• Təqvim

  • Maraq



Gün o gün olsun ki...


Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.


Kitabda şəhidimiz əsgər Omarov Elmar Elvar oğlu haqqında yazılmış "Gün o gün olsun ki..." başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...

Gün o gün olsun ki...


Böyük Səməd Vurğunun yazdığı, dilimizin əzbəri olmuş bu misralar qəlbimizin sarı tellərinə toxunur, hər birimizi intiqam almaq havasına kökləyirdi. Ələlxüsus da 30 ildir Qarabağ torpaqları işğal altında olduğu bir dövrdə bu misralar hər birimizin ürəyimizdən keçir, bizi torpaqlarımızın azad olunması uğrunda döyüşlərə səsləyirdi:

Gün o gün olsun ki, qurtarsın dava,
Dağılsın buludlar, açılsın hava.
Alınsın düşməndən intiqam, qisas,
Torpaq nəfəs alıb dincəlsin bir az.

Doğrudan da, müharibələrin son qoyulmasına, sülhə səsləyən bu şeir parçası bizim gündəlik arzu və niyyətimizə çevrilmişdi. 2020-ci ilin sentyabrın 27-nə qədər. Səbr kasasının daşdığı, intiqam məqamının yetişdiyi, azadlıq şərbətinin içildiyi günə qədər.

Haqqında söhbət açdığım Omarov Elmar Elvar oğlu 2001-ci ilin Novruz bayramı günlərində, martın 23-də Qazax rayonunun İkinci Şıxlı kəndində dünyaya gəlmişdi. Bu şeiri də çox eşitmişdi, 2008-ci ildən 2019-cu ilə qədər oxuduğu Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbində. Kim bilir, o zaman ürəyindən nələr keçmişdi? Bilmirəm. Bəlkə də o zamanlar uşaq düşüncəsi ilə bu misralarda tərənnüm edilən arzuların, intiqam atəşinin odunu bir o qədər də dərindən hiss etməmişdi. Bəlkə də...

Amma 2019-cu ilin 3 iyulunda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılandan sonra bu misralardakı yanğı, istək ona daha dərindən bəlli oldu. Ağcabədinin Şükürbəyli kəndində əlinə silah alıb hərbi xidmət etməyə başlayan gündən intiqam hissi ilə alışıb yandı, döyüşüb torpaqlarımızı azad etmək arzusu gəlib keçdi ürəyindən. Həmin məqamı, həmin günü isə gözləməyə çox vaxt lazım olmadı.

2020-ci il sentyabr ayının 27-də ermənilərin növbəti təxribatına cavab olaraq Şanlı Azərbaycan Ordusu əks-hücuma keçdi. Elmar Omarov ön cəbhədə döyüşlərə qatılaraq düşməndən qisas almaq üçün igidliklə vuruşmağa başladı. Bir-birinin ardınca qəhrəman əsgərlərimizlə birlikdə kəndləri, şəhərləri azad edib düşməndən təmizlədilər. Füzuli, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq, şücaət göstərərək adını ölməzlər sırasına yazdırdı.

Atası Elvar kişi, anası Şövkət xanım deyirlər ki, Elmar həmişə döyüşlərdə olduğu üçün onunla tez-tez əlaqə saxlaya bilmirdik. Hər dəfə telefonla danışanda isə böyük ruh yüksəkliyi ilə danışır, hər şeyin yaxşı olacağını deyirdi. Qardaşları Mahmuddan, Eldardan yaşca kiçik olan Elmar böyük ürəyə sahib idi. Ona görə də döyüş meydanlarında mərdliklə vuruşurdu. Füzulinin, Xocavəndin azad olunmasında qorxmaz bir əsgər kimi onun da payı var.

Elmar Omarov sonuncu dəfə Qarabağın üzük qaşı olan Şuşanın azad olunması uğrunda döyüşdü. 8 noyabr 2020-ci ildə - Zəfər günü elan olunduqdan sonra Elmar Omarov 09.11.2020-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. 2001-ci ildə İkinci Şıxlı kəndindən başlayan qısa, lakin mənalı ömür yolu həmin gün Şuşada başa çatdı. Qəhrəman döyüşçü qələbə sevincini dadmadı, zəfər anını görə bilmədi.

İgid Vətən oğlu İkinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir.

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ölümün gözünə dik baxan əsgər Elmar Omarovun göstərdiyi igidlik və şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin imzaladığı 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Xocavəndin azad olunmasına görə","Füzulinin azad olunmasına görə", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən"Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canını qurban vermiş Elmar Omarov kimi qəhrəman oğullarımızla fəxr edirik. Əbədilik zirvəsinə yüksəlmiş, azadlıq, müstəqillik, qəhrəmanlıq simvoluna çevrilmiş şəhidlər hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır!

Gün o gün oldu... torpaqlarımız düşmən işğalında azad edildi. Elmar Omarov isə Şəhidlik zirvəsinə yüksəlib ürəklərə köçdü. Ruhun şad, məkanın cənnət olsun, igid Vətən oğlu!




 

GOYEZEN.AZ



Facebook-da paylaş