• Təqvim

  • Unutma

  • Maraq



Həmişə irəlidə gedirdi


Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.

 

Kitabda şəhidimiz (MAHHXHQ) əsgər Abdullayev Taleh Temraz oğlu haqqında yazılmış "Həmişə irəlidə gedirdi” başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...

Həmişə irəlidə gedirdi

 

Ayağı yer tutandan həmişə irəlidə getmək, birinci olmaq istəyirdi. Həmyaşıdları ilə oynayanda, idman yarışlarında, məktəb tədbirlərində də qabaqda olmağa can atır, birinciliyi əldən vermək istəmirdi. Bu, onun anadangəlmə xüsusiyyətindən, mübarizliyindən irəli gəlirdi. Allah onu birinci olmaq üçün yaratmışdı.

Abdullayev Taleh Temraz oğlu 8 fevral 1993-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində dünyaya gəlmişdi. Qoçaq, mərd, çalışqan idi böyüməkdə olan bu gənc. Evin tək oğlu olduğu üçün ailədə valideynləri, bacısı Günay onu əzizləyirdi.Anası Şəymən xanım oğlunun boy-buxununa baxıb fəxr edir, "Boyuna qurban olum, ay oğul", - deyirdi. Könlündə iftixar hissləri keçirən ananın oğlu böyüdükcə arzuları da böyüyüb boy atırdı.

Atası Temraz kişi birinci Qarabağ savaşında müharibə görmüş, onun od-alovundan keçmiş, müqəddəs Azərbaycan torpaqlarının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdi. Amma o zaman Qarabağı ermənilərdən xilas edə bilməmişdilər. Müharibə veteranı olan Temraz kişi nə biləydi ki, onun vaxtilə düşməndən ala bilməyəcəyi qisası oğlu indi alacaqdır. Hardan biləydi ki...

Abdullayevlərin ailəsində igid bir oğul böyüyürdü - düşməndən qisas alası, bayrağı uca zirvələrə sanca biləsi bir oğul. Elə bir oğul böyüyürdü ki, inam, mərdlik, qələbə təcəssümü kimi. Elə bir oğul böyüyürdü ki, oğul deyirəm sənə.

1999-2010-cu illərdə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbində oxuduğu illərdə Taleh Abdullayev özünü bilikli, intizamlı, qabaqcıl bir şagird kimi göstərmiş, müəllimlərin etimadını qazanmışdı. Orta məktəbdə təhsilini başa vurduqdan sonra, 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, 2012-ci ildə hərbi xidmətini başa vurmuşdu.

Əsgərlikdə olan zaman Talehin hərb sahəsinə marağı yaranmış, gələcəyini bu sahə üzərində qurmağa qərar vermişdi. Mənzilini arzusu olan yoldan salmış, qarşısına çıxan çətinlikləri dəf etmişdi. Ümumiyyətlə, Taleh çox qorxmaz, qoçaq, mətin bir gənc idi.

Taleh Abdullayevin qəlbində olan arzular onu hərb sahəsinə gətirmiş, 2018-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) əsgər kimi xidmətə başlamışdır. Bu yolda çətinlikləri də olmuşdu, uğurları da. Amma nə olur-olsun belə, başladığı yoldan geri dönməmişdi.

Vətən müharibəsi başlayanda Taleh Abdullayev Qarabağın azad edilməsinin onların qismətinə düşdüyünü sevinc hissi ilə qarşılamış, "Bu da Tanrının qisas almaq üçün bizə verdiyi bir fürsətdir" deyə ürəyində sevinmişdi.

Atası danışır ki, Taleh sonuncu dəfə evimizə oktyabr ayının 11-də gəldi. Axşamüstü bizimlə görüşdükdən sonra hərbi hissəyə getdi. Ertəsi günü zəng elədi ki, Füzulidəyəm.

O gündən Taleh Abdullayev Vətən müharibəsinə qatılıb, silaha sarılaraq düşməndən qisas almağa başlayıb. Həmlə taborunun minaatan manqasında əsgər kimi əsl igidlik, vətənpərvərlik nümayiş etdirib. Ən başlıcası isə odur ki, heç vaxt geri çəkilməyib, döyüşə-döyüşə əsgər yoldaşları ilə birlikdə düşmən mövqelərini alıb. Döyüş yoldaşları danışır ki, Taleh arxada olmağı sevməzdi, həmişə irəlidə gedirdi. Bu da bizim hamımıza böyük ruh yüksəkliyi verirdi.

”N” saylı hərbi hissənin heyət nəfəri-atıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Taleh Abdullayev 13 oktyabr 2020-ci il tarixində Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 

Onun cəbhədə göstərdiyi igidlik dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Taleh Abdullayev Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən isə "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimiz kimi, bu gün Taleh Abdullayevin də dəfn olunduğu kənd qəbiristanlığında  dalğalanır üçrəngli Azərbaycan bayrağı - yolunda canlarını qurban verdikləri Bayraq.



 

GOYEZEN.AZ



Facebook-da paylaş