Şəhidlərimiz
Azərbaycan
Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən
müharibəsində əsl qəhrəmanlıq nümunələri göstərərək, dəmir yumruqla erməni işğalçılarının
başını əzərək, düşməni diz çökdürən hərbi qulluqçularımızın şərəfli döyüş
yolunu öyrənmək və cəmiyyətdə geniş təbliğ etmək hər birimizin vətənpərvərlik
borcudur.
Vətən
uğrunda son damla qanınadək döyüşərək şəhidlik zirvəsinə ucalmış cəsur silahdaşlarımızdan
biri də gizir Abdullayev Sərxan Elxan oğludur.
Gizir
Sərxan Abdullayev 1988-ci il noyabrın 2-də Qazax şəhərində hərbçi ailəsində
anadan olub. Elxan Abdullayevin və Surayə ananın böyüdüb tərbiyə etdiyi üç oğul
övladından (Sərxan, Elman və Murtuzəli) biri, həmçinin, ailənin ilki idi
Sərxan...
Orta
təhsilini Qazax şəhərindəki Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə
məktəb-liseydə alıb. Müddətli həqiqi hərbi xidmətini 2007-ci ilin yanvar
ayından 2008-ci ilin iyul ayınadək Daxili Qoşunların Bakıda yerləşən "N” saylı
hərbi hissəsinin komendant bölüyündə keçib. Qısa fasilədən sonra, yəni 2008-ci
ilin noyabr ayından Daxili Qoşunların Zaqatala rayonunda yerləşən "N” saylı
hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq həqiqi hərbi
xidmət hərbi qulluqçusu kimi yenidən Vətənə olan borcunu yerinə yetirməyə
başlayıb. Hərbçi kimi atasının yolunu davam etdirmək arzusunda olan
silahdaşımız xidmət etdiyi dövrdə Daxili Qoşunların Orta İxtisas Hərbi
Məktəbində (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbi) təşkil olunan 6 aylıq
"Gizir hazırlığı kursu”nu bitirməyə müvəffəq olub.
"Gizir” hərbi rütbəsində
yenidən qoşunların Zaqataladakı "N” saylı hərbi hissəsində xidmətini davam
etdirən S.Abdullayev 2013-cü ilin fevral ayından etibarən xüsusi təyinatlı
dəstənin xüsusi həmlə qrupunda yarımqrup komandiri vəzifəsini şərəflə yerinə
yetirib. Bununla yanaşı, Sərxan əsl xüsusi təyinatlıya xas olan yüksək döyüş hazırlığı və əzmkarlığı ilə qazandığı "Zoğalı beret”i də hər zaman böyük qürur hissi ilə daşıyıb.
S.Abdullayev
2014-cü ilin sentyabr ayından dekabr ayınadək qardaş Türkiyə Respublikası
Jandarm Baş Komandanlığının Jandarm Komando Məktəbləri və Təlim Mərkəzi
Komandanlığında "Gizir komando təməl kursu”nu müvəffəqiyyətlə bitirib və ona
müvafiq sertifikat verilib.
Nümunəvi
yarımqrup komandiri kimi bilik və bacarığı sayəsində böyük rəislərin etimadını
və tabeliyində olan şəxsi heyətin hörmətini qazanmağı bacarıb. Həmçinin, xidmət
etdiyi dövrdə yüksək döyüş hazırlığı və qüsursuz xidmətilə fərqlənən cəsur
hərbi qulluqçumuz "Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif
edilib, eləcə də hərbi hissə komandanlığı tərəfindən dəfələrlə
mükafatlandırılıb.
Daxili
Qoşunların "N” saylı hərbi hissəsində "Qartal” şərti adını daşıyan xüsusi
təyinatlı dəstənin komandiri, "Zəfər” ordeni, "Şuşanın azad olunmasına görə” və
"Şücaətə görə” medalları ilə təltif edilmiş mayor Sahib İbrahimov (Vətən
müharibəsi zamanı Cəbrayıl rayonu ərazisində gedən döyüşdə yaralanıb) vaxtilə
birgə xidmət etdiyi yarımqrup komandirinin nümunəvi xidmətini bu gün də böyük
qürur hissi ilə qeyd edir: "Sentyabrın 27-dən başlayan və 44 gün davam edən
Vətən müharibəsində dəstəmizin 5 nəfər hərbi qulluqçusu qəhrəmancasına
vuruşaraq şəhid olub. Onlardan biri də öz igidliyi və vətənpərvərliyi, eləcə də
Vətən müharibəsində Daxili Qoşunların ilk şəhidi kimi adını hərb tariximizə
qızıl hərflərlə yazan yarımqrup komandiri gizir Sərxan Abdullayevdir.
Bir
komandir kimi fəaliyyətinə gəlincə, deyə bilərəm ki, ən bacarıqlı yarımqrup
komandirlərindən biri olub Sərxan. Qarşıya qoyulan bütün tapşırıqları vicdanla
yerinə yetirib. Daxili Qoşunlar üzrə xüsusi təyinatlılar arasında keçirilən
yarışlarda dəfələrlə dəstəmizi birinci yerə çıxarıb. Olduqca vətənpərvər, cəsur
yarımqrup komandiri kimi şəxsi heyət üçün də hər zaman nümunə olub.
Tabeliyindəki hərbi qulluqçulara qarşı tələbkarlığı ilə yanaşı, onlardan
qayğısını da əsirgəməyib. Hər zaman şəxsi heyətin yanında olub. Elə döyüşdə də
onları tək qoymadı.
İndiki
kimi yadımdadır, sentyabrın 27-dən 28-ə keçən gecə, döyüşöncəsi Camışdağ
silsiləsindən Ömər yüksəkliyi istiqamətinə keçid vaxtı 39 dərəcə hərarətinin
olması ilə əlaqədar bizim təkidimizə baxmayaraq, Sərxan qəti şəkildə şəxsi
heyətlə birgə hərbi əməliyyatlarda iştirak edəcəyini bildirdi və hərəkətə
başladı. Bu vaxt mən onu yanıma çağırıb: "Sənin qızdırman var, xəstəsən,
hərarətin yüksəkdir. Burda bizi gözlə, hələlik irəliyə getmə” – dedim. Sərxan
narazı halda: "Cənab mayor, dəstəmiz döyüşə gedir. Siz mənim yerimdə olsaydınız
getməzdiniz?” – deyə sual verdi. Mən cavabımda: "Əlbəttə, mən getməliyəm”
dedim. O da qəti şəkildə: "Mən də getməliyəm. Mən də komandirəm. Mənim də şəxsi
heyətim var” - deyə fikrini bitirdi və birinci qrupla birgə hərəkətini davam
etdirdi. Bu vaxt hər birimiz onun necə vətənpərvər döyüşçü olduğunun bir daha
şahidi olduq...”.
28
sentyabr 2020-ci il... Kəlbəcər istiqamətində gedən döyüş Sərxanın son döyüşü
oldu. Gizir S.Abdullayevlə eyni qrupun tərkibində bu hərbi əməliyyatlarda
yaxından iştirak etmiş "Qartal” xüsusi təyinatlı dəstəsinin cəsur hərbi
qulluqçuları - baş çavuşlar Əlvan Hüseynov, Samir Yusibov, Rasim Tahirov və
çavuş Şıxəli Məmmədovun qeyd etdikləri kimi, tabeliyində olan şəxsi heyətlə
birgə döyüşə qatılan igid komandir ermənilərin xeyli sayda canlı qüvvəsini
cəhənnəmə vasil edib. Lakin döyüşün gedişində yaxınlıqlarında düşmənin atdığı
minaatan mərmisinin partlaması nəticəsində aldıqları çoxsaylı qəlpə yarasından
gizir Sərxan Abdullayev və onunla birgə vuruşan Müdafiə Nazirliyinin "N” saylı
hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər
Hakim Baxışov qəhrəmancasına şəhid olublar.
Gizir
S.Abdullayev 2020-ci il sentyabrın 28-də Qazax rayonunun Ağköynək kənd
qəbiristanlığında dəfn olunub. Evli idi. Orxan və Turan adlı iki oğul əmanəti
yadigar qalıb.
Azərbaycan
Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli və 29 dekabr 2020-ci il
tarixli müvafiq sərəncamları ilə gizir Abdullayev Sərxan Elxan oğlu (ölümündən
sonra) "Vətən uğrunda” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə
təltif edilib.
Qazaxlı
şair Cavanşir Rüstəmin qələmə aldığı və şəhid silahdaşımızın qəhrəmanlığını
tərənnüm edən şeirin iki bəndini sizlərə təqdim edirəm:
Vətənin
qoynunda göz açan insan,
Hər
zaman borcludur Vətənə bir can.
Sən
də tarix yazdın qanınla, Sərxan!
Ucaldın
şəhidlik zirvəsinə sən,
Səninlə
fəxr edir bu Ana Vətən!
Olsa
da yağılar hər sağın-solun,
Qəhrəmanı
olmusan sən Murovdağın.
Başını
dik tutsun qoy övladların,
Ucaldın
şəhidlik zirvəsinə sən,
Səninlə
fəxr edir bu Ana Vətən!
Bundan
əlavə, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən”
qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış və 2021-ci
ildə işıq üzü görən "Qanları ilə dastan yazanlar" adlı kitabında yer alan "Biz
qisası övladlarımıza qoymamalıyıq” başlıqlı məqaləsində şəhid S.Abdullayevin
həyat və döyüş yolu geniş işıqlandırılıb.
Şəhid
gizirimizin atası Elxan Abdullayev Birinci
Qarabağ müharibəsi veteranı, eyni zamanda ehtiyatda olan gizirdir. Telefon
vasitəsilə əlaqə saxlayıb, vətənpərvər ruhda böyüdüb tərbiyə etdiyi qəhrəman
övladı barədə xatirələrini qələmə almaq istədiyimi biləndə, bir ata kimi
övladları ilə hər zaman qürur duyduğunu dedi: "Sərxan hərbi formanı səliqəli
şəkildə elə geyinərdi ki, üzərində bir dənə də ləkə və qırışıq olmazdı. Hərbi
formanı daşımaq onun üçün sanki toy-bayram idi. O dərəcədə hərbçi peşəsini
sevərdi. Axı, başqa cür də ola bilməzdi. Çünki gözünü açıb hərbi formanı
görmüşdü. Hərbçi peşəsinə bağlılıq onda uşaq yaşlarından yaranmışdı.
Hələ
kiçik yaşlarında olanda onu tez-tez özümlə hərbi hissəyə aparırdım. Qərargahda
döyüş bayrağının yanında silahla dayanan əsgərə, şəxsi heyətə, silah və
texnikalara elə diqqətlə baxardı ki...”.
Bu
arada qəhərdən bir az söhbətə ara verən Elxan dayı tez də özünü toparlayaraq,
Sərxanla bağlı xatirələrini yenidən dilə gətirir: "Olduqca vətənpərvər oğul
idi.
Özünə
yeni mobil telefon almışdı. Telefonunda ermənilərin Cıdır düzündə qol açıb rəqs
etmələrinin videosunu izləməsi ona çox pis təsir etmişdi. Düşmənin bu mənfur
hərəkətinə necə əsəbləşmişdisə, təzə aldığı telefonu divara çırpıb qırıq-qırıq
etmişdi.
Nə
deyim? Bir ata kimi övlad itkisi mənim üçün nə qədər ağır olsa da, şəhid atası
adını daşımaq bir o qədər qürurvericidir. Digər oğlum Elman da Vətən müharibəsi
iştirakçısıdır. Övladlarımın vətənpərvərliyi ilə fəxr edirəm”.
Onu
da qeyd edim ki, Sərxanın qardaşı Elman da hərbçidir. "Kapitan” hərbi
rütbəsində olan E.Abdullayev Azərbaycan Silahlı Qüvvələrinin zabiti kimi 44 gün
davam edən Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətinə görə
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Azərbaycan
Bayrağı” ordeni, "Cəbrayılın azad
olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına
görə” və "Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Bundan
əlavə, şəhidimizin bibisi oğlu, Daxili Qoşunların Gəncə şəhərində yerləşən "N”
saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq xidmət edən
əsgər Arif Tağıyev də Vətən müharibəsi qazisidir.
Sonda
Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin
çıxışlarının birində şəhidlər barədə səsləndirdiyi çox dəyərli sözləri qeyd
etmək istəyirəm: "Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır”.
Vətən
uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Sərxan kimi oğullarımızın əziz
xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.
Allah
rəhmət eləsin!
Mayor Anar
ƏHMƏDOV,
DİN-in Daxili Qoşunlarının
"Əsgər” qəzetinin redaktoru