Döyüş yoldaşları tərəfindən “Əjdaha” ləqəbi verilən qazaxlı kəşfiyyatçının əziz xatirəsi oxuduğu məktəbdə anılıb
Şəhidlərimizi tanıyaq və
tanıdaq--------------------------- 2020-ci ilin 27 sentyabrı! Bu o tarixdir ki, Azərbaycan xalqının
yaddaşında uzun illər Qələbənin, Zəfərin başlanğıc tarixi kimi xatırlanacaq. İllər
ötsə belə 27 sentyabrdan başlayan və bizi sonunda böyük Qələbəyə aparan haqq
savaşımızı unutmayacağıq. Uzun illərin həsrətinə son qoyan 44 günlük Zəfərimizin
qəhrəmanlarına çevrilən cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı İlham Əliyevi və rəşadətli Azərbaycan Ordusunu qəlbimizə, yaddaşımıza
əbədi həkk edəcəyik. 44 gün davam edən İkinci Qarabağ müharibəsində müasir hərb
tarixində nümunə göstəriləcək əsl qəhrəmanlıq dastanı yazan oğullarımızla bir ömür
boyu fəxr edib, qürur duyacağıq. "Qarabağ Azərbaycandır!”, "Qarabağ bizimdir!”
söyləyərək canını Vətən yolunda fəda edən, Şəhidlik zirvəsini özlərinə ömür
payı biçən igidlərimizi, qəhrəmanlarımızı unutmayacağıq. Azərbaycan xalqı var
olduqca onlar bizim qəlbimizdə əbədi yaşayacaqlar. Doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşaraq əsl qəhrəmanlıq
nümunəsi göstərən cəsur Vətən övladlarından biri də Daş Salahlının igidi, döyüş
yoldaşlarının "Əjdaha” ləqəbi verdiyi kəşfiyyatçı leytenant Yaqubov Mayis
Rəhim oğludur. Bu gün Mayis Yaqubovla Qazax eli, doğulub boya-başa çatdığı Daş
Salahlı mahalı deyil, bütöv Azərbaycan fəxr edir. Sağlığında "Ana mənə nağıl
danış, ancaq o nağılın əjdahası mən olum”, - deyən Mayis bu gün özü "Azərbaycan”
adlı nağılın qəhrəmanına çevrildi. Döyüş meydanında sinəsini düşmənə sipər edərək,
uşaqlıqdan azad etməyi özünə borc bildiyi torpaqları göz bəbəyi kimi qorudu. Şəhidlik
zirvəsini özünə ulu Tanrının ona bəxş etdiyi ən gözəl nemət bildi. Allahın ona
yazdığı alın yazısını Şəhidlik zirvəsinə ucalaraq dastan etdi. Şəhid Mayis Yaqubovla oxuduğu Şahin Cəbiyev adına Daş Salahlı kənd 2
nömrəli tam orta məktəbin kollektivi də fəxr edir, qəhrəman məzunu ilə qürur
duyur. Bu gün şəhidimizin əziz xatirəsi oxuduğu məktəbdə də anılıb. Şəhidimizin
valideyninin, ibtidai
sinif müəlliminin, sinif rəhbərinin və məktəb şagirdlərinin iştirakı ilə
keçirilən görüşdə igid Vətən oğlunun məktəb illərinə, döyüş yoluna nəzər
salınıb, şəhidimiz haqqında olan xoş xatirələr şagirdlərə çatdırılıb. Qazax Rayon İcra Hakimiyyəti başçısının
müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənovanın,
Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlının, şəhid bacısı Hicranə Məmmədovanın
və məktəb kollektivinin iştirak etdiyi tədbirdə şəhidimizə
həsr olunmuş şeirlər səslənib, əziz xatirəsi dərin ehtiramla yad olunub.
Qazax
Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək şəhidimizə Allahdan rəhmət,
valideynlərinə səbir diləyib. Şəhidimizin ruhu və valideynləri qarşısında hər
birimizin baş əydiyini vurğulayıb. Ölkə Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli
Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan müavin həmin qələbədə
payı olan Mayis kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini
bildirib. Mayis kimi qəhrəmanlarımızın hesabına torpaqlarımızın bütövlüyünün
bərpa olunduğunu söyləyən müavin 44 günlük savaşda əldə
etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, yaralı qazilərimizə bir ömür boyu
borclu olduğumuzu bildirib. Gələcək nəsillərin şəhidlərimizin döyüş yolunu
öyrənərək vətənpərvər ruhda böyüməsində bu cür anım tədbirlərinin böyük rolu
olduğunu qeyd edib. Şəhidlərimizə, onların ailələrinə göstərilən dövlət
qayğısından danışan G.Həsənova bugünkü anım tədbirini də həmin qayğının bariz
nümunəsi kimi qiymətləndirib. Rayon
Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək Vətən uğrunda canından
keçən şəhidlərimizin Vətən, torpaq naminə göstərdikləri qəhrəmanlıqların məktəblilər
üçün nümunə olduğunu söyləyib. Yetişməkdə olan gənc nəsli vətənpərvər ruhda
böyütməli olduğumuzu diqqətə çatdırıb. Şəhid bacısı Hicranə Məmmədova çıxış edərək qardaşı
Fidat Məmmədovla, eləcə də bütün şəhidlərimizlə, Mayis kimi oğullarımızla fəxr
etdiyini, şəhidlərimizin valideynləri qarşısında baş əydiyini bildirib. 44 gündə
Azərbaycanı qalib ölkə kimi bütün dünyaya tanıdan Mayis kimi oğullarımızın,
bütün şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə
yaşayacaqlarını söyləyib. Şəhid atası Rəhim Yaqubov övladına
göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev başda olmaqla,
rayon rəhbərliyinə minnətdarlığını bildirib. Pandemiya və müharibədən sonra məktəblərdə
keçirilən ilk dərsin övladına, eləcə də Vətən müharibəsi şəhidlərinə həsr
olunmasını yüksək qiymətləndirib. Bu tədbirin təşəbbüskarı olan Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkür edib. Bugünkü anım tədbirini
rayon rəhbərliyinin şəhidlərimizə olan növbəti qayğısı kimi dəyərləndirib.
Övladının daim qəlblərdə yaşaması üçün bu cür anım tədbirlərini təşkil edən və əməyi
keçən hər kəsə razılığını ifadə edib. Sonda məktəblilər şəhidimizə həsr olunmuş
şeirlər söyləyərək ona olan ehtiramlarını bildiriblər. Şəhid Mayis Yaqubov 20 aprel 1998-ci ildə Qazax rayonunun Daş Salahlı
kəndində anadan olmuşdur. 2004-cü ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2
nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. Mayis Yaqubov 2012-ci ildə oxuduğu məktəbin səkkizinci sinfini bitirərək ən yüksək balla Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 3 il sonra təhsilini başa vurub. Sonrakı illərdə hərbi təhsilinin artırılması qayğısına qalıb. Bu məqsədlə də 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. Naxçıvan Muxtar
Respublikasında yerləşən "N” saylı hərbi hissədə leytenant rütbəsində xidmətə
başlamışdır. "N” saylı hərbi hissənin 2-ci xüsusi təyinatlı bölüyünün 1-ci
xüsusi təyinatlı qrupunun komandiri olan leytenant Mayis Yaqubov 17 oktyabr
2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən
döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid
leytenantımız 22.10.2020-ci il tarixdə Daş Salahlı kəndində yerləşən Şəhidlər xiyabanında
dəfn edilmişdir. Subay idi. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda
Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan leytenantımızın
göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək
qiymətləndirildi. Döyüş yoldaşlarının "Əjdaha” ləqəbi ilə çağırdığı 22 yaşlı
kəşfiyyatçı leytenant Mayis Yaqubov ölümündən sonra cənab Prezidentin 15 dekabr
2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci
il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə”, 30 dekabr
2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur. Bəli, bu gün Mayis Yaqubov kimi qəhrəman oğullarımızı yad etmək,
xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. Bizlər də Mayis Yaqubovun
timsalında bütün şəhidlərimizi ehtiramla yad edir, ruhu qarşısında baş əyirik.
Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu!. GOYEZEN.AZ
Facebook-da paylaş