Bu gün Qazaxda “Əjdaha” ləqəbli Vətən müharibəsi şəhidi Mayis Yaqubovun ildönümü qeyd olunub
2020-ci
ilin 27 sentyabrı Azərbaycan xalqının yaddaşında uzun illər Qələbənin, Zəfərin
başlanğıc tarixi kimi xatırlanacaq. Məhz 27 sentyabrdan başlayan haqq savaşımız
bizi sonda böyük Qələbəyə apardı. Uzun illərin həsrətinə son qoyan 44 günlük Zəfərimiz
əks-sədası ilə bütün dünyaya səs saldı. Rəşadətli Azərbaycan Ordusu 44 gün
davam edən İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixində nümunə göstəriləcək
əsl qəhrəmanlıq dastanı yazdı. Böyük Qələbə qazanan Azərbaycanın igid övladları
işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşmənə layiqli
yerini göstərdi. İgid Vətən oğulları döyüşdə göstərdikləri qəhrəmanlıqlarla
sübut etdilər ki, "Qarabağ Azərbaycandır!”, "Qarabağ bizimdir!”. Doğma
torpaqlarımız uğrunda son damla qanına qədər vuruşaraq əsl qəhrəmanlıq nümunəsi
göstərən cəsur Vətən övladlarından biri də kəşfiyyatçı leytenant Yaqubov Mayis Rəhim
oğludur. Oktyabrın 22-də müqqədəs torpaqlarımızın düşmən
işğalından azad edilməsi uğrunda aparılan Vətən müharibəsində canından keçən
qəhrəman şəhidimizin ildönümündə əziz xatirəsi yad edilib. İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin
məsul şəxsləri, rayonun hüquq-mühafizə
orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan
Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid
Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan
Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax
rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı
orta məktəbin müəllim və şagirdləri, şəhid ailələri, şəhidimizin ailə üzvləri,
yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər. İgid Vətən oğlunun ruhuna dua oxunub, əziz xatirəsi
ehtiramla yad olunub. Qəhrəman şəhidimizin təltif
olunduğu "Şuşanın
azad olunmasına görə” medalı atasına təqdim olunub. Qazax Rayon
İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev şəhidimizə Allahdan rəhmət diləyib, əziz
xatirəsini ehtiramla anıb, icra başçısı Rəcəb Babaşovun səmimi ürək
sözlərini çatdırıb. A.Vəliyev bu gün Mayis Yaqubov kimi qəhrəman
oğullarımızla nəinki doğulduğu el-obanın, eləcə də bütöv Azərbaycanın fəxr etdiyini,
hər bir azərbaycanlının qürur duyduğunu bildirib. Qeyd edib ki, şəhidlərimizi
yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. Bizlər də
Mayis Yaqubovun timsalında bütün şəhidlərimizi ehtiramla yad edir, ruhu
qarşısında baş əyirik. Vətən üçün
canını fəda edən Mayis kimi igid Vətən oğullarının döyüşdə göstərdiyi
qəhrəmanlıq hər kəs üçün örnəkdir. İllər keçsə belə hər zaman belə qəhrəman
oğullarla qürur duyulacaq. O, savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali
Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu
olduğumuzu bir daha söyləyib. Ölkə Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə,
qazilərimizə göstərdikləri qayğının Qazaxda da rayon rəhbərliyi tərəfindən hər
zaman əsas götürüldüyünü qeyd edib. Şəhid ailələrinə, qazilərimizə göstərilən
qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirib. Bütün şəhid
ailələri kimi, Mayis Yaqubovun ailəsinə də dövlət və rayon rəhbərliyi
tərəfindən daim diqqət ayrıldığını vurğulayıb. Şəhid atası Rəhim Yaqubov oğlu Mayis və onun kimi igid Vətən oğulları ilə hər
zaman fəxr edib, qürur duyacağını söyləyib. Şəhid ailəsi kimi hər zaman onlara
göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham
Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə
minnətdarlığını bildirib. Oğlunun şəhid olduğu ilk gündən xatirəsinin daim
yad olunmasını Mayisin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın
bariz nümunəsi kimi göstərib. Kəşfiyyatçı leytenant Yaqubov Mayis Rəhim oğlu Şəhid
Mayis Yaqubov 20 aprel 1998-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan
olmuşdur. 2004-cü ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta
məktəbin 1-ci sinifinə daxil olmuşdur. Mayis Yaqubov 2012-ci ildə oxuduğu məktəbin
8-ci sinifini bitirərək ən yüksək balla Cəmşid Naxçıvanski adına Hərbi Liseyə
daxil olub və 3 il sonra təhsilini başa vurub. Sonrakı illərdə hərbi təhsilinin
artırılması qayğısına qalıb. Bu məqsədlə də 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. Naxçıvan
Muxtar Respublikasında yerləşən "N” saylı hərbi hissədə leytenant rütbəsində
xidmətə başlamışdır. "N" saylı hərbi hissədə xidmətə başlayandan 3 ay
sonra Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinə keçib. Bunlar Mayis Yaqubovun hərbi
təhsil dövrünün qısa xronikasıdır. Bu illərin arxasında mütəmadi təhsil, gərgin
fiziki tərbiyə və böyük zəhmət durur. O, təhsildə olduğu kimi, xidmətdə də fərqlənib,
26 iyun 2018-ci ildə "Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə
təltif olunub. "N”
saylı hərbi hissənin 2-ci xüsusi təyinatlı bölüyünün 1-ci xüsusi təyinatlı
qrupunun komandiri olan leytenant Mayis Yaqubov 17 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd
rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid leytenantımız 22.10.2020-ci il tarixdə Daş Salahlı kəndində
yerləşən Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi. Azərbaycanın
ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək
şəhid olan leytenantımızın göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev
tərəfindən də yüksək qiymətləndirildi. Döyüş yoldaşlarının "Əjdaha” ləqəbi ilə
çağırdığı 22 yaşlı kəşfiyyatçı leytenant Mayis Yaqubov ölümündən sonra cənab
Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın
azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi
xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin
azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş