Cəsur kəşfiyyatçı
Respublika mətbuatı Qazax haqqında
2020-ci ilin 27 sentyabrı Azərbaycan xalqının yaddaşında uzun illər Qələbənin, Zəfərin başlanğıc tarixi kimi xatırlanacaq. Məhz həmin gün başlayan haqq savaşımız bizi sonda böyük Qələbəyə apardı. Rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixində nümunə göstəriləcək əsl qəhrəmanlıq dastanı yazdı. Böyük Qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu darmadağın edərək döyüşdə göstərdikləri qəhrəmanlıqlarla sübut etdilər ki, "Qarabağ Azərbaycandır!”, "Qarabağ bizimdir!”.
Doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşaraq əsl qəhrəmanlıq nümunəsi göstərən cəsur Vətən övladlarından biri də kəşfiyyatçı leytenant Yaqubov Mayis Rəhim oğludur.
Oktyabrın 22-də müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda aparılan Vətən müharibəsində canından keçən qəhrəman şəhidimizin şəhadətə yüksəlişinin ildönümündə əziz xatirəsi yad edilib.
Vəfatının ildönümünə həsr edilmiş mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı orta məktəbin müəllim və şagirdləri, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.
İgid Vətən oğlunun ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad olunub. Qəhrəman şəhidimizin təltif olunduğu "Şuşanın azad olunmasına görə” medalı atasına təqdim olunub.
Mərasimdə Mayis Yaqubov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-obanın, eləcə də bütöv Azərbaycanın fəxr etdiyi, hər bir azərbaycanlının qürur duyduğu bildirilib. Qeyd edilib ki, şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. Bizlər də Mayis Yaqubovun timsalında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Vətən üçün canını fəda edən Mayis kimi igid Vətən oğullarının döyüşdə göstərdiyi qəhrəmanlıq hər kəs üçün örnəkdir. İllər keçsə belə hər zaman belə qəhrəman oğullarla qürur duyulacaq. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının Qazaxda da rayon rəhbərliyi tərəfindən hər zaman əsas götürüldüyü bildirilib. Bütün şəhid ailələri kimi, Mayis Yaqubovun ailəsinə də dövlət və rayon rəhbərliyi tərəfindən daim diqqət ayrıldığı vurğulanıb.
Şəhid atası Rəhim Yaqubov oğlu Mayis və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edib, qürur duyacağını söyləyib. Şəhid ailəsi kimi onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Oğlunun şəhid olduğu ilk gündən xatirəsinin daim yad olunmasını Mayisin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi göstərib.
Vəli VƏLİYEV,
"Respublika” qəzetinin bölgə müxbiri
26 oktyabr 2021-ci il
Facebook-da paylaş