Qazaxda icra başçısı “Əjdaha” ləqəbli kəşfiyyatçı leytenant Mayis Yaqubovun doğum gününü ailəsi ilə birlikdə qeyd edib
2020-ci ilin 27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşında uzun illər Qələbənin, Zəfərin başlanğıc tarixi kimi xatırlanacaq. Məhz 27 sentyabrdan başlayan haqq savaşımız bizi sonunda böyük Qələbəyə apardı. Uzun illərin həsrətinə son qoyan 44 günlük Zəfərimiz əks-sədası ilə bütün dünyaya səs saldı. Rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixində nümunə göstəriləcək əsl qəhrəmanlıq dastanı yazdı. Böyük Qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşmənə layiqli yerini göstərdi. İgid Vətən oğulları döyüşdə göstərdikləri şücaətlə sübut etdilər ki, "Qarabağ Azərbaycandır!”, "Qarabağ bizimdir!”.
İllər ötsə belə 44 gün davam edən Vətən müharibəsinin hər gününü bizlərə Qələbə sevinci ilə bəxş edən oğullarımızı hər zaman yad edəcəyik. Çünki Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq bizim hər birimizin borcudur.
Doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşaraq əsl qəhrəmanlıq nümunəsi göstərən Vətən müharibəsinin qəhrəmanlarından biri də "Əjdaha” ləqəbli kəşfiyyatçı leytenant Yaqubov Mayis Rəhim oğludur.
Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalmış Mayis Yaqubovun bu gün 23 yaşı tamam olur. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun doğum gününü ailəsi ilə bərabər hər kəs qeyd edir, şəhidimizə olan sonsuz ehtiramını bildirir.
Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman örnək götürülür. Rayon rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır. İlk gündən əsası qoyulan ənənə bu gün də davam etdirilir.
Öz ənənəsinə sadiq qalan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış "Əjdaha” ləqəbli kəşfiyyatçı leytenant Mayis Yaqubovun da doğum gününü unutmayıb. İcra başçısı şəhidimizin doğulduğu Daş Salahlı kəndinə gələrək igid Vətən oğlunun 23 yaşını ailəsi ilə birlikdə qeyd edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, həmin şöbənin baş məsləhətçisi Teybə Hüseynova, RİH başçısı aparatında yeni yaradılmışVətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov, şəhidimizin vaxtilə oxuduğu Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Ulduz Mancanov, sinif rəhbəri Rasim İsayev və ailə üzvləri ilə birlikdə şəhidimizin doğum günündə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıb.
Şəhidimizin ruhuna dua oxunduqdan sonra rayon rəhbəri və qonaqlar Mayis Yaqubovun ata ocağına gələrək Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.
Mayis Yaqubov kimi oğullarımızın daim qəlblərdə yaşayacağını söyləyən icra başçısı Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Mayisin xatirəsinin daim əziz tutulacağını bildirib.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən söz açan icra başçısı həmin qələbədə payı olan Mayis kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Rayon rəhbəri Şəhidlik zirvəsinə ucalan Mayisin təkcə qazaxlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir qazaxlının qürur duyduğunu vurğulayıb.
Rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər birimiz üçün nümunə olduğunu bildirib. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını qeyd edib. "Şəhidlərimizi, onların ailələrini yad etmək bizim vətəndaşlıq borcumuzdur. Bu gün mən də özümə borc bildim ki, qəhrəman leytenantımızın doğum gününü sizlərlə birlikdə qeyd edim” - deyən icra başçısı şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib. Şəhidimizin doğum günündə bugünkü ziyarətin də məhz bu amala xidmət etdiyini diqqətə çatdırıb.
Şəhid atası Rəhim Yaqubov şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun doğum günündə onun xatirəsinin yad olunmasını Mayisin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid atası kimi oğlu Mayis və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib.
Leytenant Yaqubov Mayis Rəhim oğlu
Şəhid Mayis Yaqubov 20 aprel 1998-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2004-cü ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. Mayis Yaqubov 2012-ci ildə oxuduğu məktəbin səkkizinci sinfini bitirərək ən yüksək balla Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 3 il sonra təhsilini başa vurub. Sonrakı illərdə hərbi təhsilinin artırılması qayğısına qalıb. Bu məqsədlə də 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. Naxçıvan Muxtar Respublikasında yerləşən "N” saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başlamışdır.
O, təhsildə olduğu kimi, xidmətdə də hər zaman fərqlənmiş, nümunəvi kəşfiyyatçımız 26 iyun 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdur.
"N” saylı hərbi hissənin 2-ci xüsusi təyinatlı bölüyünün 1-ci xüsusi təyinatlı qrupunun komandiri olan leytenant Mayis Yaqubov 17 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə hərbi anda sadiq qalaraq, mətinlik və mərdlik nümayiş etdirərək qəhrəmancasına şəhid olmuşdur. Şəhid leytenantımız 22.10.2020-ci il tarixdə Daş Salahlı kəndində yerləşən Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan leytenantımızın göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Döyüş yoldaşlarının "Əjdaha” ləqəbi ilə çağırdığı kəşfiyyatçı leytenant Mayis Yaqubov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.
Bu gün Mayis Yaqubov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. Bizlər də Mayis Yaqubovun timsalında bütün şəhidlərimizi ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu!.
GOYEZEN.AZ
Facebook-da paylaş