Vətən sevgisi
Qazax Rayon İcra
Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru,
şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan
yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının
qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından
keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və
döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin,
döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab
İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların
şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə
qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad
edilmişdir.
Kitabda şəhidimiz çavuş Veyisli Xaliddin Zərgər
oğlu haqqında yazılmış "Vətən sevgisi” başlıqlı xatirə yazısını oxuculara təqdim edirik... Vətən sevgisi
Vətən
sevgisi onun ürəyində uşaq yaşlarından yaranmağa başlamışdı. Bu da düşmənlə sərhəd
bölgəsində doğulmağından, körpəliyindən güllə səsləri eşitməyindən irəli gəlirdi.
1991-1994-cü illərdə Birinci Qarabağ savaşında Qazax şəhəri və kəndləri mənfur
erməni quldur dəstələri tərəfindən fasiləsiz atəşə tutulurdu. Qazaxın bir neçə
kəndində dinc sakinlərə qarşı edilən erməni vəhşiliklərinin canlı şahidi olmuş
balaca Xaliddin elə həmin vaxtlardan vətənpərvər bir Azərbaycan gənci kimi düşmənə
qarşı qisas almaq arzusu ilə yaşayırdı. Veyisli Xaliddin Zərgər oğlu 14 sentyabr 1981-ci ildə Qazax şəhərində zəhmətkeş
bir ailədə anadan olmuşdur. O, 1987-ci ildə Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta
məktəbdə təhsil
almağa başlamış, 1998-ci ildə bu məktəbdən məzun olmuşdur. Məktəb illərində
idmanla məşğul olmuş, karate idman növü üzrə yüksək nəticələr əldə etmişdir. Zəhmət
adamı olan Zərgər kişi oğlu haqqında dedi: -
Xaliddin çox təmiz ürəkli, böyük-kiçik yeri bilən, xeyirxah, ən başlıcası isə vətənpərvər
idi. Bacarıqlı və işgüzar olduğu üçün əlindən hər iş gəlirdi. Xaliddin
Veyisli 2009-cu ildə hərbi məktəbdə təhsil alaraq həmin ildən hərbçi kimi
"N" saylı hərbi hissədə fəaliyyətə başlamış, qulluq vaxtı daim
nizam-intizam qaydalarına riayət etmiş, döyüş hazırlığına və qüsursuz xidmətə
görə müdafiə naziri və hərbi hissə komandirləri tərəfindən medallara və fəxri fərmanlara
layiq görülmüşdür. O, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan
Respublikası Müdafiə Nazirinin 0107 №-li 24 iyun 2013 il tarixli Əmri əsasında "Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", Azərbaycan
Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin
0190 №-li 26 iyun 2018-ci il tarixli Əmri əsasında "Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley, habelə Azərbaycan
Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 iyun 2018-ci il tarixli Əmri əsasında"Qüsursuz
xidmətə görə" 3-cü dərəcəli medallarla təltif olunmuşdur. Həmin
müddətdə bir neçə dəfə fəxri fərman da almışdır. Xaliddin
Veyisli uzun müddət hərbi həkim - feldşer kimi fəaliyyət göstərmiş, qızğın
döyüşlərdə bir neçə yaralı hərbçimizi öz canı bahasına döyüş meydanından
çıxararaq həyata qaytarmışdır. Vətən, millət və bayraq sevgisi onun üçün hər
şeydən öncə gəlmiş, tapdaq altında olan torpaqlarımızı düşməndən azad etmək həmişə
onun ən böyük arzusu olmuşdur. Vətən
müharibəsinin başlanması Xaliddin Veyislinin ürəyində illərdən bəri kök atmış
düşmənə qarşı olan intiqam hissini daha da alovlandırdı. Artıq bu arzusunu gerçəkləşdirmək
üçün fürsət yaranmışdı. Xaliddin
Veyisli 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsi başlayan zaman döyüşlərə
Daşkəsən-Kəlbəcər istiqamətində qatılmışdır. 10 gün həmlə taborunun manqa
komandiri olan Xaliddin düşmənlərin arasında kəşfiyyat aparmış, verilən
tapşırığı layiqincə yerinə yetirmişdir. Daha sonra cənub istiqamətində döyüşlərdə iştirak etmiş, Cəbrayıl, Füzuli
rayonlarının bir sıra kənd və yüksəkliklərinin alınmasında qəhrəmancasına döyüşərək
iştirak etmişdir. Anası Natella xanım danışır: -
Xaliddin arabir evə zəng edib bizimlə əlaqə saxlayırdı. Bir-iki kəlmə hal-əhval
tutandan sonra ən çox şəhər və kəndlərimizin azad edilməsindən, Azərbaycan
xalqının qisasının alınmasından fəxrlə danışırdı. Fikri təkcə torpaqlarımızın
alınmasında idi. Onunla
bağlı kövrək məqamlardan birini də şəhidin qardaşı Xəqani danışır: -
Xaliddin oxuduğu Qazax şəhər 1 nömrəli orta məktəbin həyətində sinif yoldaşları
ilə birlikdə xatirə bulağı tikdirmişdi. Bulağın açılışında Xaliddin sinif
yoldaşlarına müraciətdə "Əgər mən şəhid olsam, bulağa mənim adımı
yazarsınız", - deyib. Bacısı Xəyalə Xaliddinlə fəxr etdiyini deyir: -
Hər yerdə məni qoruyan, arxamda dağ kimi dayanan qardaşım bu gün Vətən yolunda
öz canından keçib şəhidlik məqamına yüksəldiyi üçün Azərbaycan xalqının qürur mənbəyinə
çevrilib. Həmlə
taborunda manqa komandiri olan çavuş Xaliddin Veyisli Qubadlının alınması
uğrunda 26 oktyabr 2020-ci il tarixdə gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq
şəhidlik şəhadətinə yüksəlmiş, Qazax şəhərindəki Şəhidlər qəbiristanlığında dəfn
edilmişidir. Ailəli idi, övladları Jalə ilə Fəqan ondan yadigar qalmışdır. Çavuş
Xaliddin Veyisli ölümündən sonra Azərbaycan Respublikasının ərazi bötüvlüyünün
təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə
qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyinə görə Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən "Vətən uğrunda", Azərbaycan Respublikası ərazilərinin
işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və
fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş
etdirdiyinə görə 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə
fərqlənməyə görə", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin
azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
GOYEZEN.AZ
Facebook-da paylaş