu sədaları xarici ölkələrdən gəlir. İstər təhsil sahəsində, istərsə də
idman sahəsində gənclərimiz özlərini doğruldurlar. Bu, Vətənə olan sevgidən,
vətənpərvərlikdən yaranır. Gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında
şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar, keçdiyi döyüş yolu hər bir gənc
üçün əsl örnək olmalı və öyrənilməlidir. "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” şüarı
ilə bu müqəddəs amal uğrunda döyüşə atılan
və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin
əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və
ruhlarını şad etmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və
borcudur. İlk və əsas işimiz canlarını Vətənə fəda edən igid
oğullarımızı xatırlamaq, yad etmək, ən əsası da gələcək nəsillərə örnək
göstərmək olmalıdır. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla
qürur duyur. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi
tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi
uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik
hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da
belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan, Bağanıs Ayrım,
Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı
Əskipara kimi 7 kəndi mənfur düşmənin işğalına məruz qalan Qazax rayonu da
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər
igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə
döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah
da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz
nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan
abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin
vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza
ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu
müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid
oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini
ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci
Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz
xatirəsini əbədiləşdirən guşə yaradılıb ki, bu, şəhidlərimizə olan hörmət və
etiramın daha bir bariz nümunəsidir. Qazaxda
torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və
anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən
uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq
bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım
günü olan şəhidlərimizdən – Qaratel Hacımahmudovanın, çavuş
Mərdan Əsgərovun, Dadaş İsmayılovun, Şərif Namazovun, leytenant
Əşrəf Axundovun,Ruhiyyə Bənnayevanın, Qorxmaz Nağıyevin, Mürsəl
Qocayevin, Məhəmməd Alisgəndərovun, Mahmud Mahmudovun, çavuş Natiq
Məmmədovun, İlqar
Həsənqarayevin, baş gizir İsə Almazovun əziz xatirəsini
ehtiramla yad edirik. Hacımahmudova Qaratel Şəmi qızı Hacımahmudova
Qaratel Şəmsi qızı 16 avqust 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1955-ci
ildə Aşağı Əskipara kənd tam orta məktəbin birinci sinfinə getmişdir. 1965-ci
ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Bakı şəhərində Ticarət
Texnikomunu, Xalq Təsərrüfatı İnsitutunu qurtarmışdır. 1988-1992-ci illərdə
Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə
iştirak etmişdir. 14 iyun 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən
döyüşdə şəhid olmuşdur. O, 1994-cü ildə Azərbaycan
Respublikası Prezidenti tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif
olunmuşdur. Şəhər ümumi orta məktəb qəhrəman şəhidin adını
daşıyır. Rayon rəhbərliyi tərəfindən şəhərin mərkəzində xatirəsini əbədiləşdirən
bulaq tikilib. Çavuş Əsgərov Mərdan Məhəmmədəli oğlu
Əsgərov Mərdan Məhəmmədəli oğlu 22 iyun 1968-ci ildə
Qazax rayonunun Aşağı Əskipara kəndində
anadan olmuşdur. 1975-ci ildə Aşağı Əskipara kənd orta məktəbin birinci sinfinə getmişdir. 1985-ci ildə həmin
məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı
Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 14 iyun
1992-ci ildə şəhid olmuşdur. Ölümündən sonra "Hərbi xidmətlərə görə” medalı ilə
təltif olunmuşdur. İsmayılov Dadaş İsmayıl oğlu
İsmayılov
Dadaş İsmayıl oğlu 17 may 1957-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində
anadan olmuşdur. 1964-cü ildə Quşçu Ayrım kənd orta məktəbin birinci sinfinə
daxil olmuş, 1974-cü ildə həmin məktəbi bitirərək sovet ordusu sıralarına
getmişdir. Ordudan tərxis olunduqdan sonra M.Ə.Sabir adına sovxozda
çalışmışdır. İsmayılov Dadaş İsmayıl oğlu 14 iyun 1992-ci ildə Kommuna (indiki
Bala Çaylı) kəndində ermənilər tərəfindən atılan top mərmisinin qəlpəsindən şəhid
olmuşdur. Ailəliydi, 2 övladı var. Namazov Şərif Yolçu oğlu Namazov
Şərif Yolçu oğlu 18 sentyabr 1948-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində
anadan olmuşdur. 1955-ci ildə Quşçu Ayrım səkkiz illik məktəbin birinci sinfinə
daxil olmuş, daha sonra Aşağı Əskipara kənd tam orta məktəbində oxumuşdur.
1965-ci ildə orta məktəbi bitirərək sovet ordusunda hərbi xidmət keçmişdir.
Ordudan tərxis olunduqdan sonra M.Ə.Sabir adına sovxozda işləmişdir. 14 iyun
1992-ci ildə erməni silahlı qüvvələrinin Quşçu Ayrım kəndinə silahlı basqını
zamanı şəhid olmuşdur. Ailəliydi. 2 övladı var. Leytenant Axundov Əşrəf Bəhram oğlu Axundov Əşrəf Bəhram oğlu 29 may 1964-cü ildə Qazax
rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 1971-ci ildə Bala Çaylı kənd orta
məktəbin birinci sinfinə daxil olmuş, 1979-cu
ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1979-1981-ci illərdə Çaylı
kənd 1 nömrəli tam orta məktəbin onuncu sinfini bitirmişdir. SSRİ silahlı qüvvələrində
hərbi xidmət etmişdir. Hərbi xidmətdən gəldikdən sonra Qazax rayon Hərbi
Komissarlığında gizir vəzifəsində çalışmışdır. Döyüşlərə könüllü getmiş və
komandir vəzifəsində çalışmışdır. Leytenant rütbəsi alan Əşrəf Axundov 14 iyun 1994-cü
ildə şəhid olmuşdur. Bənnayeva Ruhiyyə Mustafa qızı Bənnayeva Ruhiyyə Mustafa qızı 14 yanvar 1977-ci
ildə Qazax rayonunun Kommuna (indiki
Bala Çaylı) kəndində anadan olmuşdur. 1984-cü ildə Kommuna (indiki Bala Çaylı) kənd
8 illik məktəbin birinci sinfinə daxil olmuşdur. 14 iyun 1992-ci ildə ermənilərin
Kommuna kəndini atəşə tutması nəticəsində evlərinə düşən qrat mərmisindən şəhid
olmuşdur. Nağıyev Qorxmaz Nadir oğlu Nağıyev
Qorxmaz Nadir oğlu 17 iyun 1965-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində
anadan olmuşdur. 1972-ci ildə Bala Çaylı kənd 8 illik məktəbin birinci sinfinə
daxil olub, 1980-ci ildə həmin məktəbi bitirib. 1981-82-ci illərdə Çaylı kənd 1
nömrəli tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra sovet
ordusunda xidmət edib. Qayıtdıqdan sonra kənddə fərdi təsərrüfatla məşğul olub.
14 iyun 1992-ci ildə Bala Çaylı kəndində düşmən tərəfindən atılan qrat mərmisi
nəticəsində şəhid olmuşdur. 15 iyun 1992-ci ildə Çaylı kəndində Şəhidlər
xiyabanında dəfn olunmuşdur. Qocayev Mürsəl Məhəmməd oğlu Qocayev Mürsəl Məhəmməd oğlu 1 mart 1958-ci ildə
Qazax rayonunun Əli Bayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. 1965-ci
ildə (Əli Bayramlı) hazırkı Aslanbəyli kənd orta məktəbin 1-ci sinfinə
getmiş,1975-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1977-79-cu illərdə
sovet ordusu sıralarında xidmət etmişdir. Ordudan qayıtdıqdan sonra Aslanbəyli kəndində fəhlə işləmişdir.
15 iyun 1994-cü ildə Qazax rayonunun
Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhədində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur. Alisgəndərov Məhəmməd Mahmud oğlu Alisgəndərov Məhəmməd Mahmud oğlu 1 iyul 1933-cü
ildə Qazax rayonunun Əli Bayramlı
(hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. Aslanbəyli kəndində yaşamışdır.
15 iyun 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhədində ermənilər tərəfindən
atılan atəş nəticəsində şəhid olmuşdur. Aslanbəyli
kənd qəbiristanlığında dəfn olunmuşdur. Mahmudov Mahmud Abdulla oğlu Mahmudov
Mahmud Abdulla oğlu 23 iyul 1971-ci ildə Yuxarı Əskipara kəndində anadan
olmuşdur. 1978-ci ildə Yuxarı Əskipara kənd tam orta məktəbin birinci sinfinə
daxil olmuş, 1988-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci
ildə Milli Orduya xidmətə çağrılmışdır. 15 iyun 1993-cü ildə Məzəm kəndində gedən
döyüşlərdə minaya düşərək şəhid olmuşdur. Ağköynək kənd qəbiristanlığında dəfn
edilmişdir. Çavuş Məmmədov Natiq Məhəmməd oğlu Məmmədov
Natiq Məhəmməd oğlu 12 avqust 1967-ci ildə Qazax rayonunun Məzəm kəndində
anadan olmuşdur. 1974-cü ildə Məzəm kənd ibtidai məktəbin birinci sinfinə daxil
olmuşdur. 1985-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbini bitirmiş və ordu
sıralarına çağrılmışdır. Ordudan tərxis olunduqdan sonra polis orqanlarında çalışmışdır.
Məmmədov Natiq Məhəmməd oğlu 16 iyun 2005-ci ildə Məzəm kəndində düşmən
snayperindən açılan atəş nəticəsində şəhid olmuşdur. Ailəli idi. 2 övladı var. Həsənqarayev İlqar Həmid oğlu Həsənqarayev İlqar Həmid oğlu 3 aprel 1972-ci ildə
Kürdəmir rayonunun Xınışlı kəndində
anadan olmuşdur. 1979-cu ildə Qazax rayonunun Əli Bayramlı (hazırkı Aslanbəyli) kənd orta məktəbin 1-ci sinfinə
getmiş, 1989-cu ildə həmin orta məktəbin 10-cu sinfini bitirmişdir. 1993-cü ildə
Qazax rayon hərbi komissarlığından Azərbaycan Ordusu sıralarına çağrılmışdır. 18 iyun 1994-cü ildə Biləcəri yolunda hərbi
texnikanın qəzası nəticəsində şəhid olmuşdur.
Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. Baş gizir Almazov İsə Ziyad oğlu Baş
gizir Almazov İsə Ziyad oğlu 20 iyun 1977-ci il tarixində Qazax rayonunun Cəfərli
kəndində anadan olmuşdur. 2001-ci ildə Silahlı Qüvvələrin Zabit Heyətinin Təkmilləşdirmə
kursları nəzdində gizir hazırlanma kursunu bitirmişdir. 2001-2007-ci illərdə hərbi
hissədə döyüş maşın komandiri – manqa komandiri vəzifəsində xidmət etmişdir.
2007-2014-cü illərdə hərbi hissədə bölüyün baş çavuşu vəzifəsində xidmət
etmişdir. 13.01.2001-ci ildə gizir, 29.06.2001-ci ildə isə baş gizir hərbi rütbələrini
almışdır. Nümunəvi xidmətləri nəzərə alınaraq baş gizir İ.Almazov Azərbaycan
Respublikası Müdafiə Nazirinin müvafiq əmrləri ilə "Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi (1918-2008)” və "Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi (1918-2013)” yubiley
medalları ilə təltif olunmuşdur. Baş
gizir Almazov İsə Ziyad oğlu 31 iyul 2014-cü il tarixində saat 19:45 radələrində
Qazax rayonunun Kəmərli kəndi istiqamətində düşmən bölmələrinin atəşkəsi
pozması nəticəsində baş vermiş döyüşdə düşmənə layiqli cavab vermiş, geri çəkilməmiş,
qəhrəmancasına vuruşaraq başından aldığı güllə yarasından həlak olmuşdur. Baş
gizir İ.Almazov xidmət etdiyi dövrdə nümunəvi xidməti ilə həmişə fərqlənmiş,
bir neçə dəfə komandanlıq tərəfindən mükafatlandırılmışdır. Baş
gizir İ.Almazov bütün kollektivin hörmətini qazanmaqla yanaşı, digər hərbi
qulluqçulara da bir nümunə idi. O, bunu şəhidliyi ilə sübut etdi və doğma
torpağın müdafiəsində şəhid olaraq əbədiyyətə qovuşdu. Cəsur döyüşçü baş gizir
Almazov İsə Ziyad oğlunun əziz xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaqdır. Baş
gizir İ.Almazov müdafiə naziri, general-polkovnik
Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli Əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə
fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.
Facebook-da paylaş