• Təqvim

  • Maraq



Vətəni canından əziz tutanları unutmağa haqqımız yoxdur

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Vətənə, onun çiçəklənməsinə xidmət etmək, torpağımızı qorumaq hər birimizin vətəndaşlıq borcumuzdur. Gələcəyimiz olan gənc nəsli vətənpərvər ruhda tərbiyə etməliyik ki, torpağımıza, yurd-yuvamıza olan sevgi onların qanına, canına hopsun. Çünki Vətən, sadəcə, müəyyən sərhədləri olan coğrafi bir məkan deyil. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz Vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, uğrunda vuruşmuşlar. Onlar qədim torpaqlarımız üçün canlarından keçib, Şəhidlik zirvəsinə yüksəlmişlər.

Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçən qəhrəmanlarımız bizim qürurumuzdur. Yurdumuzun bütövlüyü naminə canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımız öz əməlləri, qəhrəmanlıqları ilə hər zaman qəlblərdə yaşayacaqlar. Bu zirvəyə ucalan cəsur, igid əsgərləri, qəhrəmanları hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi həyat yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etmək bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcudur.

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi mənfur düşmənin işğalına məruz qalan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 338 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə yaradılıb ki, bu, şəhidlərimizə olan hörmət və etiramın daha bir bariz nümunəsidir.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Rəşad Nəsibovun, kapitan Əmir İbrahimovun, leytenant Elmar Bayramlının, Xəyyam Yaqubovun, İlqar Cəfərovun, Məhəmməd Qəhrəmanovun, Vasif Mehtiyevin, gizir Eyvaz Nağıyevin, Yusif Ayvazovun, Şahvələd Qocayevin əziz xatirəsini ehtiramla yad edirik.

Nəsibov Rəşad Hümbət oğlu


Nəsibov Rəşad Hümbət oğlu 1 sentyabr 1984-cü ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1991-ci ildə Məzəm kənd ibtidai məktəbin 1-ci sinfinə daxil olmuşdur. 27 mart 1995-ci ildə Məzəm kəndinin ərazisində quzu otararkən erməni silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Məktəbli idi.

Kapitan İbrahimov Əmir Əsgər oğlu


İbrahimov Əmir Əsgər oğlu 2 sentyabr 1954-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1961-ci ildə Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbə getmiş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin fakültəni bitirmişdir. Mənfur ermənilər yurdumuza hücuma keçən zaman o, da işlədiyi Statistika idarəsindən könüllü olaraq Vətənin müdafiəsinə yollanmışdır. 1994-cü il mayın 23-də Qazax rayonunda yerləşən "Üçgül” adlanan ərazidə düşmən minasına düşərək şəhid olmuşdur.

Leytenant Bayramlı Elmar İsa oğlu


Leytenant Elmar Bayramlı 2 sentyabr 1998-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1 sentyabr 2005-ci ildə Qazax rayon Birinci Şıxlı kənd ümumi orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2016-cı ildə Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirmişdir. 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2020-ci ildə həmin məktəbi bitirmişdir. 2020-ci ildə leytenant rütbəsi almış, Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində "Tağım komandiri” vəzifəsində xidmətə başlamışdır.

Şəhid leytenantımız 29.09.2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 30.09.2020-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi. 

Şəhid Elmar Bayramlı da ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına görə” və "Suqovuşanın azad olunmasına görə”medalları ilə təltif olunmuşdur.

Yaqubov Xəyyam Şəmistan oğlu

 

Yaqubov Xəyyam Şəmistan oğlu 27 iyul 1973-cü ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1980-ci ildə İsmət Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. Həmin ildən 1990-cı ilə kimi Qazax 117 saylı peşə məktəbində qaynaqçı ixtisasına yiyələnmişdir. 1991-ci ildə Qazax Hərbi Komissarlığından hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini "N” saylı Hərbi Hissənin 1-ci taborunda başlamışdır. 3 sentyabr 1994-cü ildə Bala Cəfərlidə gedən döyüşlərdə itkin düşmüşdür. Subay idi.

Cəfərov İlqar Dursun oğlu


Cəfərov İlqar Dursun oğlu 27 fevral 1976-cı ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1983-cü ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1994-cü ildə məktəbi bitirərək Vətənin müdafiəsinə yollanmışdır. Cəfərov İlqar Dursun oğlu 3 sentyabr 1995-ci ildə Ağdam rayonunun Əfətli kəndi ərazisində gedən döyüş zamanı şəhid olmuşdur. Subay idi.

Qəhrəmanov Məhəmməd Maksim oğlu


Qəhrəmanov Məhəmməd Maksim oğlu 3 sentyabr 1966-cı ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1972-ci ildə Kəmərli kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 1982-ci ildə məktəbi bitirmiş, 1983-cü ildə SSRİ-nin Xabarovski şəhərinə hərbi xidmətə yola salınmışdır. 1985-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur.  Hərbidən gəldikdən sonra kənddə müxtəlif işlərdə işləmişdir. 1991-ci ildə Azərbaycan Milli Ordusuna yola salınmışdır. 1993-cü ilin 18 iyulunda Kəmərli kəndində torpaqlarımız uğrunda gedən döyüşdə şəhid olmuşdur. Ailəli idi, bir qızı var.

Mehtiyev Vasif Əhməd oğlu


Mehtiyev Vasif Əhməd oğlu 10 aprel 1973-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1980-1990-cı illərdə Akif Bəbirov adına Xanbağı kənd tam orta məktəbində təhsil almışdır. 1992-ci ildə hərbi xidmətə yola düşmüşdür. 3 sentyabr 1993-cü ildə Kəlbəcərdə gedən döyüşlərdə şəhid olmuşdur.

Gizir Nağıyev Eyvaz Alı oğlu

Nağıyev Eyvaz Alı oğlu 3 sentyabr 1960-cı ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Kürdlər kəndində anadan olmuşdur. 1968-ci ildə yaşadığı kənddə 1-ci sinifə daxil olmuş, 1978-ci ildə həmin orta məktəbi bitirmişdir. 1979-1981-ci illərdə sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndinə gəlmişdir. 1991-ci ildə könüllü olaraq Milli Orduda gizir kimi xidmət etməyə başlamışdır. 18 avqust 1993-cü ildə döyüş zamanı şəhid olmuşdur. Gürcüstan Respublikasının Marneuli rayonunun Kürdlər kəndində dəfn olunmuşdur. Ailəlidir. Bir oğlu, bir qızı var. Hal-hazırda həyat yoldaşı və uşaqları Bakı şəhərində yaşayırlar.

Ayvazov Yusif Süleyman oğlu


Ayvazov Yusif Süleyman oğlu 4 sentyabr 1968-ci ildə Qazax rayonunun Çaylı kəndində  anadan olmuşdur. 1974-cü ildə Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1985-ci ildə həmin orta məktəbi bitirmişdir. 1986-1988-ci illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. 825-ci Hərbi Hissənin II batalyonunda Vətən uğrunda gedən döyüşlərdə iştirak edən Yusif Ayvazov 22 iyul 1993-cü ildə Fərəhli kəndində minaya düşərək şəhid olmuşdur.

Qocayev Şahvələd Məhəmməd oğlu


Qocayev Şahvələd Məhəmməd oğlu 5 sentyabr 1937-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində andan olmuşdur. Şahnabad Nəsibova adına Sarıvəllikənd tam orta məktəbində təhsil almışdır. 10 aprel 1993–cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində şəhid olmuşdur. Ailəli idi.



Facebook-da paylaş