Bu gün Milli Qəhrəman Alı Mustafayevin ölümündən 30 il ötür
Bu gün Azərbaycanın
elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin
müdafiəsi uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Qazaxlılar
da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik
hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da
belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən
torpaqlarının ərazi bütövlüyü uğrunda 339 nəfər şəhid verib. 7 nəfər igid oğlu
Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması,
yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin
mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası
da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə
görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən
gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş
çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş
lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax
Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən
uğrunda canlarından keçən 339 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə,
bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin
xatirəsinə yaradılan Abidə Kompleksi şəhidlərimizə olan hörmət və etiramı
özündə əks etdirir. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından
keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının
Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq
bir ənənə halını alıb. Bu gün də öz ənənəmizə sadiq qalıb anım günü
olan Milli
Qəhrəmanımız Mustafayev Alı
Mustafa oğlunun əziz xatirəsini ehtiramla yad
edirik. Mustafayev Alı
Mustafa oğlu 14 aprel 1952-ci ildə
Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. 1959-cu ildə Qazaxbəyli kənd
səkkizillik məktəbinə getmiş, 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirmişdir.
1971-ci ildə həqiqi hərbi xidmətə çağrılmışdır. 1973-cü ildə əsgəri xidmətini
başa vurub Bakı Elektrik Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır.
O, zavodda işlədiyi müddətdə "Elektrik" qəzetində tez-tez maraqlı
yazılarla, şeirlərlə çıxış edirdi. Alı Mustafayev
1976-cı ildə zavod həmkarlar təşkilatının və zavod rəhbərliyinin göndərişi ilə
ADU-nun (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə daxil olur.
1981-ci ildə təhsilini başa vurub Azərbaycan Dövlət Teleradio Şirkətinin
"Xəbərlər" proqramında jurnalist kimi faəliyyətə başlayır. Çox keçmir
ki, "İlin ən yaxşı jurnalisti", "Qızıl qələm" mükafatlarına
layiq görülür. İşləyə-işləyə təhsilini davam etdirərək Bakı Ali Partiya Məktəbini
də bitirir. O, çevik, qorxmaz bir telejurnalist idi, qaynar nöqtələrdən
reportajlar hazırlamağa birinci gedirdi. Bir neçə dəfə vertolyot qəzasına düşsə
də, təhlükəli ezamiyyətlərə getməkdən çəkinmirdi. O, neçə dəfə ölümdən
qayıtmışdı. 20 noyabr 1991-ci
ildə Tuğ, Xocavənd, Qaradağlı kəndində törədilən faciələrlə yerində tanış olmaq
üçün gedən hökümət nümayəndələrini aparan hərbi vertolyot erməni terrorçuları tərəfindən
Qarakənd kəndi yaxınlığında vuruldu. Nəticədə 23 nəfər sayseçmə insan faciəli
surətdə həlak oldu. Alı Mustafayev də onların arasında idi. Ailəli idi. Üç oğul
övladı qalıb. Azərbaycan
Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı Fərmanı ilə Mustafayev Alı
Mustafa oğluna ölümündən sonra "Azərbaycanın
Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Bakı şəhərində Şəhidlər
xiyabanında dəfn edilmişdir. Ölümündən sonra "Respublikanın əməkdar
jurnalisti" fəxri adına layiq görülmüşdür. Bakının Nərimanov rayonundakı
202 saylı və Qazax rayonundakı Qazaxbəyli kənd tam orta məktəbləri, Bakı şəhəri
3-cü mikrorayondakı və Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır. 2017-ci ilin aprel
ayının 18-də rayon rəhbərliyi tərəfindən Qazax rayonunun Qazaxbəyli kəndində Alı Mustafayevin xatirəsinə tikilmiş bulaq
kompleksinin təntənəli açılış mərasimi olmuşdur.
Facebook-da paylaş