Şəhidlərimizin adını ucuz tutmağa haqqımız yoxdur
Vətəni göz bəbəyi kimi sevən, qoynunda boya-başa çatdığı torpağın hər daşını, qayasını canı bahasına qoruyaraq Şəhidlik zirvəsinə ucalan oğullarımızı yad etmək, xatırlamaq hər birimizin borcu olmalıdır. Vətən, torpaq, millət, xalq yolunda qan tökərək öz tarixinə və xalqının taleyinə qəhrəmanlıq salnaməsi yazan oğullarımız hər zaman bizim baş tacımız, qürur mənbəyimiz olmalıdır. İlk işimiz, vəzifəmiz müqəddəs amal uğrunda Şəhidlik zirvəsinə ucalan, qəhrəmanlığı ilə dastana dönən, ölümsüzlüyü ilə əbədiyyətə qovuşan igid oğullarımızın adlarını yaşatmaq, gələcək nəsillərə tanıtmaq olmalıdır.
Bu gün təəssüf hissi ilə qeyd etmək istəyirik ki, cəmiyyətimizdə bəzi özünü, xalqını, dövlətini, Vətənini, ən əsası da uca məqama yüksələn şəhidlərini tanımayan şəxslərə də rast gəlirik. Aramızda şəhidin adını uca tutmaq əvəzinə, onun, ailəsinin adından öz məkrli niyyətləri, maraqları üçün istifadə edənlər də tapılır. Necə ki, Vətən müharibəsi şəhidi, ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Daş Salahlı kənd sakini, şəhid leytenant Yaqubov Mayis Rəhim oğlunun ailəsi ilə bağlı xoşagəlməz halın şahidi olduq. Son günlər sosial şəbəkələrdə şəhid atasının sözlərinin təhrif olunmuş səs yazısının paylaşılması insanlığa sığmayan bir hərəkət, eyni zamanda, şəhidimizin ruhuna olan hörmətsizlikdir.
Şəhid atası Rəhim Yaqubovun təəssüf hissi ilə qeyd etdiyi bu hal hər birimizi üzür. Şəhidin ailəsinə qarşı edilən bu hörmətsizliyi nə bizlər, nə də şəhidin ruhu bağışlamayacaq.
GOYEZEN.AZ internet portalına müsahibəsində baş verənlərə aydınlıq gətirən şəhid atası bu cür halı pisləyir. Şəhidimizin atası övladı Mayis və onun kimi igid Vətən oğulları ilə fəxr etdiyini, qürurlandığını söyləyir. Şəhid ailəsi kimi hər zaman dövlətin qayğısını hiss etdiyini diqqətə çatdırır. Ailə üzvləri adından onlara və digər şəhid ailələrinə göstərilən qayğıya görə ölkə Prezidentinə, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə razılığını bildirir. Şəhid atası bu cür paylaşımlarla şəhidlərin adlarını ucuz tutmamağı tövsiyə edir.
Şəhid atasının minnətdarlıq və razılıq dolu həmin videosunu təqdim edirik.
Facebook-da paylaş