Bu gün döyüş yoldaşları tərəfindən “Əjdaha” ləqəbi verilən qazaxlı kəşfiyyatçı leytenantın doğum günüdür
Şəhidlərimizi
tanıyaq və tanıdaq---------------------------- 2020-ci ilin 27 sentyabrı
Azərbaycan xalqının yaddaşında uzun illər bizi Qələbəyə, Zəfərə aparan yolun
başlanğıc tarixi kimi xatırlanacaq. Məhz 27 sentyabrdan başlayan haqq savaşımız
bizi sonunda böyük Qələbəyə apardı. Uzun illərin həsrətinə son qoyan 44 günlük
Zəfərimiz əks-sədası ilə bütün dünyaya səs saldı. Rəşadətli Azərbaycan Ordusu
44 gün davam edən İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali
Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixində nümunə göstəriləcək
əsl qəhrəmanlıq dastanı yazdı. Tarixi Qələbə qazanan Azərbaycanın igid
övladları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşmənə
layiqli yerini göstərdi. İgid Vətən oğulları döyüşdə göstərdikləri qəhrəmanlıqlarla
sübut etdilər ki, "Qarabağ Azərbaycandır!”, "Qarabağ bizimdir!”. Bu
gün hər bir Azərbaycan vətəndaşı bizi 30 illik Vətən həsrətindən sonra işğaldan
azad olunmuş Qarabağımıza, eləcə də ona bitişik tarixi yurd yerlərimizə
qovuşduran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan
Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə minnətdardır. Qarabağ adlı haqq
savaşında bizlərə tarixi Zəfəri bəxş edən igid Vətən övladları ilə bu gün də
qürur duyur. 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında böyük tarixi Qələbə
ilə başa çatan Vətən müharibəsi şəhidlərinin ruhları qarşısında baş əyir. İllər
ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı
Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən qazilərimiz,
ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt
unudulmayacaq. Doğma
torpaqlarımız uğrunda son damla qanına qədər vuruşaraq əsl qəhrəmanlıq nümunəsi
göstərən cəsur Vətən övladlarından biri də kəşfiyyatçı leytenant Yaqubov Mayis Rəhim
oğludur. Bu gün döyüş yoldaşları tərəfindən
"Əjdaha” ləqəbi verilən Vətən müharibəsi
şəhidi Mayis Yaqubovun cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı igid Vətən
oğlunun bu gün 24 yaşı tamam olacaqdı... GOYEZEN.AZ saytı
olaraq bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz
xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək
Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Mayis Yaqubov da hər zaman
yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Mayis kimi oğullarımız
daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik,
qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və
gələcək nəsillər hər zaman Mayis tək oğullardan örnək götürəcək. Məkanın
cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim! Şəhid Mayis
Yaqubov 20 aprel 1998-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan
olmuşdur. 2004-cü ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta
məktəbin 1-ci sinifinə daxil olmuşdur. Mayis Yaqubov 2012-ci ildə oxuduğu məktəbin
8-ci sinifini bitirərək ən yüksək balla Cəmşid Naxçıvanski adına Hərbi Liseyə
daxil olub və 3 il sonra təhsilini başa vurub. Sonrakı illərdə hərbi təhsilinin
artırılması qayğısına qalıb. Bu məqsədlə də 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir.
Naxçıvan Muxtar Respublikasında yerləşən "N” saylı hərbi hissədə leytenant rütbəsində
xidmətə başlamışdır. "N" saylı hərbi hissədə xidmətə başlayandan 3 ay
sonra Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinə keçib. Bunlar Mayis Yaqubovun hərbi
təhsil dövrünün qısa xronikasıdır. Bu illərin arxasında mütəmadi təhsil, gərgin
fiziki tərbiyə və böyük zəhmət durur. O, təhsildə olduğu kimi, xidmətdə də fərqlənib,
26 iyun 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub. "N” saylı hərbi
hissənin 2-ci xüsusi təyinatlı bölüyünün 1-ci xüsusi təyinatlı qrupunun
komandiri olan leytenant Mayis Yaqubov 17 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd
rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid leytenantımız 22.10.2020-ci il tarixdə Daş Salahlı kəndində
yerləşən Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi.
Azərbaycanın
ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək
şəhid olan leytenantımızın göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev
tərəfindən də yüksək qiymətləndirildi. Döyüş yoldaşlarının "Əjdaha” ləqəbi ilə
çağırdığı 22 yaşlı kəşfiyyatçı leytenant Mayis Yaqubov ölümündən sonra cənab
Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın
azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi
xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin
azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. İgid
Vətən oğlunun doğulduğu kənddə xatirəsini əbədiləşdirən bulaq-abidə kompleksi
inşa olunub, 08.11.2021-ci ildə həmin bulağın açılışı olub.
Facebook-da paylaş