• Təqvim

  • Maraq



Vətən müharibəsində Daxili Qoşunların ilk şəhidi kimi adını tarixə yazdı...

Şəhidlərimiz
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsində əsl qəhrəmanlıq nümunələri göstərərək, dəmir yumruqla erməni işğalçılarının başını əzərək, düşməni diz çökdürən hərbi qulluqçularımızın şərəfli döyüş yolunu öyrənmək və cəmiyyətdə geniş təbliğ etmək hər birimizin vətənpərvərlik borcudur.
Vətən uğrunda son damla qanınadək döyüşərək şəhidlik zirvəsinə ucalmış cəsur silahdaşlarımızdan biri də gizir Abdullayev Sərxan Elxan oğludur.
Gizir Sərxan Abdullayev 1988-ci il noyabrın 2-də Qazax şəhərində hərbçi ailəsində anadan olub. Elxan Abdullayevin və Surayə ananın böyüdüb tərbiyə etdiyi üç oğul övladından (Sərxan, Elman və Murtuzəli) biri, həmçinin, ailənin ilki idi Sərxan...
Orta təhsilini Qazax şəhərindəki Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseydə alıb. Müddətli həqiqi hərbi xidmətini 2007-ci ilin yanvar ayından 2008-ci ilin iyul ayınadək Daxili Qoşunların Bakıda yerləşən "N” saylı hərbi hissəsinin komendant bölüyündə keçib. Qısa fasilədən sonra, yəni 2008-ci ilin noyabr ayından Daxili Qoşunların Zaqatala rayonunda yerləşən "N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən Vətənə olan borcunu yerinə yetirməyə başlayıb. Hərbçi kimi atasının yolunu davam etdirmək arzusunda olan silahdaşımız xidmət etdiyi dövrdə Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbində (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbi) təşkil olunan 6 aylıq "Gizir hazırlığı kursu”nu bitirməyə müvəffəq olub.

"Gizir” hərbi rütbəsində yenidən qoşunların Zaqataladakı "N” saylı hərbi hissəsində xidmətini davam etdirən S.Abdullayev 2013-cü ilin fevral ayından etibarən xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda yarımqrup komandiri vəzifəsini şərəflə yerinə yetirib. Bununla yanaşı, Sərxan əsl xüsusi təyinatlıya xas olan yüksək döyüş hazırlığı və əzmkarlığı ilə qazandığı "Zoğalı beret”i də hər zaman böyük qürur hissi ilə daşıyıb.
S.Abdullayev 2014-cü ilin sentyabr ayından dekabr ayınadək qardaş Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Komando Məktəbləri və Təlim Mərkəzi Komandanlığında "Gizir komando təməl kursu”nu müvəffəqiyyətlə bitirib və ona müvafiq sertifikat verilib.
Nümunəvi yarımqrup komandiri kimi bilik və bacarığı sayəsində böyük rəislərin etimadını və tabeliyində olan şəxsi heyətin hörmətini qazanmağı bacarıb. Həmçinin, xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı və qüsursuz xidmətilə fərqlənən cəsur hərbi qulluqçumuz "Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib, eləcə də hərbi hissə komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb.
Daxili Qoşunların "N” saylı hərbi hissəsində "Qartal” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri, "Zəfər” ordeni, "Şuşanın azad olunmasına görə” və "Şücaətə görə” medalları ilə təltif edilmiş mayor Sahib İbrahimov (Vətən müharibəsi zamanı Cəbrayıl rayonu ərazisində gedən döyüşdə yaralanıb) vaxtilə birgə xidmət etdiyi yarımqrup komandirinin nümunəvi xidmətini bu gün də böyük qürur hissi ilə qeyd edir: "Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində dəstəmizin 5 nəfər hərbi qulluqçusu qəhrəmancasına vuruşaraq şəhid olub. Onlardan biri də öz igidliyi və vətənpərvərliyi, eləcə də Vətən müharibəsində Daxili Qoşunların ilk şəhidi kimi adını hərb tariximizə qızıl hərflərlə yazan yarımqrup komandiri gizir Sərxan Abdullayevdir.
 
Bir komandir kimi fəaliyyətinə gəlincə, deyə bilərəm ki, ən bacarıqlı yarımqrup komandirlərindən biri olub Sərxan. Qarşıya qoyulan bütün tapşırıqları vicdanla yerinə yetirib. Daxili Qoşunlar üzrə xüsusi təyinatlılar arasında keçirilən yarışlarda dəfələrlə dəstəmizi birinci yerə çıxarıb. Olduqca vətənpərvər, cəsur yarımqrup komandiri kimi şəxsi heyət üçün də hər zaman nümunə olub. Tabeliyindəki hərbi qulluqçulara qarşı tələbkarlığı ilə yanaşı, onlardan qayğısını da əsirgəməyib. Hər zaman şəxsi heyətin yanında olub. Elə döyüşdə də onları tək qoymadı. 
İndiki kimi yadımdadır, sentyabrın 27-dən 28-ə keçən gecə, döyüşöncəsi Camışdağ silsiləsindən Ömər yüksəkliyi istiqamətinə keçid vaxtı 39 dərəcə hərarətinin olması ilə əlaqədar bizim təkidimizə baxmayaraq, Sərxan qəti şəkildə şəxsi heyətlə birgə hərbi əməliyyatlarda iştirak edəcəyini bildirdi və hərəkətə başladı. Bu vaxt mən onu yanıma çağırıb: "Sənin qızdırman var, xəstəsən, hərarətin yüksəkdir. Burda bizi gözlə, hələlik irəliyə getmə” – dedim. Sərxan narazı halda: "Cənab mayor, dəstəmiz döyüşə gedir. Siz mənim yerimdə olsaydınız getməzdiniz?” – deyə sual verdi. Mən cavabımda: "Əlbəttə, mən getməliyəm” dedim. O da qəti şəkildə: "Mən də getməliyəm. Mən də komandirəm. Mənim də şəxsi heyətim var” - deyə fikrini bitirdi və birinci qrupla birgə hərəkətini davam etdirdi. Bu vaxt hər birimiz onun necə vətənpərvər döyüşçü olduğunun bir daha şahidi olduq...”.
28 sentyabr 2020-ci il... Kəlbəcər istiqamətində gedən döyüş Sərxanın son döyüşü oldu. Gizir S.Abdullayevlə eyni qrupun tərkibində bu hərbi əməliyyatlarda yaxından iştirak etmiş "Qartal” xüsusi təyinatlı dəstəsinin cəsur hərbi qulluqçuları - baş çavuşlar Əlvan Hüseynov, Samir Yusibov, Rasim Tahirov və çavuş Şıxəli Məmmədovun qeyd etdikləri kimi, tabeliyində olan şəxsi heyətlə birgə döyüşə qatılan igid komandir ermənilərin xeyli sayda canlı qüvvəsini cəhənnəmə vasil edib. Lakin döyüşün gedişində yaxınlıqlarında düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində aldıqları çoxsaylı qəlpə yarasından gizir Sərxan Abdullayev və onunla birgə vuruşan Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hakim Baxışov qəhrəmancasına şəhid olublar.
 
Gizir S.Abdullayev 2020-ci il sentyabrın 28-də Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında dəfn olunub. Evli idi. Orxan və Turan adlı iki oğul əmanəti yadigar qalıb. 
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli və 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə gizir Abdullayev Sərxan Elxan oğlu (ölümündən sonra) "Vətən uğrunda”"Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qazaxlı şair Cavanşir Rüstəmin qələmə aldığı və şəhid silahdaşımızın qəhrəmanlığını tərənnüm edən şeirin iki bəndini sizlərə təqdim edirəm:
Vətənin qoynunda göz açan insan,
Hər zaman borcludur Vətənə bir can.
Sən də tarix yazdın qanınla, Sərxan!
Ucaldın şəhidlik zirvəsinə sən,
Səninlə fəxr edir bu Ana Vətən!

Olsa da yağılar hər sağın-solun,
Qəhrəmanı olmusan sən Murovdağın.
Başını dik tutsun qoy övladların,
Ucaldın şəhidlik zirvəsinə sən,
Səninlə fəxr edir bu Ana Vətən!
Bundan əlavə, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış  2021-ci ildə işıq üzü görən "Qanları ilə dastan yazanlar"  adlı kitabında yer alan "Biz qisası övladlarımıza qoymamalıyıq” başlıqlı məqaləsində şəhid S.Abdullayevin həyat və döyüş yolu geniş işıqlandırılıb.
Şəhid gizirimizin atası Elxan Abdullayev Birinci Qarabağ müharibəsi veteranı, eyni zamanda ehtiyatda olan gizirdir. Telefon vasitəsilə əlaqə saxlayıb, vətənpərvər ruhda böyüdüb tərbiyə etdiyi qəhrəman övladı barədə xatirələrini qələmə almaq istədiyimi biləndə, bir ata kimi övladları ilə hər zaman qürur duyduğunu dedi: "Sərxan hərbi formanı səliqəli şəkildə elə geyinərdi ki, üzərində bir dənə də ləkə və qırışıq olmazdı. Hərbi formanı daşımaq onun üçün sanki toy-bayram idi. O dərəcədə hərbçi peşəsini sevərdi. Axı, başqa cür də ola bilməzdi. Çünki gözünü açıb hərbi formanı görmüşdü. Hərbçi peşəsinə bağlılıq onda uşaq yaşlarından yaranmışdı.
Hələ kiçik yaşlarında olanda onu tez-tez özümlə hərbi hissəyə aparırdım. Qərargahda döyüş bayrağının yanında silahla dayanan əsgərə, şəxsi heyətə, silah və texnikalara elə diqqətlə baxardı ki...”.
Bu arada qəhərdən bir az söhbətə ara verən Elxan dayı tez də özünü toparlayaraq, Sərxanla bağlı xatirələrini yenidən dilə gətirir: "Olduqca vətənpərvər oğul idi.
Özünə yeni mobil telefon almışdı. Telefonunda ermənilərin Cıdır düzündə qol açıb rəqs etmələrinin videosunu izləməsi ona çox pis təsir etmişdi. Düşmənin bu mənfur hərəkətinə necə əsəbləşmişdisə, təzə aldığı telefonu divara çırpıb qırıq-qırıq etmişdi.
Nə deyim? Bir ata kimi övlad itkisi mənim üçün nə qədər ağır olsa da, şəhid atası adını daşımaq bir o qədər qürurvericidir. Digər oğlum Elman da Vətən müharibəsi iştirakçısıdır. Övladlarımın vətənpərvərliyi ilə fəxr edirəm”. 
 
Onu da qeyd edim ki, Sərxanın qardaşı Elman da hərbçidir. "Kapitan” hərbi rütbəsində olan E.Abdullayev Azərbaycan Silahlı Qüvvələrinin zabiti kimi 44 gün davam edən Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı” ordeni, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” "Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Bundan əlavə, şəhidimizin bibisi oğlu, Daxili Qoşunların Gəncə şəhərində yerləşən "N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq xidmət edən əsgər Arif Tağıyev də Vətən müharibəsi qazisidir. 
Sonda Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çıxışlarının birində şəhidlər barədə səsləndirdiyi çox dəyərli sözləri qeyd etmək istəyirəm: "Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır”.
Vətən uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Sərxan kimi oğullarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.
Allah rəhmət eləsin!
Mayor Anar ƏHMƏDOV,
DİN-in Daxili Qoşunlarının
"Əsgər” qəzetinin redaktoru



Facebook-da paylaş